|
Banklardan çıxarılan vəsaitə əlavə vergi - gizli iqtisadiyyata dəstək...
2017-ci ilin ilk iş günündən banklar hesablardan çıxarılan vəsaitdən əlavə bir faiz həcmində vergi tutur. Sadələşdirilmiş vergi adına tutulan məbləğ sonra yaranacaq sadələşdirilmiş vergi borcu ilə əvəzləşdirilmir. Bəzi ekspertlər bunun büdcə kəsirini doldurmaq üçün növbəti cəhd kimi dəyərləndirirlər. Bildirilir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yanvarın 1-dən hesablarındakı pulu nağdlaşdırmaq üçün 1 faiz sadələşdirilmiş vergi ödəməlidirlər. 
 
Bu, hüquqi şəxslərə aiddir. Hüquqi şəxslər əvvəllər hesablarından pul çıxararkən 1 faiz nağdlaşdırılmaya görə komissiya haqqı ödəyirdilər. İndi həm komissiya haqqı, həm də 1 faiz sadələşdirilmiş vergini ödəyəcəklər. Bu, Vergi Məcəlləsinin artıq qüvvəyə minmiş 150.1.12-ci maddəsinə əsasən edilir. Buna əsasən, yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsi həyata keçirilərkən ödəmə mənbəyində vergini tutulmalıdır.

Ekspertlər isə musavat.com-a bildiriblər ki, bu dəyişiklik vətəndaşlara və bank sisteminə müsbət heç nə vəd etmir, əksinə, bu sahədəki duruma mənfi təsir göstərəcək. Ekspert Qubad İbadoğlunun sözlərinə görə, dəyişiklik sırf fiskal məqsədlədir: “Düzdür, bunu nağdsız dövriyyəni genişləndirmək istəyi ilə əlaqələndirirlər, amma nağdsız dövriyyəni başqa vasitələrlə də genişləndirmək imkanları vardı. Gizli iqtisadiyyatı leqallaşdırmaqla, eyni zamanda, nağdsız dövriyyəni stimullaşdırmaqla, stumullaşdırıb genişləndirməklə bunu etmək olardı. Bu, daha düzgün yanaşma idi, nəinki nağd dövriyyəyə belə məhdudiyyətlər qoymaq. Baş verənlər, bu verginin tətbiqi ilə əlaqədar baş verənlər həm bankların, həm sahibkarların, həm də vətəndaşların ziyanınadır, çünki əlavə məsrəfi vətəndaşlar və sahibkarlar ödəyəcək. Banklar isə burada qazanc əldə etməyəcəklər, çünki bu, bank xidmətlərinin azalmasına gətirib çıxaracaq. Banklar azdan-çoxdan nağdlaşdırma xidmətindən qazanırdılar, onu da itirəcəklər. Çünki artıq vətəndaşlar çalışacaqlar ki, belə əməliyyatları bankdan kənar aparsınlar. Bankdan kənarda olan əməliyyatların sayı yüksəkdir. Bu, sırf fiskal xarakterli qərardır, nağdsız dövriyyəni genişləndirmək üçün verilməyib, gizli iqtisadiyyatın da genişlənməsinə gətirib çıxaracaq”. 
Ekspert Natiq Cəfərli isə musavat.com-a qeyd edib ki, bu, Vergi Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədardır: “Vergilər Məcəlləsinə bir gündə 200-dən çox dəyişiklik edildi, 200-ün içərisindən 150-si yeni maddələr idi. Bununla bağlı normal izahat da olmadı ki, maddələr nə ilə bağlıdır, nə üçün bu dərəcədə kəskin dəyişikliklərə gedildi?
 
Dəyişikliklərdən biri də bank sistemində olan dəyişikliklərdir. Əlavə vergilərin tətbiqi ilə bağlıdır, əslində büdcə ilə əlaqəli deyil. Banklarda olan vəziyyəti, bankların çox ağır durumunu nəzərə alaraq, əlavə gəlir yerləri yaradılması üçün nəzərdə tutulub. Banklardan cəmi ikisi dövlətə məxsusdur. Digərləri özəl banklardır. Adı özəl olsa da, hamımıza məlumdur ki, bankların böyük əksəriyyəti iri, vəzifəli məmurlara bağlı banklardır. Yəni bankların vəziyyətində müəyyən dəyişiklik etmək üçün, qazanclarını artırmaq üçün belə bir vergi tətbiqinə getdilər. İlk baxışdan bir faiz elə ciddi bir məbləğ sayılmır. Amma nəzərə alsaq ki, il ərzində banklardan milyonlarla əməliyyat keçir, bunların hamısından bir faiz tutulsa, kifayət qədər böyük bir məbləğ alınacaq. Bankların guya indiki düşdüyü ağır durumda onlara kömək üçün hökumətin atdığı addımlardan biridir. Əsas yenidən baxış bucağı və yanaşma budur ki, əsas yük bütün digər sahələrdə olduğu kimi, burada da vətəndaşın çiyninə qoyulur, əlavə vergi yükü gətirilir”. 
 
Onun sözlərinə görə, bu 1 faiz sadələşdirilmiş 4 faizlik vergi borcu ilə əvəzləşdirilmir: “Bunun o 4 faizlik vergi borcuna aidiyyəti yoxdur, 4 faiz dövriyyədən verilən vergidir”.