Dünyanı terror dalğası bürüdüyü, bütün ölkələrdə güvənlik tədbirlərinin artırıldığı ərəfədə Azərbaycanda iri plazalardan birində günün günorta çağı adam güllələndi.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə, sürücü - Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan "COBALT" markalı tüfəng götürülüb.
Gündüz vaxtı xarici şirkətlərin ofislərinin, restoranın yerləşdiyi bir binaya silahlı şəxs daxil olub və atəş açaraq adam öldürüb. Lakin qapıdakı mühafizəçi silahlı şəxsin fərqinə belə varmayıb.
Öyrəndik ki, “Dəmirçi Plaza” özəl mühafizə xidməti tərəfindən qorunur. Girişdə hər hansı bir cihaz vasitəsi ilə insanların üstləri yoxlanılmır. Yalnız içəri daxil olanlar üz yoxlamasından keçdikdən sonra, onlara turniketlərdən keçə bilmələri üçün xüsusi kod yazılmış kağız verilir. Daha sonra həmin şəxs asanlıqla yuxarı mərtəbələrə qalxa bilir. Yuxarıda isə qeyd etdiyimiz kimi xeyli sayda ofislər, hətta səfirliyin viza mərkəzi də yerləşir.
Hazırkı şəraitdə bu cür obyektlər nə üçün lazımı səviyyədə qorunmur?
Sabiq polis rəisi Mahmud Hacıyev mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, son 10 ildə bu cür plazalar özəl mühafizə şirkətləri ilə müqavilə bağlamağa üstünlük verirlər: “Sovetlər dönəmində gecə milisi deyilən bir xidmət var idi. Sonradan onun adını dəyişib, mühafizə polisi qoydular. Həmin zamanlar bütün zavodlar, kombinatlar və digər bu kimi müəssisələr onlarla müqavilə bağlayıb, öz mühafizələrini tapşırırdılar. Həmin polis nəfərləri də obyektləri qoruyurdular. Son illərdə isə qeyd etdiyimiz kimi, xüsusilə də xarici şirkətlər özəl mühafizə xidmətlərinə daha çox üstünlük verirlər. Elə özəl mühafizə xidmətləri var ki, onlar bütün təlimatlara uyğun olaraq hərəkət edirlər. Yəni treninqlər keçirirlər, texniki avadanlıqlarla təchiz olunmaları bir yana, fiziki baxımdan da öz üzərilərində işləyirlər. Buna misal olaraq xarici neft şirkətlərini mühafizə edən özəl xidmətləri göstərə bilərik. Özəl mühafizə xidmətinin rəhbərliyində təmsil olunan şəxslər əksər hallarda keçmiş polis əməkdaşları və ləğv olunmuş MTN-nin sabiq əməkdaşları olurlar. Ancaq bu da faktdır ki, son zamanlar sıradan şəxslər də bu kimi mühafizə xidmətləri yaradıblar və onlar, müvafiq yerdə düzgün, lazımı tədbirləri ala bilmirlər. Aydın məsələdir ki, “Dəmirçi plaza”da da mühafizə xidməti aşağı səviyyədə olub. Mühafizə xidməti içəri girənə, çıxana ciddi nəzarət etməlidir. Bundan əlavə, özəl mühafizə xidmətinin sərəncamına böyük monitorlar, kameralar da verilir. Obyekt kameralar vasitəsi ilə də ciddi mühafizə olunmalıdır. Bəzən düşünürlər ki, elə daxilə nəzarət etməklə iş bitir. Əslində isə belə deyil. Daxildə olduğu kimi xaricə də ciddi nəzarət olmalıdır. Əgər özəl mühafizə xidməti oranın qorunmasını boynuna götürübsə, o xaricə də xüsusi nəzarət etməlidir. Çünki ola bilər ki, sən içərini qoruduğun halda, kim isə pəncərədən içəri partlayıcı maddə atsın. Bayır xidməti obyekti 15-30 metr məsafədən mühafizə etməlidir”.
Ekspert bildirib ki, bu cür obyektlərin girişində detektorlar quraşdırılmalıdır: “Mühafizəçilər bir-biriləri ilə rabitə vasitəsi ilə əlaqə saxlamalıdırlar. Yəni bütün imkanlar səfərbər olunmalıdır. Sənin işin budur və xidmət zamanında bunu lazımınca görməlisən. Çox təəccüb olunan haldır ki, bu cür yerdə kimsə əlində tüfəng içəri girib adam öldürsün. İnsanlar mütləq şəkildə xüsusi cihazlardan keçirilməli, üstləri yoxlanmalıdır. Xüsusilə də dünyada terrorun yayıldığı bir zamanda mühafizə xidmətləri ayıq olmalıdırlar. Əgər plaza polislə müqavilə bağlayıbsa, polis də oranın mühafizəsini təşkil etməlidir. Polislə müqavilə yoxdursa, özəl mühafizə şirkətləri işini əhatəli və tam təşkil etməlidir”.
