|
Güney Azərbaycanda böhran - Ərdəbil sement zavodu da bağlandı
Güney Azərbaycanda hökm sürən iqtisadi gərginlik və bazarın durğunluğu istehsal müəssisələrini ardıcıl sıradan çıxarır. Son məlumata görə, Ərdəbil sement zavodunun müdiri Adil Ruhi Ərdəbil valisinə məktub yazaraq zavodun bağlandığını bəyan edib. 
O, bölgədə sementə olan tələbatın azalması, zavodun qonşu vilayətlərin zavodları ilə rəqabət gücündə olmaması və anbarlarda 270 min ton sementin qaldığını qeyd edərək, zavodun bağlanmaq məcburiyyətində qaldığını açıqlayıb. GünAz TV xəbər verir ki, Arta Ərdəbil Sement Şirkəti 1987-ci il iyunun 15-də təsis edilib, zavod bu müddətdə bölgədə inşaat sektorunun sementə olan tələbatını ödəməkdə böyük rol oynayıb.
 
Qeyd edək ki, böhranlı vəziyyət Azərbaycan əhalisinin yaşadığı bölgələrə ciddi təsir göstərib. Üstəlik, Tehranın ayrıseçkilik siyasəti də öz sözünü deyib. Bundan əvvəl Təbrizin İran parlamentindəki millət vəkili Şərqi Azərbaycanda yüksək vergi dərəcəsindən şikayətlənmişdi. “Yanvarın 4-də Büdcə və Planlaşdırma Təşkilatının rəisi və prezident müavininə məktub yazaraq Şərqi Azərbaycanda yüksək vergi dərəcəsinə öz etirazımı bildirdim. Məktubda vergi dərəcəsi səviyyəsinin 13.4 faiz artımına işarə edilib. Bəzi ekspertlər isə bu rəqəmin 24 faiz olduğunu bildirir. Nə üçün Şərqi Azərbaycan əhalisi belə bir ağır vergi ilə üz-üzə qalımalıdır! Bütün bunlar yazdığım məktubda qeyd olunub” deyə Məhəmməd İsmail Səidi “Fars” Xəbər Agentliyinin müxbiri ilə danışıqda deyib.

Azərbaycanlıların tehranlılardan daha çox vergi ödəməsinə etiraz bildirən millət vəkili vurğulayıb ki, belə problemlər yatırımçıların digər vilayətlərə, xüsusi ilə də Tehrana köçməsinə səbəb olduğu üçün bölgəyə ağır iqtisadi zərbə vurur və bu problem getdikcə dərinləşir.
Cia.az