|
İtkin düşən neftçilərdən hələ də xəbər yoxdur...
Dekabrın 15-də "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsində baş verən qəzada itkin düşən neftçilərin cəsədlərinin  axtarışı hələ də bir nəticə verməyib. Artıq hadisənin üzərindən 25 gün ötür. 

Bu müddət ərzində itkin düşən 9 neftçidən heç bir xəbər yoxdur. İki gün öncə neftçilərin axtarışı ilə bağlı yaradılan qərargah məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
 
Qərargahdan verilən məlumata görə, hazırda axtarış-xilasetmə əməliyyatlarının aparıldığı ərazidə küləyin sürətinin güclənməsi, dalğanın hündürlüyünün artmasına baxmayaraq, əməliyyatlar dənizdə və sahilboyu ərazilərdə fasiləsiz olaraq həyata keçirilir: "Pis hava şəraiti kiçik həcmli gəmilərin hərəkətinə ciddi maneələr törətdiyindən, qeyd olunan hava şəraitində texniki göstəriciləri axtarış xilasetmə əməliyyatlarını həyata keçirməyə imkan verən gəmilər axtarış rayonlarına cəlb edilib. Sahilboyu ərazilərdə axtarış-xilasetmə tədbirləri intensiv şəkildə davam etdirilir".
 
Qeyd edək ki, qəza nəticəsində bir nəfər ölüb, 9 nəfər itkin düşüb. Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.
 
“Yeni Müsavat”a açıqlamasında  bu komissiyanın işinə münasibət bildirən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı qeyd etdi ki, hazırda itkin düşən neftçilərin ailələri də xəbər gözləyirlər: “Özünüz də görürsünüz ki, ara-sıra məlumat yayırlar, kiçik gəmilərlə axtarırlar, böyük gəmilərlə də axtarırlar. Həmin insanlar təsadüf nəticəsində tapıla bilər, əgər haradasa üzə çıxsalar. Ona görə ki, axtarışa gec başlanılıb. Həmin gün güclü külək idi, estakadada  səhər saat 5-də meydança uçdu, bundan 5 saat sonra axtarışa başlayıblar. Həmin insanları isə 1 saatın içində külək aparıb. Bu mənada tapılma ehtimalı azdır. Ailələri ilə bağlı məlumat isə odur ki, hələ ki, kompensasiya verilməyib. Sadəcə hər ailəyə  1000 manat yardım ediblər. Həmin 1000 manatı da bəzi ailələr hələ almayıb. Bu hadisədən sonra  bir dəfə ailələri yığıblar, onlara vəd veriblər ki, axtarışlar gedir, itkin düşənləri tapacağıq, ailələrinə kömək edəcəyik. Həmkarlar təşkilatları da həmin ailələrin evinə gedib. Ancaq yeni bir xəbər yoxdur. Hamı məlumat gözləyir”. 

Mirvari Qəhrəmanlının sözlərinə görə, itkin düşən neftçilərin tapılmamasına səbəb qasırğa zamanı onların əynin xilasedici gödəkcələrin olmamasıdır: “Hadisə zamanı neftçilərin əynində olan jiletlər xilasetmə jileti deyildi.  Həmin jiletləri təhlükəli yerlərdə geyinmək lazımdır. Qasırğa başlayan kimi platformada olanlar onu geyinməlidirlər. Əgər neftçinin işlədiyi yerdə dənizə düşmə ehtimalı varsa, mütləq jileti geyinməlidir. Məsələn, platformada yanğın başlayan kimi geyilməlidir. Həmin 40 metr/saniyə külək əsirdisə, mütləq həmin jiletləri geyinməli idilər. Çünki onlar həm də uçma ehtimalı olan estakadanın üstündə yerləşən budkada idilər. Qəzalı sahələrdə, təhlükənin gözləndiyi ərazilərdə, qasırğa ehtimalı olanda, dinc hava şəraitində platformanın aşağı hissələrində tikinti quraşdırma işləri aparanda mütləq jilet geyinmək lazımdır. Təhlükəsiz yerlərdə isə jiletlə işləmək çətindir. Aldığım məlumata görə, həmin hadisədən sonra işçilərə jiletlər verilib. Ancaq mən istərdim ki, o jiletlərin də keyfiyyəti araşdırılsın”.
 
Mirvari Qəhrəmanlı bu sahədə BP şirkətinin təcrübəsinə toxunaraq, onu digərlərinə də  örnək göstərdi: “Qəza hər zaman ola bilər. Yadınızdadırsa, iki-üç il əvvəl BP-də platformanın əyilməsi müşahidə olunurdu, insanların hamısını evakuasiya etdilər. Bu orada insan həyatına diqqətin  göstəricisidir. BP-nin təhlükəsizlik qaydaları üzrə 8 qızıl qaydası var. Orada təhlükəsizliyə riayət edən xüsusi şəxs var. O şəxs təhlükə ilə bağlı nə isə müşahidə etdikdə, küləyin sürəti normadan artıq olduqda xəbərdarlıq edir. O işin dayandırılması ilə bağlı özü müstəqil qaydada qərar qəbul edə bilər. O qərar verdikdən sonra işə götürən işçini həmin ərazidə saxlaya bilməz. İkincisi BP-nin platformaları təzə tikilib. Bizim platformalar isə 70-ci illərin sonlarında tikilib. BP öz tərəfdaşlarından  da, subpodratçı və podratçı şirkətlərindən də onun qaydalarına əməl etməsini tələb edir. Orada qanunlar çox ciddidir. Bizim mühəndislərin isə ixtiyarı yoxdur ki, belə bir qərar qəbul eləsin, işi saxlasın. O zaman onları işdən çıxara bilərlər. Bizdə işə götürülənlərin nə iş qabiliyyəti, nə bilik və bacarıqları, nə də psixoloji vəziyyəti yoxlanılmır”.
Cia.az