|
Qarabağ məsələsində yanımızda olan müsəlman ölkələri
Dağlıq Qarabağla bağlı müsəlman ölkələrindən Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyinə açıq dəstək verib və verir. Ancaq  biz, bu dəstəyi digər müsəlman və ərəb ölkələrinin bir çoxundan görmürük. Ekspertlər bildirirlər ki, 1990-cı illərin əvvəllərində xalqımıza qarşı yaşadılan ağır faciələr zamanı belə, ərəb ölkələrinin əksəriyyəti baş verənlərə susqun mövqe bildirdilər.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, hazırda vəziyyət bir qədər fərqlidir: “Azərbaycan müstəqillik qazandıqdan dərhal sonra Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə Ermənistanla diplomatik münasibətlər qurmadı. Türkiyə sonradan Ermənistanla münasibət qursa da qısa müddət sonra, bunu aradan qaldırdı. Əslində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər bu kimi qurumlar Azərbaycana olduqca güclü dəstək verib. Bu ayrı məsələdir ki, verilən bəyanatlar ritorikadan o tərəfə keçmir. Ərəb dövlətlərinin əksəriyyətində güclü erməni lobbiləri, təşkilatları var. Onlar da qazandıqları pulun bir hissəsini Ermənistana göndərirlər. Hətta hazırda Ermənistanın özündə humanitar, yaxud da iqtisadi layihələr reallaşdıran ərəb dövlətləri var. Küveyt orada dəyəri milyonlarla ölçülən layihələr reallaşdırıb. Yəni, bu cür məsələlər də yox deyil. Lakin elə müsəlman dövlətləri var ki, onlar Azərbaycana orta standart xətdən xeyli yaxındır. Buna misal olaraq Pakistanı göstərə bilərik. Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etməyə başlayarsa, Pakistan dərhal Azərbaycanın yanında olar. Pakistanın Dağlıq Qarabağ münaqişəsinin hərbi həllinə münasibəti, hətta Türkiyənin analoji münasibətindən daha yüksəkdir”. 
Politoloq bildirib ki, Ermənistanla ümumi əməkdaşlıq edən, yardımlar göstərən müsəlman ölkələri bir yana, elə müsəlman dövlətləri var ki, onlar konkret olaraq Dağlıq Qarabağ məsələsində də Ermənistanla yaxınlıq edirlər: “Misal üçün, elə bizim qonşumuz İranı göstərə bilərik. Artıq ermənilər də anlayırlar ki, Ermənistan İrana ona görə lazımdır ki, Dağlıq Qarabağ məsələsi həll olunmasın, status-kvo qorunub saxlanılsın. Çünki Dağlıq Qarabağ probleminin həlli İrana sərf etmir. Erməni Apostol kilsəsinin Tehran yeparxiyasının başçısı Sepux Sərkisyan 4 günlük aprel savaşı zamanı Dağlıq Qarabağa gəldi, pul yardımı da etdi. Sepux Sərkisyanın özü də İran vətəndaşıdır. Oradakı kilsədən yığılan pul da elə İran vətəndaşı olan ermənilərdən yığılan puldur. İran bunu görmür? İran Azərbaycanın xeyrinə bəzi müqavilələr də imzalayır, ancaq görürük ki, bunlar kağız üzərində qalır. Məsələn, ”Xudafərin" hidroqovşağı haqqında müqavilə ratifikasiya üçün hələ də İran parlamentinə təqdim olunmayıb. Ancaq Azərbaycan parlamenti bunu çoxdan ratifikasiya edib. Müqavilə qüvvəyə minərsə, İranın borcudur ki, azərbaycanlı mütəxəssisləri işğal olunmuş ərazilərimizə aparsınlar və onlar orada işləsinlər. Bu isə Ermənistanın marağına uyğun deyil. Bu xüsusda, “Araz” azad iqtisadi zonasını da qeyd edə bilərik. İran əvvəl çox çalışdı ki, bununla bağlı müqavilə imzalansın. Lakin Ruhaninin Ermənistana son səfəri zamanı razılaşdılar ki, Mehridə iki dövlət özü, ayrıca iqtisadi zona yaratsın.  Ancaq İran əvvəl deyirdi ki, Ermənistan da “Araz” azad iqtisadi zonaya qoşulsun. Ermənistanın bu iqtisadi zonaya qoşulması o demək idi ki, Dağlıq Qarabağ məsələsinin həllinə razılıq verməlidir. Hətta deyim ki, İran uzun zamandır Naxçıvan-Məşəd qatarının açılmasını da yubadırdı. Çünki Naxçıvandan qatarın İrana doğru hərəkəti İran-Ermənistan dəmiryolunun çəkilməsi layihəsini şübhə altına alırdı".

Ekspertə görə, Azərbaycanın Dağlıq Qarabağ siyasətində müsəlman dövlətlərinin rolu müsbətdir: “Azərbaycan onlardan ümid gözləsə də Qarabağ konsepsiyasında müsəlman dövlətləri ilə münasibətlər həlledici deyil. Həlledici kateqoriya Azərbaycanın özünün gücü və siyasəti, eyni zamanda region ölkələri ilə aparılan işlərdir. Bunun da nəticəsini biz aprel hadisələri zamanı gördük”.