|
AŞ PA məruzəçiləri geniş hesabat üçün Bakıya gəlirlər
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin məruzəçiləri Azərbaycana gələcək. Deputatlar Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Ruminiya) yanvarın 12-dən 14-nə kimi Azərbaycanda olacaqlar.

Səfərdə məqsəd ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin qiymətləndirilməsidir. Bu barədə AŞ PA-nin mətbuat xidməti məlumat yayıb.
Məruzəçilərin səfəri “Avropa Sabitlik Təşəbbüsü (ESI)” beynəlxalq QHT-nin “Kürü diplomatiyası-2 ” sənədinin açıqlanması fonunda həyata keçirilir. Sənəddə Azərbaycan nümayəndə heyətinin üzvlərinin AŞ PA-nın bəzi üzvlərinin ələ alınmasına dair fikirlər yer alıb. Söhbət həmin şəxslərin bir neçə il əvvəl Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamənin qəbul edilməməsinə dəstək vermələrindən gedir. Rəsmi Bakı həmin ittihamlara münasibət bildirməyib. Ancaq ayrı-ayrı deputatlar bunu təkzib ediblər.
Hazırlanacaq hesabatda daha nələrin yer alacağı hələ ki məlum deyil. Lakin əvvəlki illərdən fərqli olaraq, son zamanlarda AŞ PA məruzəçilərinin ölkəmizlə bağlı hazırladıqları hesabatdan gözləntilər azalıb. Buna səbəb kimi də bu tipli sənədlərin bəhrəsiz olması, yaxud məruzəçilərin dediklərinin üzərində sona qədər dayanmamaları göstərilir. 
 
Təsadüfi deyil ki, son illərə qədər Azərbaycanın əsasən müxalif düşərgəsi ilin sonunu həsrətlə gözləyir, Avropadan gələcək hər hansı bir hesabatın müsbət nəticələrinə ümid bəsləyirdilər. Amma illər getdikcə, ümidlər puç olduqca bu qurumlar ölkəmiz daxilində nüfuzlarını itirməyə başladılar. Artıq Avropadan gələn istənilən məruzəçinin hesabatı nəinki gündəm, heç kəs üçün maraqlı görünmür.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı avropalı məruzəçilərin Azərbaycana səfərində insan hüquqları və digər sahələrdə iradlarını bildirəcəklərini qeyd etdi: “Planlarında vətəndaş cəmiyyəti ilə görüşün olub-olmaması ilə bağlı hələ dəqiq bir məlumatım yoxdur. Hökumətlə görüşlərində təkliflərlə çıxış edəcəklər. Bu, növbəti adi gəlişlərdən biridir. Başqa heç bir gözləntim yoxdur. Düşünürəm ki, Azərbaycan əleyhinə hesabat hazırlasınlar. Əfv sərəncamının Yeni ildə olmaması da bu gəlişdə tənqidlərin artmasına səbəb olmayacaq. Çünki əfv vermək səlahiyyəti yalnız bir şəxsə məxsusdur. Yəni prezidentin Avropa Şurası və birliyi qarşısında belə bir öhdəliyi yoxdur. Əgər bu bir öhdəlik olsaydı, o zaman Azərbaycan qınanardı. Məruzəçilər bu məsələni yalnız müzakirə edə bilərlər. Siyasi məhbuslarla bağlı onlar zaman-zaman fikirlərini deyiblər, təkliflərini veriblər. Əlahiddə müzakirə olmasa da, hər halda, bu məsələ bir predmet olacaq. Çünki hansı ölkədə bir siyasi məhbus varsa, bu, demokratiya hüquqlarının pozulması kimi qəbul olunur. Bu baxımdan, Azərbaycan hökumətinin nəzərinə nələrisə çatdıracaqlar. Amma ölkədə təkcə siyasi hüquqlar deyil, digər hüquqlar da pozulur. QHT-lər öz hesabatlarını yaya bilmirlər. Layihələr belə hazırlamaqdan məhrum ediliblər. Son illərdə pozulan hüquqlar istiqamətində irəliyə doğru bir addım da atılmayıb. Baş verənlər bir-birinə bağlı proseslərdir. Bütün proseslərin müzakirəsi olmasa da, məruzəçilər bəzi mesajlarını verəcəklər”.
 
Hüquq müdafiəçisi bu tipli hesabatların və beynəlxalq qurumların Azərbaycanda nüfuzdan düşmələrinə də aydınlıq gətirdi: “Maraqlar müxtəlifdir. Ölkədə siyasi, iqtisadi və digər maraqlar var. Müəyyən qrupların da maraqları var. Yəni bu hesabatlar və qurumlar gözdən düşməyiblər. Sadəcə, hərə öz işini görür. Vətəndaş cəmiyyətinin rolu artırılarsa, bu tipli məsələlər də gündəm olar. Bir şeyi diqqətinə çatdırım ki, zamanında Azərbaycan daxilindəki QHT-lərin təsiri hökumətə daha güclü idi, nəinki beynəlxalq təşkilatların. Bunun zaman-zaman şahidi az olmamışıq. İndi beynəlxalq təşkilatlar təzyiq edir, amma Azərbaycandan adekvat cavab yoxdur. Çünki vətəndaş cəmiyyəti iflic duruma salınıb. Heç kəs bu sözlərimdən inciməsin, hazırda fəaliyyət göstərən QHT-lər hökumət, nazirliklər və siyasi partiyalar tərəfindən yaradılanlardır. Müstəqil QHT-lər isə bu üç qüvvə tərəfindən yaradılan qurumların təzyiqinə məruz qalırlar. Nəticədə bu sahələrdə inkişaf yoxdur. İndiki məsələnin kökündə bu amillər dayanır”.