|
Hökumət qarlı-çovğunlu havaya hazırdırmı -rəsmi rəylər
Sinoptiklər  Türkiyə və Avropanı cənginə alan soyuq qarlı və şaxtalı havanın bir həftəyə kimi Azərbaycana gələcəyini bildirirlər. Hamıya  məlumdur ki, Azərbaycanda qar yağan kimi bir çox sahələrdə müəyyən problemlər yaşanır.
Maraqlıdır, kommunal xidmət sahələrdə problemlərin yaşanmaması üçün hansı tədbirlər görülür? 
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev dedi ki,  soyuqlara tam hazırdırlar: “”Azərişıq"ın son 10 ildə gördüyü yenidənqurma işləri bütün regionlarda əsaslı dönüş yaradıb. Təbii ki, havaların nə qədər sərt, soyuq keçməsi “Azərişıq”ı qorxutmur. 24 saat şəhər, kənd, qəsəbələr  normal enerji ilə  təmin olunacaq. Təbii ki, indi haradasa bizdən asılı olmayaraq təbiətin şıltaqlığı fəsad törədərsə, onun da operativ qarşısının alınması üçün ciddi hazırlığımız var. Xüsusilə də dağlıq və dağətəyi rayonlarımıza xidmət göstərə biləcək texniki vasitələrin  hazırlığı yüksək səviyyədədir. Abonentlərimizin hətta mənzillərində belə hansısa problemləri yaranarsa, “199" çağrı mərkəzinə zəng edə bilərlər. Bu çağrı mərkəzi 24 saat abonentlərimizin xidmətində olacaq. Biz qara, çovğuna tam hazır vəziyyətdəyik”.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev qarlı günlərdə təbii qazla bağlı heç bir problemin yaşanmayacağını bildirdi: “Gördüyümüz işlər onu deməyə əsas verir ki, soyuqlu, şaxtalı günlərdə də istehlakçılar tələbata və texnoloji rejimə uyğun təbii qazla təmin olunacaqlar. Heç bir məhdudiyyət, problem gözlənilmir”.  
“Azərsu” ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı:  “”Azərsu" Açıq Səhmdar Cəmiyyəti olaraq biz ötən dövrlərdə də, bu ilin dekabr ayında da qarlı-şaxtalı hava şəraiti ilə rastlaşmışıq. Bizim şəbəkələrimiz  24 saat xidmət göstərir. Qarlı günlərdə də abonentlərimiz su ilə bağlı heç bir problem yaşamayacaq". 
“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev qazanxananın iş təminatının əsasən təbii qazdan, elektrik enerjisi və suyun verilişindən asılı olduğunu dedi: “Noyabrın 15-dən payız-qış mövsümünə start veriləndən 4 gün sonra bütün qazanxanalarımız tam rejimdə fəaliyyətə başlayıb. 550 qazanxana və 92 istilik məntəqəsi normal rejimdə fəaliyyət göstərir və heç bir problemimiz yoxdur. Havaların soyuması ilə bağlı da bizim heç bir narahatçılığımız yoxdur. Kəskin soyuqlar düşəndə gücləndirilmiş iş rejiminə keçirik. Qəza təmir xidmətində işçilərin sayını artırırıq. Əslində ciddi bir problem yarana biləcəyini gözləmirik. Çünki xətlərimiz normal işləyir. Amma hər ehtimala qarşı ehtiyatımızı da artırırıq. Qazanxananın iş təminatı əsasən təbii qazdan, elektrik enerjisi və suyun verilişindən asılıdır. Onların verilişində hər hansısa bir problem olmayacaqsa, ”Azəristilik"in bütün qazanxanaları fasiləsiz normal rejimdə çalışacaq".