|
Milli Qəhrəmanla Slavyan Universiteti rəhbərliyi arasında qalmaqal
Yanvarın 12-də mediada Bakı Slavyan Universitetinin adı növbəti qalmaqalda hallanıb. Belə ki, Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov Bakı Slavyan Universitetinə gedib, lakin universitet rəhbərliyinin göstərişi ilə içəri buraxılmayıb. O, bu barədə  modern.az saytına məlumat verib. Bakı Slavyan Universitetinə xoş niyyətlə getdiyini, lakin içəri buraxılmadığını açıqlayıb: “Neçə illərdir ki, Goranboy rayonunun Veyisli kənd orta məktəbində direktor işləyirəm. 

İstədim ki, universitetə gəlib uşaqlar üçün maraqlı nümunələr götürüm. Ona görə də vaxtilə təhsil aldığım universitetə baş çəkmək qərarına gəldim. İndiki Bakı Slavyan Universitetinə yollandım. Amma universitetə ayaq basan kimi xoşagəlməz mənzərə ilə rastlaşdım. Mühafizə xidməti universitet rəhbərliyinə məlumat versə də, məni içəri buraxmadılar. “Qəbul etməyin, çıxıb getsin” dedilər. Bu mənzərə mənə o qədər pis təsir etdi ki... Bilə-bilə ki, Milli Qəhrəmanam, bu universitetin məzunu olmuşam, mənimlə insafsızcasına rəftar etdilər".
 
Məhəmməd Həsənov universitetlə bağlı təhsil naziri Mikayıl Cabbarova şikayət edəcəyini deyib. 
 
Image result for Məhəmməd Həsənov

“Yeni Müsavat” qəzeti olaraq məsələ ilə bağlı sözügedən universitetin prorektoru Əbülfəz Nağıyevlə əlaqə saxladıq. O bu hadisənin qalmaqal adlandırılması ilə razılaşmadı: “Mətbuatda yazılır ki, Bakı Slavyan Universitetinin adı qalmaqalda hallanır. Burada qalmaqal olacaq nə var ki, siz ona qalmaqal deyirsiniz? Məhəmməd Həsənov mətbuata düzgün məlumat verməyib. Biz bununla bağlı təkzib vermişik”. 
 
Əbülfəz Nağıyev Milli Qəhrəman adına hörmətlə yanaşdıqlarını və bütün söylənilənlərə rəğmən Məhəmməd Həsənov haqqında heç bir mənfi fikir söyləməyəcəklərini bildirdi: “Biz  Milli Qəhrəmanın şəklini də universitetdə lövhəyə vurmuşuq. Biz milli qəhrəmanlara böyük hörmətlə yanaşan insanlarıq. Onlar bizim fəxrimizdir. Biz onun haqqında heç vaxt pis fikir söyləmərik. Söyləsək də, bunu Allah yuxarıdan görür. Onun müraciətini mühafizə  cavablandırıb.  Ola bilər ki, cavab onun  xoşuna gəlməyib və belə bir açıqlama verib”. 
 
Image result for Slavyan universiteti
 
Prorektor universitetə məxsus şəhər telefonlarının cavab verməməsinə də münasibət bildirdi: “Bəzi saytlar isə qeyd ediblər ki, guya bizim universitetə zəng vurublar, ancaq borcla  bağlı telefonlar işləməyib. Ona cavab olaraq da demək istəyirəm ki, biz artıq rəqəmsal nömrələrə keçmişik. Əvvəlki nömrələri qaytarıb, daha ucuz başa gələn nömrələr almışıq. “599”la başlayan 10 şəhər nömrəmiz var”. 
 
Qeyd edək ki, Qəhrəman Məhəmməd Həsənovun universitetə buraxılmaması ilə bağlı yayılan xəbərlərə BSU-nun rektoru Nurlana Əliyevanın köməkçisi Murad Abidov da “qafqazinfo”ya açıqlamasında münasibət bildirib. O qeyd edib ki, rəhbərliyin bu məsələdən xəbəri yoxdur, çünki Məhəmməd Həsənov onunla görüşə gəlməyib: “Mühafizəçi Məhəmməd Həsənovdan vəsiqə tələb edib, o isə vəsiqəni verməyib. Belə olan halda mühafizəçi prorektor Əbülfəz Nağıyevlə əlaqə saxlayıb. Məhəmməd Həsənova təklif edilib ki, universitetdən tanıdığı biri varsa, onunla bir yerdə universiteti gəzə bilər. Əgər yoxdursa, biz ona bir nəfər verə bilərik. Məhəmməd Həsənov isə bu təkliflərdən imtina edib və özü universiteti tək gəzmək istədiyini bildirərək oradan uzaqlaşıb”.
cia.az