Ötən ilin ortalarından başlayaraq dünya yeni terror taktikasına şahidlik edir. Ağır tonnağlı yük maşını qaçırılır və toplu insanların məkanına yüksək sürətlə çırpılır. Nəticədə çoxsaylı insan tələfatı baş verir, terroru planlayanlar hədəflərinə çatırlar - əhali küçədə sərbəst gəzməyə belə ehtiyat edir, təşviş içində baş verəcək olaylardan sığortalanmağa çalışırlar.
Bu yolla beynəlxalq terror təşkilatları dövlətlərə təsir göstərir, öz xeyirlərinə olan qərarların verilməsinə nail olmağa cəhd edirlər.
İlk dəfə bu taktikanı - yük maşınından kütləvi qətliam silahı qismində istifadəni Yaxın Şərqi qan çanağına döndərən, şəhərləri xarabazara çevirən İŞİD Fransanın Nitsa şəhərində sınaqdan çıxardı. Yük maşınının sürücüsü öldürmək, əzmək, məhv etmək niyyəti ilə 14 iyulu -Bastiliya qalasının alınması gününü qeyd edən insan kütləsinin üzərinə sürdü. Ağır tonnajlı maşının bayram tədbirinə toplaşmış kütləni əzib keçməsi nəticəsində 77 nəfər öldü. Həmin gündən bəri canlı bombalar vasitəsilə günahsız insanların qana boyanması, metrolarda kütləvi zəhərlənmələr kimi terror aktlarının sırasına daha bir təhlükəli üsul əlavə olundu. Artıq Berlində, Qüdsdə, Türkiyədə də bu üsuldan kütləvi qətliamlar üçün istifadə olunub. Baş verənlər isə terrorun yeni formasıdır.
Azərbaycanda ağır tonnajlı maşınlara dövlət nəzarəti demək olar ki, yoxdur. Varsa da, bu cür olayların qarşısının alınması üçün yetərlidirmi? Azərbaycan belə terrordan sığortalanmaq üçün nə etməlidir?
Sabiq təhlükəsizlik zabiti İlham İsmayıl deyir ki, Fransa, Türkiyə, Almaniya, İsrail kimi güclü təhlükəsizlik sistemi olan dövlətlərdə bu cür hadisələrin baş verməsi onu deməyə əsas verir ki, kimsə belə hadisələrdən sığortalanmayıb: “Kim bilə bilər ki, 15 dəqiqə əvvəl şəhərin bir nöqtəsindən qaçırılan və ya sürücünün əlindən silah gücünə alınan yük maşınını digər bir nöqtədə əhalinin sıx toplaşdığı bir yerə yüksək sürətlə çırpacaqlar? Hər yük maşınını saxlayıb soruşmaq da olmaz ki, hara gedirsən, kimsən, nəçisən? Yalnız əməliyyat məlumatı olarsa, nəqliyyat vasitəsini saxlamaq üçün tədbir görülə bilər. Ümumilikdə iri tonnajlı maşınların elə bombalardır. Yük maşınlarının seçilməsi təsadüfi deyil. Törədiləcək qanlı aksiyasının miqyasının böyük olması üçün belə maşınlardan istifadə edilir”.
İ.İsmayıl deyir ki, Azərbaycan geniş mənada terrorun hədəfində deyil, buna görə də xüsusi olaraq əndişələnməyə ehtiyac da yoxdur: “Ümumilikdə həmişə terrorun hədəfindəyik. Erməni terrorunun, beynəlxalq terrorizmin bir hissəsi olan islam radikalizminin hədəfində olduğumuz aydındır. Azərbaycanı yeri gəldikcə hədələyirlər, təhdid edirlər. Biz hansı siyasəti aparırıq ki, ona qarşı da bir terror törədilsin? Miqyasımız, apardığımız siyasət İŞİD-lə, digər radikal terror təşkilatları ilə xüsusi əkslik deyil. Ona görə də biz hədəfdə deyilik, hədəfdə Avropa, İsraildir. Bizim aviasiyamız İŞİD-i bombalamır ki, bizə qarşı da hansısa addımlar atılsın. Azərbaycanda belə məsələlərin qarşısının alınması üçün konkret struktur var - Dövlət Təhlükəsizliyi Xidməti”.
Azərbaycanda son 2 ay ərzində DTX tərəfindən həyata keçirilən xüsusi əməliyyatlar nəticəsində Bakıda, Səngəçalda, Xaçmazda 4 terrorçu öldürülüb, 5 terrorçu həbs olunub. Belə bir halda mümkün terror təhdidlərindən, aktlarından yayınmaq üçün müvafiq adddımların atılması zərurəti varmı?
İlham İsmayıl deyir ki, vəziyyət daimi nəzarət altındadır: “Azərbaycanda yol kənarlarında qələbəliklə müşayiət olunan tədbirlər keçirilmir. Bakıya gündüz saatlarında yük maşınları buraxılmır. Əgər kütləvi tədbir keçiriləcəksə belə, baş verə biləcək hadisələr haqda ehtimalları dilə gətirib əhalini təşvişə salmağa gərək yoxdur. Həmin tədbirin keçiriləcəyi ərazini qabaqcadan nəzarətə götürürsən, həmin əraziyə gedib gələnlərə xüsusi nəzarət edirsən, bu şəkildə mümkün teraktın qarşısını alırsan. Televiziyalarda hər gün terror aktlarının necə həyata keçirildiyi haqda məlumatlar verilir. İnsanlar instinktiv olaraq müdafiə sistemi seçirlər. Müvafiq strukturlar da gündəlik işləri ilə məşğul olurlar. Bizim xüsusi antiterror dərsi keçməyimizə ehtiyac yoxdur. Bu insanlarda şübhə yarada bilər ki, görəsən, nə baş verir ki, bizə dərs keçməyə təşəbbüs göstərilir”.
cia.az
