|
Avropa Birliyi ilə viza rejimi aradan qalxsa...
Avropa Birliyinin Gürcüstan və Ukraynaya qarşı viza rejiminin ləğvi ilə bağlı razılaşma əldə olunması digər GUAM ölkəsi olan Azərbaycanla da nə vaxtsa belə bir razılaşmanın olacağı məsələsini gündəmə gətirib. Ekspertlər bildirir ki, hazırda  Azərbaycan və Avropa Birliyinin 14 üzv ölkəsi ilə hökumətlərarası komissiya, 2 üzv ölkəsi  ilə işçi qrupu fəaliyyət göstərir. 
Avropa Birliyi Azərbaycanla bütün digər sahələrdə olduğu kimi viza məsələsində də əməkdaşlığın dərinləşməsində maraqlıdır. Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi və readmissiya barədə iki saziş mövcuddur. Viza rejiminin sadələşdirilməsi barədə sazişi uğurla həyata keçirən, Avropa Birliyi ilə miqrasiya qaydalarını pozmamış Azərbaycan növbəti pillə kimi Avropa Birliyi ilə viza prosedurunun tamamilə aradan qaldırılması üçün fəaliyyət planı tələb edəcək. Belə ki, Azərbaycan tərəfindən Avropa Birliyi və Azərbaycan arasında vizasız rejimin icra olunmasının növbəti mərhələsi başlayacaq. Ümumiyyətlə, Avropa Birliyinin dövlətlərə tətbiq etdiyi  mexanizm belədir ki, əvvəlcə viza rejimi sadələşdirilir, sonra tamamilə aradan qalxır. Ölkəmiz isə pilləli olaraq bu fəaliyyəti həyata keçirir.

Bəs Gürcüstan və Ukrayna ilə olduğu kimi Avropa Birliyi ilə Azərbaycan arasında da viza rejiminin aradan qaldırılması barədə razılaşma əldə olunsa və viza rejimi aradan qalxsa, bu, ölkəmizə demokratiya gətirər, yoxsa ölkədə qalan demokratların da Avropa Birliyi dövlətlərinə axın etməsinə təkan verər?

AMİP-in beynəlxalq əlaqələr katibi Elşən Mustafayev bildirdi ki, Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin aradan qaldırılması ölkəmiz üçün vacibdir. Əgər bu barədə danışıqlar başlasa və razılaşma əldə olunsa, bu təkcə demokratiyanın gəlişməsi baxımından deyil, digər sahələrdə də müsbət mənada özünü göstərəcək: “Bu gün viza rejimi mövcud ola-ola istənilən şəxs rahatlıqla ölkədən çıxa, Avropa Birliyi ölkələrinə gedə bilir. Yəni xaricə miqrasiya etmək istəyənlər üçün viza rejiminin mövcudluğu elə də ciddi maneçilik törətmir. O cümlədən ictimai-siyasi fəaliyyətlə məşğul olan insanların da bu barədə ciddi çətinliyi yoxdur. Ona görə də hesab edirəm ki, viza rejiminin aradan qaldırılmasını miqrasiyanın artacağı ilə əlaqələndirmək doğru deyil. Viza rejimi ləğv olunmuş postsovet ölkələrində bu gün xaricə daimi yaşayış üçün gedənlərin sayı viza rejimi olan vaxtlardan daha azdır. Bu, o demək deyil ki, onların ölkəsində iqtisadi-siyasi vəziyyət  yaxşıdır. Sadəcə, son illər bütün dünyadan çoxlu sayda insanların inkişaf etmiş ölkələrə kütləvi miqrasiyası səbəbindən onlara istər yerli  əhalinin, istərsə də ölkələrin rəsmi qurumlarının münasibəti çox dəyişib. Digər tərəfdən, daimi iş tapmaq problemləri gün-gündən artır, alınan sosial yardımlar minimum yaşayışı təmin edir. Bir müddətdən sonra belə durum çoxlarını qane etmir. Çünki miqrantların bir hissəsi təqiblərdən, təzyiqlərdən dolayı ölkəni tərk edirlərsə, əksəriyyəti, bildiyiniz kimi, yaxşı həyat dalınca gedirlər”.
 
Ekspert vurğuladı ki, viza rejiminin aradan qaldırılmasının ölkəmiz üçün mühüm əhəmiyyəti Avropaya inteqrasiya yolunda ciddi təkan ola bilə bilər. Mədəni, iqtisadi münasibətlərin inkişafına yol açar. Bununla da qarşılıqlı olaraq hər il 100 minlərlə insan turist kimi, iş adamı kimi səfərlər edərlər. Nəticə etibarilə insanların təfəkküründə demokratik dəyərlər, dövlətçilik prinsipləri daha da  inkişaf edər. Ölkədən demokratların axını yox, ölkəyə demokratiya axını müşahidə edilə bilər.
cia.az