“Həyat yoldaşımı öldürən şəxs onu tanısaydı, vurmazdı.”
Avropa.info xəbər verir ki, bu sözləri Rusiyanın Ankarada FETÖ tərəfindən güllələnərək öldürülən səfiri Andrey Karlovun həyat yoldaşı Marina Karlova deyib.
Ankaraya səfirlik binasındakı əşyalarını toplamaq üçün gələn Marina Karlovaya Sosial Yardımlaşma Vəqfinin fəxri sədri Nevin Gökçək tərəfindən vida ziyafəti təşkil olunub. Vida ziyafətində çıxış edən Karlova həyat yoldaşından danışıb.
“Uşağımız olsun istədik, 13 il övladımız olmadı. 13 ildən sonra uşağımız olduğu üçün çox sevindik. Ərimi öldürən insan onu tanısaydı, heç bir zaman elə bir addım atmazdı. Çox yaxşı ürəkli bir insandı. Həyat yoldaşım namuslu, vətənpərvər bir adam idi. Əslində, bu faciəli hadisənin ən dəhşətli tərəfi evdə onun anasının bizi gözləməsiydi. Mən düşündüm, evə necə qayıdacağam, bu xəbəri ona necə verəcəyəm” deyə Karlova bildirib.
Marina Karlova Türkiyə haqqındakı duyğularını da bölüşüb.
“Türkiyədə hər şey mənə həyat yoldaşımı xatırladır. Gəzdiyimiz küçələr, getdiyimiz yerlər mənə onu xatırladır. Amma bu hadisəni törədən şəxsə görə, bütün Türkiyə haqqında yanlış fikirdə olmaq doğru deyil.”
Karlova hadisəni törədən polis Mövlud Mərd Altıntaşın ailəsinin onun cənazəsinə sahib çıxmamasına təssüfləndiyini deyib.
“Ailəsinin cənazəni qəbul etmədiyini eşidəndə çox təəssüfləndim. Hər kəs Allahın əmr etdiyi kimi basdırılmalıdır. Ailəsi üçün çox üzüldüm, kədər içindədirlər” deyə Karlova qeyd edib.
