|
Azərbaycanın İslam Hərbi Alyansına üzv olması xəbəri yayıldı...
Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib. APA-nın “dunyanews.tv” saytına istinadən verdiyi məlumata görə, Azərbaycan, Tacikistan və İndoneziyanın alyansa daxil olmaq barədə qərarından sonra qurumun üzvlərinin sayı 42-yə çatıb.
Qeyd edək ki, İslam Hərbi Alyansının yaradılması təklifi ilk dəfə 2005-ci ildə Malayziyanın o vaxtkı baş naziri Mahatir Muhammad tərəfindən təklif olunub. Lakin sonralar Yaxın Şərqdə vəziyyət və İŞİD-in fəaliyyəti ilə əlaqədar Səudiyyə Ərəbistanı bu təklifi praktik müstəviyə çıxarıb.
Bildirilir ki, İslam Hərbi Alyansının NATO koalisiyasına ekvivalent təşkilat olması nəzərdə tutulur.
Xarici İşlər Nazirliyi (XİN) ölkənin İslam hərbi koalisiyasına qoşulması barədə məlumatlara münasibət bildirib. 
Musavat.com xəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur” - deyə qeyd edib.  
“İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur”, - deyə XİN rəsmisi bildirib. 
Ümumiyyətlə, Azərbaycanın İslam Hərbi Alyansına qoşulmasına birmənalı münasibət yoxdur. 
Bəzi ekspertlər hesab edir ki, Azərbaycan NATO-ya inteqrasiya olmaq istiqamətində daha ciddi addımlar atmalıdır. Azərbaycanın təhlükəsizlik maraqlarına məhz Avroatlantik məkana üzv olması daha çox cavab verir. 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azərbaycanın İslam Hərbi Alyansına daxil olmaq barədə qərarının müsbət addım olduğunu bildirib: “Doğrudur, bu hərbi alyansın məram və məqsədləri hələ ki bəlli deyil, ancaq artıq qurumun üzvlərinin sayı 42-yə çatıb. Əlbəttə, İslam Hərbi Alyansının NATO-ya bənzəməsinə çox var. Birincisi, İslam ölkələri NATO ölkələri qədər həmrəy deyillər, ikincisi də yeni qurumu Şimali Atlantika Blokuna çevirmək üçün ümumi paytaxt, siyasi və hərbi qərargah və bunları maliyyələşdirəcək mənbələr tapılmalıdır. Buna baxmayaraq, islam aləminin tərkib hissəsi olan Azərbaycan yeni qurumun formalaşması mərhələsində yer almalıdır. Yeni qurumda üzvlük Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivi baxımından da bizə xeyirlidir. Necə ki, sözdə də olsa İslam Konfransı Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanı işğalçı adlandırır, yeni qurum da eyni prinsipdən çıxış edəcək”.
Ekspertin fikrincə, üstəlik, İslam Hərbi Alyansında NATO-dakı 5-ci maddəyə (qurumun hər hansı üzvünə edilən hücum bütün üzvlərə edilən hücuma bərabərdir və həmin dövlətə dəstək verilməlidir) bənzər maddə qəbul olunarsa, bununla Azərbaycan işğala qarşı güclü alət qazanmış olacaq.
Cia.az