“Ermənistanla Azərbaycan arasında sülh üzrə Bakı Platformasına qoşulan ermənilərin sayının artması Azərbaycanın xeyrinədir. Getdikcə daha çox erməni Azərbaycan torpaqlarının işğalını və Serj Sərkisyan hakimiyyətini pisləyir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu Sərkisyan hakimiyyətinə qarşı sərt çıxış edən və Qarabağ məsələsinin ədalətli həllini istəyən ermənilərin sıralarının genişlənməsini “Yeni Müsavat”a şərh edərkən bildirdi. Ekspert “sülh platformasına qoşulanların çoxunun xaricdə sığınacaq tapmış ermənilər olmasını da təbii saydı: “Başqa cür olması da çətindir. Ermənistanda yaşayaraq, ”torpaqlar Azərbaycana qaytarılmalıdır" deyən erməninin aqibəti yaxşı olmayacaq. Əslində Ermənistanın özündə belə düşünənlərin sayı artır, sadəcə, bu haqda açıq danışmağa qorxurlar. Onlar aydın başa düşürlər ki, növbəti hərbi toqquşma Ermənistanın insani və iqtisadi resurslarını daha çox tükəndirəcək. Ona görə də növbəti müharibə baş verməsin deyə, Azərbaycanla münasibətlərin normallaşdırılması vacibliyini dərk edənlərin sayı artır".
Politoloqun fikrincə, biz elə etməliyik ki, bu cür düşünən ermənilərin sayı artsın: “Bunun üçün həm cəbhədə üstünlüyü əlimizdə saxlamalı və işğalçıya göz dağı verməli, həm də sülh istəyən ermənilərlə müxtəlif məkanlarda dialoq imkanlarını genişləndirməliyik. Düşünürəm ki, Bakıda və Tiflisdə ortaq konfransların, dəyirmi masaların və seminarların sayını artırmaq lazımdır. Bu, ermənilər arasında Azərbaycanla münasibətlərin normallaşdırılması tendensiyasını bir az da artıracaq. Bu cür ermənilərlə dialoq qurduğumuz halda, separatçılığı və işğalı dəstəkləyən ermənilərlə sərt davranmalıyıq”.
E.Şahinoğlu bildirdi ki, bu baxımdan İrəvan və Zəngəzurun geri qaytarılması müzakirələrinin genişlənməsini də normal qarşılamaq lazımdır: “Qoy hamı bilsin ki, Ermənistan qanunsuz olaraq Azərbaycan torpaqlarına iddia edərkən, Azərbaycan tarixi faktlardan və sənədlərdən çıxış edərək qanuni şəkildə indiki Ermənistan torpaqlarına iddia edə bilər. Belə müzakirələr Ermənistanda narahatlıq yaradırsa, bu, bizim xeyrimizədir. Əgər belə iddiaları eşitmək istəmirlərsə, Azərbaycan torpaqlarını geri qaytarmalıdırlar. Əks halda, İrəvan və Zəngəzurun geri qaytarılması, o cümlədən müharibə ehtimalı haqqındakı fikirlərin genişlənməsi ilə üzləşəcəklər”.
Politoloq rəhbəri olduğu “Atlas” Araşdırmalar Mərkəzinin bu mövzuda keçirdiyi sorğunun nəticələrini də Ermənistan hakimiyyətinə ciddi mesaj hesab edir: “2017-cı ildə sülh danışıqlarından irəliləyiş gözləyirsinizmi” sualına respondentlərin 92% “xeyr”, 8% “bəli” cavabını verib. Halbuki ötənilki sorğumuzda eyni suala respondentlərin 86% “xeyr”, 14% “bəli” cavabını vermişdi. Bu nəticə vətəndaşların sülh danışıqlarına inamının ilbəil azaldığını göstərir. 2016-cı ildə bütün səviyyəli danışıqların nəticəsiz qalması da bunun əyani sübutudur. Ötən il “2016-cı ildə müharibə başlaya bilərmi” sualına respondentlərin 56 faizi “müharibə mümkündür”, 23 faizi “müharibə ehtimalı azdır” cavabını vermiş, 21 faiz isə cavab verməkdə çətinlik çəkdiyini söyləmişdi. 1 il sonra keçirilən sorğunun nəticəsinə görə isə cavablardakı nisbət xeyli dəyişib. “2017-cı ildə müharibə başlaya bilərmi” sualına bu dəfə respondentlərin 82%-i “müharibə mümkündür”, 11%-i “müharibə ehtimalı azdır” cavabını verib. Cəmi 7% suala cavab verməkdə çətinlik çəkib. Böyük ehtimalla bir il ərzində cavabda nisbətin dəyişməsi 2016-cı ilin aprelindəki 4 günlük savaşla əlaqəlidir. Digər tərəfdən, böyük dövlətlərin il ərzində Ermənistan hakimiyyətinə təzyiq etməməsi amili də müharibə ehtimalının artması cavabına təsir göstərib. “Münaqişənin ədalətli həllini hansı amil sürətləndirəcək” sualına verilən cavablar isə bunlardır: “Azərbaycan güc tətbiq edəcəyi halda (72%)”, “Ermənistan mərhələli həll” planını qəbul edəcəyi halda (16%)" və “Rusiya Ermənistana təzyiq edəcəyi halda (12%)”. Beləliklə, Ermənistan siyasi dairələri və cəmiyyəti anlamalıdır ki, Azərbaycan vətəndaşları işğala dözməyəcəklər, bunun sonu növbəti hərbi toqquşmadır. Əgər hərbi toqquşma istəmirlərsə, nəticə çıxarmalıdırlar. Ancaq mən Ermənistanın indiki separatçı rəhbərliyindən normal addım gözləmirəm. Ona görə də təzyiq davam etməlidir".
Bir neçə gün öncə 54 yaşlı Ermənistan vətəndaşı Tamella Arzumanyan da Ermənistanla Azərbaycan arasında sülh üzrə Bakı Platformasını dəstəkləmişdi. Bundan əvvəl isə o, şəxsi facebook səhifəsində Azərbaycan Respublikasının hakimiyyətinə açıq müraciət edərək, onu Sarkisyan tiraniyasının izləmələrindən və qanunsuzluqlarından xilas etməyə çağırmış və ailəsi ilə birlikdə ölkəmizə gəlməyə hazır olduğunu bildirmişdi. Ardınca Tamella Arzumanyanı və onun əri Ovanes Torosyanı Ermənistanın milli təhlükəsizlik xidməti saxlamış, bütün qanunları və insan azadlıqlarını pozaraq birtərəfli ifadələrini almışdı. Ermənistan MTX əməkdaşları isə saxlanmış ər-arvada bir daha “Azərbaycan” sözünü dilə gətirməməklə bağlı xəbərdarlıq edib.
Ancaq virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyan xəbər verir ki, iki sutkalıq fasilədən sonra Arzumanyan və əri saytla yenidən əlaqə yarada bilib. Onların sözlərinə görə, müsahibə dərc olunandan sonra onlara müxtəlif güc strukturlarından, o cümlədən Baş Prokurorluqdan hədə-qorxu gəliblər.
O.Torosyanın sözlərinə görə, ölkə prokurorluğunun əməkdaşları ona açıq şəkildə bildiriblər: “Bizə sənin bütün hərəkətlərin, hətta etməyə hazırlaşdıqların belə məlumdur. Sənin və ailən haqqında hər şeyi bilirik, buna görə də harasa müraciət etməzdən əvvəl yaxşı fikirləş. Yadında saxla, xəstə qızın var”.
“Son söhbət zamanı ər-arvada təklif ediblər ki, sayt onların adından beynəlxalq hüquq müdafiə təşkilatlarına və onların İrəvandakı bölmələrinə müraciət etsin. Onlar öz həyatlarına, ailələrinin həyatına görə qorxurlar və ölkədən maneəsiz çıxmaq üçün kömək istəyirlər”-sayt yazır.
Hələlik Azərbaycan XİN məsələyə reaksiya verməyib.
