|
Hövsana mülki geyimli şəxslər nəzarət edirlər

Yanvarın 19-da Hövsan qəsəbəsindəki 118 saylı orta məktəbin direktoru Qardaşxan Səlimovun bu məktəbdə təhsil alan şagirdləri təhqir etməsindən sonra baş verən kütləvi aksiya gündəmdən düşmür. Aksiya zamanı 21 yaşlı gəncin dünyasını dəyişməsi gərginliyi daha da artırdı.

Hövsan qəsəbəsindəki hazırki durumu öyrənmək üçün sakinlərlə əlaqə saxladıq. Sakinlərin sözlərinə görə, hazırda qəsəbə sakinləri mərhum gəncin yas mərasimi ilə məşğuldur: “Dünən mərhumu dəfn etdik. Bu gün üç mərasimidir. Hamının başı ona qarışıb. Mərhum çox sayılan və hörmətli bir insan idi. Bütün qəsəbə onun yas mərasimindədir. Bu baxımdan, hələlik sakitlikdir. Məktəb direktoru isə məktəbdən uzaqlaşdırılıb və məktəbə buraxılmır”.

Adının çəkilməsini istəməyən qəsəbə sakininin sözlərinə görə, qəsəbəyə hüquq-mühafizə orqanlarının mülki geyimli şəxsləri nəzarət edir: “Mülki geyimdə bir neçə nəfər var, sakitliyə nəzarət edirlər. Ancaq rəsmi formada polis işçiləri gözə dəymir”.

Hövsan sakini deyir ki, onlar mərhumun ölümündə məktəb direktorunu günahkar bilməsə də, baş verən hadisələrə və şagirdlərin təhqir olunmasına səbəb olduğuna görə onu məsul tuturlar: “Ölüm hər yerdə ola bilər, bu evdə də baş verə bilərdi. Buna görə kimsəni günahlandırmırıq. Ancaq valideynləri təhqir etdiyinə görə məktəb direktorunun cəzalanmasını istəyirik”.

Hadisəyə hüquqi qiymət verən hüquqşünas Müzəffər Baxış bildirdi ki, əgər sakinlər məhkəməyə şikayət edərsə, məktəb direktoru məsuliyyətə cəlb oluna bilər: “Əgər hadisə həqiqətən mətbuatda yazıldığı kimi baş veribsə və məktəb direktoru uşaqların yanında o ifadələri işlədibsə, bu, yalnız təhqir kimi qiymətləndirilə bilər. Burada məktəb direktoru şagirdləri çox nalayiq formada təhqir edib, onların şərəf və ləyaqətini alçaldıb. Bu, Azərbaycan qanunvericiliyində nəzərdə tutulduğu kimi, şəxsin şərəf və ləyaqətini alçaltma sayılır. Cinayət Məcəlləsinin 148-ci maddəsi təhqirə görə, cinayət məsuliyyəti nəzərdə tutur. Ancaq Cinayət Prosessual Məcəlləsinə görə, bu əməllər xüsusi ittiham qaydasında təqib olunan əməllərdir. Yəni məktəb direktorunun CM-nin 148-ci maddəsi ilə ittiham olunması üçün sakinlər tərəfindən məhkəməyə müraciət edilməlidir. Daha sonra məhkəmə araşdırmalıdır və həmin şəxsin əməllərində cinayət tərkibi varsa, həmin maddə ilə o şəxs məsuliyyətə cəlb olunur.

Aksiya zamanı bir nəfər gəncin dünyasını dəyişməsinin məktəb direktorunun əməlləri ilə birbaşa bağlılığını iddia etmək hüquqi baxımdan mümkün deyil. Həmin şəxsin sağlamlıq problemləri ola bilər. Ölüm faktını həmin hadisələrlə əlaqələndirmək və kimisə ittiham etmək Azərbaycan qanunvericiliyinə görə qeyri-mümkündür”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov musavat.com-a bildirdi ki, Suraxanı rayonundakı 118 saylı məktəbdə baş verən hadisə Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırılır.