İsrail polisi korrupsiya işi üzrə ikinci dəfə baş nazir Binyamin Netanyahunu dindirib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, dindirilmə baş nazirin iqamətgahında aparılıb və beş saat davam edib. Baş nazir həmçinin digər iş üzrə də ifadə verib.
Xatırladaq ki, Netanyahu bundan əvvəl yanvarın 2-də polisə ilk ifadəsini verib. Dindirilmədən sonra Netanyahu onun barəsində səslənən korrupsiya ittihamları təsdiqini tapmayıb. Netanyahu və onun ailə üzvləri sahibkarlardan yüz minlərlə şekel dəyərində hədiyyələr almaqda ittiham olunurlar.
Son bir həftədə İsrailin baş nazirinin ikin dəfə sorğu-suala çəkilməsi dünya və Azərbaycan gündəminin də əsas mövzularından biri olub. Bu, İsrailin baş nazirinin timsalında ilk belə hadisə deyil. İndiyə qədər Avropanın qabaqcıl ölkələrinin rəhbərlərinin korrupsiya əməllərinə görə dəfələrlə dindirildiklərinin şahidi olmuşuq. Bu sıraya Böyük Britaniyanın baş nazirləri Devid Kemeron və Toni Toni Bleri, İtaliyanın baş naziri Silvio Berluskoni və digərlərini daxil etmək olar.
Netanyahunun iki dəfə dindirilməsi Azərbaycanda bir sıra məsələləri gündəmə gətirib. İlk növbədə, gözlər ölkə qanunvericiliyinə dikilib. Konstitusiyada baş nazirin qanunları pozarsa, korrupsiya hallarına yol verərsə, aidiyyəiı orqanlar tərəfindən sorğu-sual edilib-edilməməsi müəmmaları yaranıb. Çoxları baş prokurorun təqdimatından sonra prezidentin tapşırığı əsasında aidiyyəti qurumun belə bir addım ata biləcəyini vurğulayır. Bəziləri bu amili demokratiya, bəziləri də həmin ölkələrin qanunvericiliyinin diktatorluğu kimi qələmə verir.
Hüquqşünas Müzəffər Baxış Azərbaycanın baş nazirinin toxunulmazlıq hüququnun olduğunu söylədi: “Konstitusiyanın 123-cü maddəsində baş nazirin toxunulmazlıq hüququnun olduğu qeyd olunur. Səlahiyyəti müddətində onun şəxsiyyəti toxunulmazıdır. Baş nazir cinayət başında yaxalanmaqdan başqa heç bir halda tutula, cinayət məsuliyyətinə cəlb oluna bilməz. Onun barəsində məhkəmə qərarı ilə inzibati cəza da verilə bilməz. Eyni zamanda, axtarışa da məruz qala bilməz. Yalnız Azərbaycanın baş naziri cinayət başında yaxalanarsa tutula bilər. Belə olan halda onu həbs edən orqan dərhal Azərbaycan baş prokuroruna xəbər verməlidir. Baş nazirin toxunulmazlıq hüququna yalnız baş prokurorun təqdimatından sonra prezidentin qərarı ilə xitam verilə bilər. Prezident səlahiyyətinə xitam verdikdən sonra baş naziri həbs etmək və digər tədbirlər həyata keçirmək olar.
Amma baş nazirin fəaliyyətində hər hansı bir şübhələr varsa, belə olduğu halda istintaqı aparmaq prokurorluq orqanlarına aiddir. Belə vəziyyətdə bu orqanlar baş naziri dindirə bilərlər. Konstitusiyanın 215.3.2-ci maddəsi ilə prezident, deputatlar, baş nazir və ombudsmanla bağlı cinayət prokurorluq orqanları tərəfindən aparılır. Amma inanmıram ki, baş prokuror və prokurorluğun istənilən əməkdaşı bu və ya digər cinayətlə bağlı baş naziri dindirsin. Baş nazirin toxunulmazlıq hüququnun olması konstitusiyanın 25-ci maddəsi ilə ziddiyyət təşkil edir.
Kimlər üçünsə üstün hüquq müəyyən edilə bilməz. 25-ci maddənin birinci bəndi ilə hamının məhkəmə qarşısında bərabər olduğu qeyd olunur. Bunların hamısı qanunların beynəlxalq standartlara uyğun olmaması ilə əlaqədardır. Baş nazir barəsində bu hüququn tətbiq edilməsi onun hüququnun hamıdan üstün olduğunu göstərir. Məsələn, o cinayət törədir, onu məsuliyyətə cəlb etmək üçün hökmən prezidentdən icazə almalıdırlar. Amma mən cinayət törədəndə heç kimdən icazə almağa gərək olmur, dərhal həbs olunuram. Bunların hamısı hüququn prinsiplərinə uyğun deyil”.
“Turan” agentliyinin rəhbəri Mehman Əliyev xarici ölkələrdə baş nazirlərin dindirilməsinin demokratiya nümunəsi olduğunu düşünür: “Bunların qanunun aliliyindən irəli gəlir. Belə sorğu-suallar medianın əsas diqqət mərkəzində olur. Adətən bu tipli sorğular jurnalistlərin apardıqları tədqiqatlarla meydana çıxır. Bunlar qanunun aliliyi və demokratiyanın olmasını göstərir. Bu iki amildən birinin olmadığı yerdə digəri də olmur. Bunlar bir-birinə bağlı məsələlərdir”.
cia.az
