|
Rus politoloqların “Rusiya savaşa qarışmayacaq” açıqlamalarının arxasındakı iki hədəf
Rusiyalı tanınmış politoloq Vadim Dubnov bildirib ki, həm aprel savaşı, həm də dekabrda Azərbaycan-Ermənistan sərhədində baş verən insident sübut etdi ki,  Moskva Azərbaycanla qarşıdurmada heç vaxt Ermənistana kömək etməyəcək. 

“Mövcud situasiyada İrəvanın özünə rəva bildiyi yeganə şey - izafi illüziyalara qapılmamaq və öz əhalisinə bunu kifayət qədər adekvat şəkildə izah eləməkdir. KTMT baş katibi Nikolay Bordyujanın gedən ərəfədə verdiyi son məlum bəyanat isə sadəcə, Ermənistanın artıq neçənci dəfə təkrarlanan KTMT uğursuzluğuna bir təsəlli kimi verilən bəyanat idi. Hətta sonradan bu bəyanata da ermənilərin zərərinə izahat verildi” - politoloq deyib. 

Qeyd edək ki, bu tipli açıqlamalar son zamanlar digər bir sıra rus politoloqların da dilindən səslənir. Bəs, bu cür açıqlamaların arxasında real informasiya, təhlil dayanır, yoxsa əsası olmayan aldadıcı fikirlərdir? Rusiya, KTMT doğrudanmı Ermənistanı müdafiə etməz, yoxsa müəyyən mərhələyədək müdafiə etməsə belə, sonra açıq müdafiəyə keçə bilər?
 
Image result for Politoloq Elçin Mirzəbəyli
 
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, aprel döyüşlərindən sonra Rusiya ekspertləri tərəfindən bu qəbildən olan bəyanatların sayı artıb: “Amma nəzərə almaq lazımdı ki, bütün bunlar Rusiyanın rəsmi mövqeyini ifadə etmir. Son dövrlərdə bu qəbildən bəyanat və açıqlamaların arasında ən çox diqqət çəkəni Nikolay Bordyujanın təsəlli kimi dəyərləndirilən bəyanatı və bu bəyanata verilən izahdır. Qənaətimə görə, belə bəyanatlar, şərh və açıqlamalar iki aspektdən dəyərləndirilə bilər. Rusiyada Azərbaycan üçün Qarabağ məsələsinin həddən artıq həssas məsələ olduğunu, azərbaycanlıların ürəyinə gedən yolun Qarabağdan keçdiyini yaxşı başa düşürlər. Məhz bu amildən istifadə edərək ekspertlər səviyyəsində müəyyən açıqlamalar vasitəsilə Azərbaycanın ictimai rəyində Rusiyaya olan münasibəti də müsbətə doğru dəyişmək istəyirlər. Digər amil isə Ermənistanın siyasi hakimiyyətini və ictimaiyyətini təzyiq altında saxlamaq niyyətilə bağlı ola bilər. Yəni mesaj verirlər ki, Rusiya Ermənistana yardım etməsə, Azərbaycan Ermənistanı məhv edə bilər. Demək istəyirlər ki, Rusiyanın ətəyindən möhkəm yapışmaq və israrçı mövqedən əl çəkmək lazımdır”.
 
Politoloq vurğuladı ki, rus politoloqların açıqlamalarından fərqli olaraq real mənzərə başqa cürdür: “Ermənistan Azərbaycan torpaqlarını Rusiyanın dəstəyi ilə işğal edib və işğal bu gün də davam edir. Bizə isə yalnız ekspertlər vasitəsilə ifadə olunan mülahizələrlə təsəlli verirlər. Unutmaq lazım deyil ki, rus ekspertlərinin açıqlamaları təbliğat xarakterlidir. Təbliğatı isə elə təbliğat kimi də qəbul etmək lazımdır”.
Cia.az