|
"Orada müəyyən razılaşmalar, anlaşmalar var"

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu: “Rusiya bu gedişlə 3-5 aydan sonra Qərblə masa arxasında əyləşməyə məcbur olsa, sizi əmin edirəm ki, Rusiyaya irəli sürülən tələblərdən biri postsovet məkandakı özünə bağlı rejimləri təhvil verməsi olacaq”.

Bu gün dünya siyasi, iqtisadi, sosial və geosiyasi cəhətdən sürətlə dəyişməkdədir. Bir tərəfdən dünyada bütün parametrlər boyunca qloballaşma getdiyi halda, digər tərəfdə böyük dövlətlərin qarşıdurması güclənməkdədir. Enerji sahəsində baş verən qiymət düşüşü isə bəzi dövlətləri sürətlə kasıblaşdırdığı kimi, bəzi dövlətləri də sürətlə varlandırır. 21-ci əsrin formalaşma dönəmini yaşadığımız hazırkı dönəmdə dünyada və ölkəmizdə baş verən siyasi-iqtisadi, sosial prossesləri Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu ilə müzakirə etdik.

PİA.AZ Ərəstun Oruclu ilə geniş müsahibənin birinci hissəsini oxucularına təqdim edir:

“Barak Obama çoxqütblü dünyaya can atır”

- Təqribən bir ildir ki, daha doğrusu, Rusiya ilə Qərb arasında Ukrayna problemi ortaya çıxdıqdan sonra Azərbaycan-Qərb münasibətlərində gərginlik artmağa başlayıb. ABŞ və Avropa mətbuatı Azərbaycan rəhbərliyini tənqid edir. Lakin bu əvvəllər də baş verirdi. Son bir ildə isə, Azərbaycan tərəfi bu tənqidlərə açıq dözümsüzlük nümayiş etdirir. Buna baxmayaraq ki, Qərb rəsmilərinin Azərbaycanla qarşıdurmadan yayınmağa cəhd etdikləri də hiss olunur. Sizcə, nə baş verir?

- Öncəliklə deyim ki, bu proses son dövrün fenomeni deyil, proses hardasa 2 il əvvəl başladı. Düzdür, ondan əvvəllərdə mütəmadi olaraq fikir ayrılıqları, mübahisələr, ittihamlar olurdu, amma bunlar hardasa ötəri xarakter daşıyırdı. İndi isə bu sistemli olmağa başlayıb və təxminən il yarımdan bir qədər artıqdır ki, bu açıq xarakteri daşıyır. Ona görə ki, fikrimcə, Rusiya ilə Qərb arasındakı münasibətlərin korlanması da məhz həmin dövrə təsadüf edir. Qərb dedikdə nəzərə alaq ki, orada əsas söz sahibi ABŞ və Avropa Birliyidir. Bir sıra hallarda belə iddialar olunur ki, ABŞ Avropa Birliyinə diqtə edir. Məncə belə deyil. Orada müəyyən razılaşmalar, anlaşmalar var. Ayrı-ayrı dövlətlərin fikir ayrılığı ola bilər, amma ümumilikdə Avropa Birliyində geniş spektorda, əsasəndə iqtisadi əməkdaşlıq var. Biz adicə Almanyanın xarici ixracat dövriyyəsini nəzərdən keçirsək görərik ki, Almaniyanın ixracatının hardasa 42-43%-i ABŞ bazarının payına düşür. Digər tərəfdən, ABŞ 2008-ci ildə Barak Obamanın hakimiyyətə gəldiyi dövrdən prinsip etibarıyla bir qütblü dünya sistemindən imtina etmək istəyirdi. Obama həmişə çoxqütblü dünya sistemi tərəfdarı olduğunu da gizlətməyib. Obama bunu BMT Baş Assembleyasının sessiyasında açıq bəyan etmişdi və bu yeni ideya deyildi. Bu ideya hələ Bill Klintonun prezidentliyinin son illərində gündəmə gəlmişdir.


- Daha doğrusu soyuq müharibə bitəndə bir çox tanınmış analitiklər çoxqütblü dünya sisteminin yaranacağını irəli sürmüşdülər.

- Bəli. Daha sonra respublikaçılar gəldilər və 8 il ərzində unipolyar dünya siyasəti yürütdülər. 2008-ci ildən etibarən Rusiya ilə ABŞ arasında çox açıq və səmərəli tərəfdaşlıq mövcud idi. Putinin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra isə Rusiya faktiki olaraq, dünyada alternativ güc iddiasına düşdü və əsas istiqamətini hərbi potensialının gücləndirilməsi olaraq gördü. Putinin Medvedevi əvəz etməsindən sonra Rusiyanın hərbi rəhbərliyi dəyişdirildi, general nazir postuna qaytarıldı. Bu onun göstəricisi idi ki, Rusiyanın siyasi qərarlarda genralitetin və Hərbi Sənayə Kompleksinin sözünün çəkisi artmağa başlayıb. Digər tərəfdən, Rusiya Nazirlər Kabinetinin qərarı ilə 2014-2020-ci illəri əhatə edən Rusiya Hərbi sənayesinin modernləşdirmə proqramı qəbul olundu. 2014-2020-ci illəri əhatə edəcək bu proqramda büdcədən 750 milyard dollar həcmində investisiya ayrılması barədə qərarı qəbul olundu. Bu isə təxminən Rusiyanın illik hərbi büdcəsindən bir dəfə yarım artıq demək idi. Yəni Rusiyanın hərbi büdcəsi faktiki olaraq, iki dəfə yarım artaraq 72-73 milyarddan 175-180 milyarda çatdırıldı.

Paralel olaraq, digər geosiyasi proseslər də getdi. Putin Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyi təşəbbüsünü irəli sürdü və bu artıq postsovet məkanına nəzarətin bərpası demək idi. Şübhəsiz ki, Rusiyanın bu strategiyası Qərblə münasibətlərdə fikir ayrılığı və nəticə etibarilə münaqişə yaratdı. Münaqişənin episentri isə birbaşa postsovet məkanı idi. Çünki artıq Avropa Birliyinin və NATO-nun sərhədləri postsovet məkanınına dayanmışdı. Qərblə Rusiya arasında fikir ayrılığı öncə Suriyada, daha sonra isə Ukraynada yarandı və proses başladı. Ukraynada baş verən proseslər, xüsusən də «Avromeydan» hərəkatı Azərbaycan hakimiyyətində ciddi təhlükə effekti doğurdu. Bu Azərbaycanda Qərbin postsovet məkanına müdaxiləyə hazırlaşması və hakimiyyətlərin dəyişməsi,yenidən rəngli inqilabların baş verməsi olaraq alqılandı. Məhz bu ərəfədə Azərbaycan rəsmilərinin ritorikası dəyişdi. Məsələn, Ramiz Mehdiyev 2013-cü ilin iyun ayında İrana səfər edərkən İran rəhbərliyi ilə danışıqlar prossesində Qərbi ciddi tənqid etdi. Bu barədə məlumatı «İrna» Agentliyi yaydı və rəsmi Bakı bunu təkzib etmədi. Orada Ramiz Mehdiyev açıq şəkildə bildirmişdi ki, İran-Azərbaycan münasibətlərinin inkişafını Qərbin gözü götürmür və buna görə də, Azərbaycanda qarşılıqlıq yaratmaq istəyir. Bundan sonra prezident seçkiləri ərəfəsində ABŞ-ın üçüncü müddət məsələsinə tənqidi yanaşması da Qərb-Azərbaycan münasibələrinə kölgə saldı. Şəxsən mən düşünmürdüm ki, proses və qarşıdurma bu dərəcədə dərinləşə bilər.

Düzdür, bəzi kaspiroloq siyasətçilər, ekspertlər iddia edirlər ki, bu ABŞ-la Azərbaycan arasında qurulmuş bir oyundur. Əgər bu oyundursa, çox təhlükəli oyundur. Hər halda Rusiyada, Belarusda, başqa postsovet ölkələrində bağlanmayan “Azadlıq Radiosu”nun Azərbaycanda bağlanması münasibətlərin nə qədər korlandığından xəbər verir. Nəzərə alsaq ki, “Azadlıq Radiosu” ABŞ-ın Dövlət Katibi Con Kerrinin Azərbaycan prezidenti ilə telefon danışığından 4 gün sonraya təsadüf etdi, o zaman şərhə ehtiyac qalmır. Əslində “Azadlıq Radiosu”nun Azərbaycanda bağlanması Qərbə və Vaşinqtona çox ağır mesajdır. Və biz artıq Vaşinqtonda da adekvat addımlar görürük. Artıq Azərbaycandakı durum Vaşinqtonda ekspertlər səviyyəsində müzakirə olunmağa başlayıb. Demək olar ki, hər gün ABŞ mətbuatında Azərbaycanın ünvanına kəskin məqalələr yazılır və bu tendensiya qarşılıqlı xarakter almağa başlayıb.

“Qərb Azərbaycanla münasibətdə özünü çox təmkinli aparır”


- Bu gün ABŞ və Avropa Birliyi açıq şəkildə bildirir ki, hazırkı geosiyasi savaş dönəmində Azərbaycanın önəmi onlar üçün çox böyükdür. Azərbaycanda sabitliyin hər hansı bir halda pozulması Qərbin maraqlarına sərf edirmi?

- Xeyr, sərf etmir. Ona görə də, Qərb Azərbaycanla münasibətdə özünü çox təmkinli aparır. Fikir vermisinizsə, Vaşinqtonda sonuncu ekspert müzakirələri zamanı yeganə dövlət rəsmisi, Azərbaycana münasibətdə daim tənqidi fikirlər səsləndirən ABŞ Dövlət Katibinin müşaviri Tomas Melia belə Azərbaycana qarşı yumşaq davranaraq bildirdi ki, biz Azərbaycanla strateji tərəfdaşlığın davam etməsində maraqlıyıq.

Şübhəsiz ki, o müzakirələrin açılmasında ABŞ hökümətinin təsiri var idi. Qarşılığında isə Bakıda Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ABŞ-dakı vəziyyət barədə dinləmələr keçirildi. Dinləmələrdə Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin(SAM) rəhbəri açıq şəkildə anti-Amerika çıxış etdi və bir çox deputatlar da kobud şəkildə ABŞ-a qarşı ittihamlar yağdırdılar. Bu isə artıq körpülərin yandırılması kimi başa düşülə bilər.

“Azəbaycan ABŞ-a qarşı defakto açıq savaş elan edib”

- Rəsmi Bakının ABŞ və ya Avropa Birliyi ilə mübarizə aparmaq üçün resursları varmı? Əgər yoxdursa, bu halda rəsmi Bakı nəyə arxalanır?

- Düşünürəm ki, Azərbaycan hakimiyyətində sonuncu prezident seçkiləri ərəfəsində və ondan sonra Rusiya yönlü zümrənin sözünün həcmi və ya qərarlar qəbul edilməsi prosesində təsiri xeyli artıb. Məhz onların təsirinin nəticəsidir ki, bu gün Azərbaycan ABŞ-a qarşı defakto açıq savaş elan edib. Bu nə dərəcədə effektli olacaq və Azərbaycanın dövlət və ictimai maraqlarına nə qədər cavab verəcək, bunu zaman göstərəcək.

- Bəlkə bu hakimiyyətin özünün sabahı baxımından effektlidir?

- Hesab etmirəm. Bu vəziyyət hakimiyyətin özünü də ciddi təhlükə altına atır. Sadəcə hakimiyyətdə konkret bir zümrə var ki, onlar özlərini Azərbaycanda Qərblə yaxın tərəfdaş olaraq görə bilmirlər və məhz şəxsi maraqlarını önə çəkərək ölkənin və hakimiyyətin taleyini risk altına atırlar. Hesab edirəm ki, bu insanlarda Azərbaycanın milli maraqları dominatlıq təşkil eləmir və ona görə də riskə gedirlər. Əgər belə olmasaydı, daha rasional idarəçilik sistemi tətbiq olunardı. Amma onlar özlərini Rusiyanın batan gəmisinə atırlar. Ən azından bir tarix var, 20-ci əsrdə yaşananlar var.

"Siz məni axmaq yerinə qoymusuz, yoxsa özünüzü?"

- Bu gün ABŞ açıq şəkildə Rusiyanı özünün bir nömrəli geosiyasi problemi hesab edir. ABŞ iqtisadiyatı qlobal iqtisadiyyatdır və dünyanın hər yerində olan və bütün dünyanı saran iqtisadiyyatdır. Bu durumda Rusiyanın ABŞ-la mübarizə aparmaq üçün gücü, iqtisadi resursları varmı?

- Ukrayna müstəvisində qarşıdurma başlayanda və Rusiya kobud şəkildə hərbi gücdən istifadə edərək Ukraynaya müdaxilə edəndə mətbuatda dəfələrlə bu barədə fikirlərim olub. Ancaq bunların içindən birini xatırlatmaq istəyirəm: "İndiki zamanda axmaq dövlətlər müharibəni dağda, bağda, şəhərdə aparır. Ağıllı dövlətlər isə banklarda və birjalarda aparır". Rusiyanın vaxtı olsa da, öz iqtisadiyyatını modernləşdirə bilmədi. Bunun da səbəblərindən biri mərkəzləşmiş idarəetmə sistemidir. Boris Yeltsindən sonra əyalətlərə verilən səlahiyyətlər, hətta prezident seçmək səlahiyyətləri kəskin şəkildə alındı. Mütləq mərkəzləşmiş sistem qurulmağa başladı. Putin Medvedevdən sonra ikinci dəfə hakimiyyətə qayıdanda hakimiyyət vertikalı ifadəsini tez-tez işlətməyə başladılar. Belə sistem çevik ola bilməz. Belə sistem nəyə xidmət edir?

Burada bir haşiyəyə çıxmaq istəyirəm. 2003-cü il idi. Səfirliklərin birində bir neçə səfirlərlə müzakirədəydik. Səfirlərdən biri, hansı ki, Azərbaycanda İlham Əliyevin prezident olmasını xüsusi canfəşanlıqla istəyirdi və çox açıq şəkildə səfir etikasından, səlahiyyətlərindən tam kənara çıxaraq İlham Əliyevi müdafiə edirdi. Söhbət zamanı ona bildirdim ki, bu doğru yanaşma deyil. Bununla inkişafımızın qarşısını alırsız. Prosesi buraxmaq lazımdır ki, seçki baş versin və xalqın iradəsi ortaya çıxsın. Cavabında dedi ki, Azərbaycan üçün demokratik inkişaf hələ tezdir amma iqtisadi inkişaf, iqtisadi azadlıqlar mütləq olacaq. Onda mən dedim ki, üzr istəyirəm, məcburam sizə açıq sual verim: "Siz məni axmaq yerinə qoymusuz, yoxsa özünüzü?". Siyasi azadlığın olmaması iqtisadi resurslara nəzarət etmək üçündür. Bu aksiomadır. Dedim, siz düşünürsüz ki, biz doğrudan da axmaq millətik, heçnə başa düşmürük? Hətta orada bu polemika çox sərt mübahisə müstəvisinə keçdi, amma çox təəssüf ki, bu baş verdi.


Rusiyada analoji proses getdi. Azərbaycanın ictimai-siyasi modeli Rusiyanın "xalturnı" modelidir. Deyək ki, sovet illərində "Leninqrad proyekti" deyilən binalar tikilirdi. O binalara hal-hazırda Moskvada, Leninqradda, Sankt-Peterburqda baxsaz görərsiz ki, analoji layihə üzrə Bakıda tikilən binalardan qat-qat səliqəli və keyfiyyətlidir.

- Ən azından Günəşlidə tikilən evlərlə Leninqradda, ya da Kiyevdə tikilən evlər arasında çox böyük fərqlər var...

- Bəli elədir. Günəşlidə, Əhmədlidə tikilən evlər o vaxt, belə demək olarsa, sovet dönəminin "xalturni" modeli idi. İndi isə Azərbaycanda mövcud olan siyasi-iqtisadi model indiki Rusiya modelinin eyni "xalturni" modelidir. Rusiyada hakimiyyət total şəkildə bütün resurslara mərkəzləşmiş şəkildə nəzarət edir. Təsəvvür edin ki, Rusiyada prezident Adminstrasiyasının rəhbəri İqor Seçin birdən-birə “Rosneft” Dövlət Neft Şirkətinin prezidenti olur və bir anda Rusiyanın ən zəngin adamlarından birinə çevrilir. Sual olunur ki, bu necə ola bilir? O, axı heç vaxt biznesmen olmamışdı. Onun var-dövləti bir anda haradan peyda oldu?

Bizdə də eyni sistem mövcuddur, amma bizdə bu model bərbad vəziyyətdə çalışır. Problem bundadır ki, modelin islahatı aparılmır. Ona görə də, Rusiya-Ukrayna qarşıdurmasında Rusiya tərəfi bir-birinin ardınca çox ciddi səhvlərə yol verdi. Ukraynaya hərbi müdaxilə yolverilməz idi. Məsələ burasındadır ki, Ukrayna nə qədər Qərbə doğru getsə belə, Ukrayna-Rusiya münasibəti həmişə yaxın olacaq. Çünki tarixi, mədəni, dini, etnik və iqtisadi bağlılıq var. Ukrayna hansı iqtisadi səviyyəyə çatmalıdır ki, Qərb üçün iqtisadi partnyor olsun. Buna on illiklər lazımdır.

- Yəni Putinin Ukraynaya olan qeyri-adekvat, aqressiv reaksiyası Avropayla heç bir inteqrasiyaya açıq olmamasının açıq göstəricisidir.

- Bəli. Bütün avtoritar-totalitar sistemlərdə analitik iş, ekspert rəyi qəbul edilmir. Baxın ABŞ-da yüzlərlə beyin mərkəzləri var. ABŞ-ın universitetlərindən birində Azərbaycan dilində Azərbaycan kimi kiçik ölkənin siyasətini tədris edən qrup var. İndi təsəvvür edin ki, ABŞ-da Rusiya, Ukrayna, Çin, Avropa üzrə nə qədər beyin mərkəzləri var. Yəni sistemin qeyri-rasionallığının başlıca əlamətlərindən biri də düşünülmüş, planlaşdırılmış, hərtərəfli öyrənilmiş tövsiyələr və nəticələr əsasında kollegial siyasi qərarlarını qəbul edə bilməməsidir və buna avtotarizm yol vermir. Təbii ki, bu halda Rusiya qulaqlarının dibinəcən Ukrayna bataqlığına batmalıydı və batdı. Belə olan halda, həmçinin Azərbaycan iqtidarının da Rusiyanı batıran ABŞ-la bu cür açıq münaqişəyə getməsi heç bir siyasi təhlil predmetinə oxşamır.

“Burada əsas məsələ odur ki, baxır kim-kimlə alver edəcək”

- Bəziləri belə iddia irəli sürürlər ki, “Azadlıq Radiosu”nun bağlanması və Qərblə çalışan QHT sektorunda həbslərin həyata keçirilməsi gələcəkdə ABŞ və Avropa Birliyi ilə masada sövdələşmək üçün lazımdır.

-Düşünmürəm ki, belə bir sövdələşmə olacaq.

- Məndə hesab eləmirəm, amma...

-Bu gün dünyada yeni qlobal düzən formalaşır. O dərəcədə ciddi proseslər gedir ki, bu proseslər fonunda kimlərinsə azad olunması və ya digər məsələlər heç yada da düşmür. Bunlar çox kiçik məsələlərdir. Amma çox təəssüf ki, reallıq budur. Bu gün Azərbaycanın elə simaları həbsxanaya atılıb ki, bu hər birimiz üçün utancdır. Əsla ümumiləşdirmək istəmirəm, amma həqiqət budur ki, Azərbaycan cəmiyyətinin intellektual elitasının önəmli bir hissəsi bu gün həbsxanalardadır. Bu çox acınacaqlı haldır. Əgər hakimiyyət bu utancı məmnuniyyətlə üzərinə götürüb özünü qalib sayırsa və bu insanların taleyi ilə alver aparacağını düşünürsə, onda mən onları məyus etməliyəm. Bu işlərdə yetərincə məlumatlı insan kimi deməliyəm ki, bu baş verməyəcək. Burada əsas məsələ odur ki, baxır kim-kimlə alver edəcək. Rusiya bu gedişlə 3-5 aydan sonra Qərblə masa arxasında əyləşməyə məcbur olsa, sizi əmin edirəm ki, Rusiyaya irəli sürülən tələblərdən biri postsovet məkandakı özünə bağlı rejimləri təhvil verməsi olacaq.


Rusiya çox soyuqqanlıdır bunu edəcək. Rusiya tarix boyu mütəffiqlərini satıb. Çünki Rusiya onlara siyasət aləti kimi baxıb və onda təsəvvür edirəm ki, postsovet məkanındakı hakimiyyətləri hansı faciəvi sonluq gözləyir.

- Sizcə, bugünkü Ukrayna probleminin uzadılması daha çox Rusiyanın, yoxsa Qərbin maraqlarına xidmət edir?

- Düşünürəm ki, bu problemin uzadılması hər iki tərəfin maraqlarına sərf edir. Qərbin maraqlarına ona görə sərf edir ki, bu proses Rusiyanı zəiflədən prosesdir və Rusiya nə qədər çox zəifləyəcəksə, bir o qədər danışığa meylli olacaq. Qərbdə oturuşmuş siyasi təfəkkür bundan ibarətdir ki, bütün münaqişələr sonda masa arxasında bitir.

- Yəni müharibəni diplomatlar başlayıb, diplomatlar da qurtarır.

- Eynən. Ona görə Qərbdə çalışırlar ki, böyük itkilər olmadan bu mərhələ bir qədər tez keçilsin və Rusiya nəhayət danışıqlara hazır olsun. Rusiyaya ona görə sərf edir ki, Rusiyada güclənmiş hərbi maşın mövcuddur və o artıq Putinin mütləq hakimiyyətini qəbul etmir. Hətta deyərdim ki, Hərbi Sənaye Kompleksi ən azı baş nazir postuna iddialıdır. Bu yaxında Rusiya Hərbi Sənaye Kompleksinə yaxın olan Baburinin azərbaycanlı jurnalistə verdiyi müsahibəsini oxudum. Baburi Medvedi hədəfə alaraq bildirir ki, Putin Medvedevi baş nazir postundan uzaqlaşdırmadıqca, Medvedev onun üçün təhlükəyə çevrilir. Eyni zamanda təklif edir ki, bu postu ya KGB Generalı Sergey İvanov, ya da Rusiya hökumətinin baş nazir müavini Dmitri Roqozin tuta bilər. Hər ikisi ultra-millətçidir.

Deməli, Rusiya Hərbi Sənaye Kompleksi artıq hakimiyyətin mərhələ-mərhələ ələ keçirilməsi prosesinə başlayıb. Digər tərəfdən, Kremlin maliyyə oliqarxiyası buna müqavimət göstərəcək. Belə olan halda, nə qədər ki daxildə qüvvələr nisbəti dəyişməyib, o zamana qədər Rusiya üçün Ukrayna prosesinin uzanması vacibdir. Ukrayna problemi həm də ictimai rəyi yayındıran vasitədir. Amma istənilən münaqişənin uzanması hər bir halda münaqişə tərəflərinin vəziyyətinin ağırlaşmasına aparıb çıxarır. İstisna olunmur ki, bu proses davamlı olduqca, Rusiyada üçüncü qüvvə kimi kommunistlər və ya hansısa ultra-milliyətçilər meydana çıxa bilər. Görünür, indiki mərhələdə Rusiyadakı tərəflərin Ukrayna problemini uzatmaqdan başqa seçimləri yoxdur.

“Rusiyanın demokratikləşməsi mümkündürmü?”

- Ümumiyyətlə, Rusiyanın demokratikləşməsi mümkündürmü? Ukraynada baş verənlər gələcəkdə Rusiyanın demokratikləşməsinə yol aça bilərmi?

- Əslinə bu istər Rusiya ətrafındakı kiçik dövlətlər üçün, istər də bizim üçün həyati əhəmiyyət kəsb edən sualdır. Təəssüf ki, bu barədə çox pessimistəm. İqtisadi baxımdan Rusiya kimi geridə qalmış bir dövlət daim təfəkkür nəhəngləri yetişdirib. Dünyanın hər bir yerində Dostoyevski haqqında danışmağı çox sevirlər amma mənə görə Rusiya ədəbiyyatının, tarixinin fikir nəhəngi N.G. Çernişevski və Saltıkov Şedrindir. Saltıkov Şedrinin dahiyanə bir fikri var. Deyir ki: "Mən bu gün ölsəm və 100 ildən sonra dirilsəm, məndən soruşsalar ki, Rusiyada nə baş verir? Düşünmədən deyərəm ki, içirlər və talayırlar".

Bu 100 ildən də artıq bir dövrdə deyilmiş sözdür. Mən indi necə deyim ki, Rusiya 50 ildən sonra yaxşı dövlət olacaq. Mən Saltıkov Şedrinin heç mində biri qədər də deyiləm. (gülür).

Ardı var…