15 iyul dövlət çevrilişinə cəhddən sonra Ankara-Vaşinqton, paralel olaraq Türkiyə-NATO münasibətləri soyumaqda davam edir. Üstəlik, qardaş ölkəyə qarşı çeşidli terror əməliyyatları həyata keçirən İŞİD və PKK-nın qolu olan YPG-nin arxasında Qərb dünyasındakı güclərin dayanması Ankaranı strateji seçiminə yenidən baxmağa vadar edir.
Bu günlərdə açıqlandı ki, Türkiyə hökuməti, Amerika və NATO hərbi hava qüvvələrinin Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı istifadə etdiyi İncirlik hərbi bazasını bağlaya bilər. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın sözlərinə görə, rəsmi Ankara dəfələrlə Vaşinqtonu xəbərdar edib ki, Suriyadakı YPG silahlılarına hərbi yardım göstərməsin.
Artıq okeanın o tayından da Ankaranın bu bəyanatına reaksiya verilib. “ABŞ-ın başçılıq etdiyi İŞİD-ə qarşı koalisiya qüvvələri İncirlik aviabazasını dəyərini anlayır”. Bunu Pentaqon sözçüsü Peter Kuk deyib. Paralel olaraq belə müzakirələr gedir ki, Türkiyə ordusundakı quldur dəstəsi ilə qanlı çevriliş cəhdi hazırlayan Gülən şəbəkəsi NATO-da da təşkilatlanmağa müvəffəq olub. Avropa.info xəbər verir ki, Türkiyə ordusunun, müxtəlif ölkələrdə fəaliyyət göstərən NATO qərargahlarında xidmət yerinə yetirən 462 zabitindən 237-sinin gülənçi olduğu müəyyən edilib. Əldə olunan məlumata görə 237 hərbçinin 200-ündən çoxu Baş Qərargahdan gələn “geri dön” əmrinə itaət etməkdən boyun qaçırıb. 15 iyul çevriliş cəhdindən sonra Ankara Prokurorluğu tərəfindən FETÖ-nün NATO-da fəaliyyət göstərən üzvlərinə qarşı xüsusi istintaq qaldırılıb. Bu məlumatlar Türkiyənin NATO-dan imtina edə biləcəyi ilə bağlı müzakirələrin getdiyi bir vaxtda tirajlanıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə deyib ki, ABŞ Fərat sipəri əməliyyatının keçirilməsində Ankaraya dəstək verməyib. O həmçinin deyib ki, “türk xalqı ABŞ hərbçilərinin İncirlik bazasında davam edən mövcudiyyətinin lüzumluluğunu sual edir”. (Azadlıq Radiosu) Bununla belə Çavuşoğlu ABŞ-ın Türkiyənin “mühüm müttəfiqi” olaraq qaldığını deyib.
Ankaranı narahat edən odur ki, onun yaxın müttəfiqi nəinki Suriyadakı İŞİD-çilərlə mübarizədə ona dəstək vermir, üstəlik, burada “kürd dəhlizi”nin yaradılması istiqamətində fəaliyyətini davam etdirir, terrorçu şəbəkələrə dəstək verir. Bu mənada Türkiyənin NATO-dan imtina edə biləcəyi, yaxud İncirlikdəki NATO bazasını bağlaya biləcəyi ciddi müzakirə mövzusudur. Bu arada ABŞ-ın Türkiyəni Alyansdan çıxarılacağı ilə hədələməsi münasibətləri daha da gərginləşdirən faktordur.

Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, bu mesajlar Tramp administrasiyasına yönəlib: “Nə Türkiyənin, nə də ABŞ-ın digər müttəfiqlərinin və tərəfdaşlarının səlahiyyət müddətinin yekunlaşmasına sayılı günlər qalan Obama hökumətindən bir gözləntisi qaldığına inanmıram. Səslənən bəyanatlar, verilən mesajlar yanvarın 20-də fəaliyyətə başlayacaq yeni administrasiyaya ünvanlanıb. Bu qalan müddət ərzində Obamanın Türkiyəyə Suriya məsələsində dəstək verməsi və ya verməməsi nəyisə dəyişə bilməz. Xatırlatmaq yerinə düşər ki, Türkiyə və ABŞ Suriya macərasına birlikdə başlamışdılar, hətta Barak Obama 2012-ci ildə Rəcəb Tayyib Ərdoğanı güvəndiyi 5 dünya lideri arasında göstərmişdi. Lakin sonradan hər iki tərəfdən qaynaqlanan bir sıra problemlər ucbatından, xüsusən də Obama hökumətinin PYD-YPG qruplaşmasına fəal dəstəyi ilə əlaqədar tərəflər arasında ciddi fikri ayrılıqları yarandı və bu məsələ ümumilikdə iki ölkə münasibətlərinə neqativ təsir göstərdi. Türkiyə tərəfi İncirlik aviabazasını qapada biləcəyini gündəmə gətirməklə ABŞ-la münasibətlərində yaranmış problemlərin ciddiliyini Donald Trampın diqqətinə çatdırmaq niyyəti güdür”.

Ekspert hesab edir ki, ABŞ və NATO-nun Yaxın Şərqdəki əməliyyatları, ümumilikdə bölgədəki maraqları baxımından İncirlik bazasının strateji əhəmiyyəti böyükdür: “Bu bazanın önəmini xüsusilə Trampın komandasındakı generallar daha yaxşı anlayır. Tramp administrasiyasının Yaxın Şərq siyasətində məhz həmin generallar, əsasən də yeni Pentaqon rəhbəri Ceyms Mattis və prezidentin mili təhlükəsizlik üzrə müşaviri Maykl Flinn söz sahibi olacaqlar. Türkiyə hökuməti bu məsələni aktuallaşdırmaqla həmin generalların, belə demək mümkündürsə, zəif damarını tutmağa çalışır. Böyük ehtimalla mesaj ünvana çatdığı üçün xarici işlər nazir Mövlud Çavuşoğlu İncirlik bazasının bağlanmasından söhbət getmədiyini bəyan edib”.

Ş.Cəfərli bildirdi ki, Ankaranın ABŞ və Avropa Birliyi ilə münasibətlərində yaranmış soyuqluğa baxmayaraq, Türkiyənin NATO-dan çıxmaq kimi radikal bir addıma gedəcəyinə inanmır: “Baxmayaraq ki, Türkiyədə bu addımın tərəfdarı olanlar var və son vaxtlar onların səsi daha gur çıxmağa başlayıb. Türkiyə siyasi, iqtisadi və hərbi baxımdan Qərb dünyası ilə çox sıx inteqrasiyaya gedib. Türkiyə Statistika Qurumu TÜİK-in saytına baxmaq kifayətdir ki, ölkənin xarici ticarətində Avropa dövlətləri başda olmaqla, Qərb blokunun ağırlığını görəsən. NATO-ya üzvlüyün və Avropa Birliyinə namizəd ölkə statusunun istər müdafiə sektoru, istərsə də siyasi-iqtisadi sahədə Türkiyəyə gətirdiyi ciddi dividentlər var. Çoxları avrointeqrasiyanın və avropalaşma kursunun cümhuriyyət dövründə başladığını düşünür, amma bu strateji seçim hələ XIX əsrin birinci yarısında Osmanlı sultanı II Mahmudun dövründə edilib. 140 ildir bu kursla hərəkət edən böyük bir gəminin yönünü 180 dərəcə əks istiqamətə yönəltməyə çalışmaq əsl zəlzələ effekti verər, bu, Türkiyəyə lazım deyil”. Politoloqun sözlərinə görə, Qərbdən bütün incikliyinə rəğmən, Türkiyə hökuməti də bunu başa düşür: “Rəsmi Ankara Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük, İncirlik bazasının bağlanması tipli məsələləri aktuallaşdırmaqla, sadəcə olaraq, öz tərəfdaşlarına xəbərdarlıq edir, onlara ”sizə möhtac deyilik, maraqlarımızı diqqətə almasanız, alternativ axtarmaq zoruna qala bilərik" mesajını göndərir. Lakin mən hesab edirəm ki, seçilən metod doğru deyil. Xarici siyasət məsələlərinin muxtarlar toplantısında və ölkə daxilində keçirilən digər kütləvi tədbirlərdə müzakirəyə çıxarılmasını, bu mövzularda açıq bəyanatların səsləndirilməsini yanlış sayıram. Diplomatiya çox həssas sahədir və gizliliyi sevir. Bu məsələlər gizli təmaslarda danışıqlarda gündəmə gətirilməlidir. Məsələn, Türkiyə İncirlik kartını və digər təsir “rıçaq”larını ortaya qoyaraq, əvəzində ABŞ-dan istədiklərini əldə etməlidir. Bu metodla Türkiyə daha çox şey qazana bilər, təəssüf ki, Türkiyə rəhbərliyinin emosionallığı və problemlərin çözümünü avtoritar idarəçiliyi təmin etməkdə görməsi buna mane olur. Bu gün Türkiyə soyuqqanlı siyasətə ən çox ehtiyac duyduğu dönəmdən keçir. Emosional qərarlar çox böyük təlatümlərə səbəb ola bilər".

İstanbuldakı gecə klubuna edilən hücum səbəbilə NATO-nun Baş Qərargahındakı bayraqların yarıya qədər endirilməsi jesti də Ankaranın əsəblərini soyutmağa hesablanmışdı. Lakin görünən budur ki, gərginlik tezliklə səngiməyəcək.
Obama administrasiyasının son günlərində Türkiyəni təhdidi də bunu təsdiqləyir. “Türkiyədə çevriliş cəhdindən sonra kütləvi ”təmizləmələr" dalğasında demokratiya prinsiplərinə əməl edilməzsə, ölkə NATO-dan çıxarıla bilər". APA-nın “İndependent” qəzetinə istinadən verdiyi xəbərə görə, bu xəbərdarlıqla ABŞ dövlət katibi Con Kerri çıxış edib. C. Kerri Brüsseldə bildirib ki, ABŞ və Avropa İttifaqı Türkiyəyə çevriliş cəhdinə verilən cavablarda demokratiya qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir: “ABŞ Türkiyəni mili demokratik institutların və qanunun aliliyinin yüksək standartlarına hörmət göstərməyə çağırır”.
Trampın isə Obamanın ənənəvi Türkiyə siyasətindən imtina edib-etməyəcəyi hələ ki, bəlli deyil.
cia.az
