Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bank sektorunun problemlərinə toxunub. Ölkə başçısı bildirib ki, iqtisadiyyata ən böyük zərbə vuran bank sektoru olub: “Keçən il bank sektorunun sağlamlaşdırılması istiqamətində önəmli addımlar atılıb, nəzarət gücləndirilib, şəffaflıqla bağlı tədbirlər görülüb, cəza tədbirləri, inzibati tədbirlər görülüb. Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olub. Ona görə bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq”.
İqtisadçı ekspertlər də bildirir ki, iqtisadiyyata ən böyük çətinliyi məhz bank sektoru yaşadıb.
İqtisadçı ekspert Vüqar Bayramov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu sektorda İki il öncə başlayan problemlər bu gün də davam edir və iqtisadiyyatın digər sahələrinə zərbə vurur: “Bütövlükdə bank sektoru son illər çox problem yaşayıb. 2014-cü ilin sonlarından başlayaraq biz bank sektorunda likvitliyin azalması, problemli kreditlərin artması kimi problemlərin çoxalmasını müşahidə etdik. Bu da təbii ki, gözlənilən idi. Devalvasiya prosesləri daha da sürətləndirdi.
Lakin vətəndaşların ödəmə qabiliyyətinin zəifləməsi də verilmiş kreditlərin geri qaytarılmasında çətinlik yaratdı. Nəticədə bank sistemində aktivlərin azalması və problemli kreditlərin kəskin azalması müşahidə edildi. Bu kontekstdən baxanda bank sektorunun iqtisadiyyata mənfi təsir etməsi doğrudur”.
Iqtisadçının sözlərinə görə, problem təkcə iqtisadi idarəetmə ilə bağlı deyil, həmçinin bəzi bank rəhbərlərinin məlum əməlləri ilə bağlıdır: “Lakin problem təkcə bank aktivləri ilə bağlı deyil. Bank sistemində vəsaitlərin yayınması kimi də problemlər oldu. Beynəlxalq Bankda əvvəlki illərdə baş verənlərdən sonra 2016-cı ildə bank rəhbərliyinin dəyişməsinə, 10 bankın müflis olmasına baxmayaraq problem aradan qalxmadı. O baxımdan ölkə prezidenti tərəfindən 2017-ci ildə bank sisteminin sağlamlaşdırılması, şəffaflığın artırılmasının prioritet olaraq müəyyənləşdirilməsi də ondan xəbər verir ki, bank sektorunda islahatların aparılmasına ehtiyac var”.
Vüqar Bayramov bir daha vurğuladı ki, real sektorun inkişafı birbaşa sağlam bank sektorunun olmasından asılıdır: “Bankların likvitliyinin artırılması olduqca vacibdir. Ona görə də birmənalı şəkildə demək olar ki, bank sistemi sağlamlaşdırılmadan real sektorda və maliyyə sektorunda sabitliyə nail ola bilmərik. Bank sisteminin sağlamlaşdırılmasının prioritet olaraq göstərilməsinin əsas səbəbi odur ki, bank sektoru iqtisadiyyatın mühərrikidir.
Hazırda problemlər çoxdur, likvitlik aşağıdır, bankların əmanətlərlə bağlı öhdəliklərinin yerinə yetirilməsi, problemli kreditlərin geri qaytarılması ilə bağlı problemləri var. Ona görə də məhz bu problemlər 2017-ci ildə bankların sağlamlaşdırılmasını tələb edir. Xüsusilə də problemli kreditlərin həlli ilə bağlı xüsusi proqramın tətbiq edilməsi gündəmdədir. Real sektorda dayanıqlı inkişafın təmin edilməsi birbaşa bankların sağlamlaşdırılması ilə mümkündür".
