2017-ci ilə adlayan Dağlıq Qarabağ “yükü” belə görünür, hələ bir neçə ay da öz yerində qalmalı olacaq. Bunun bir səbəbi kimi ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrlərinin təzələnməsini göstərmək lazım gəlir. Çünki yeni diplomatların “işin içinə girməsi” üçün müəyyən vaxta ehtiyac olacaq.
İkincisi, ABŞ-ın yeni prezidenti Donald Tpampın administrasiyasının fəaliyyətə başlaması və qlobal və yeni hökumətin regional gündəmə girməsi üçün də müvafiq zaman kəsiyi lazımdır. Minsk Qrupunun iki ən mühüm həmsədr dövləti kimi ABŞ və Rusiyanın bundan sonrakı münasibətləri isə Qarabağ məsələsinə də öz ciddi təsirini saxlayacaq.
Nəhayət, üçüncü faktor qismində işğalçı Ermənistanda aprelin 2-ə təyin olunmuş parlament seçkilərini qeyd eləmək lazım gəlir. Aydındır ki, səsvermə gününədək bu ölkədəki siyasi qüvvələr Qarabağ mövzusunda populist vədlər verəcək. Seçki kampaniyası müddətində hakim Sərkisyan rejiminin Qarabağ məsələsində konstruktiv yanaşma gözləməyə, ümumiyyətlə, dəymir - zatən, bu, ona həm də danışıqlar prosesini pozmaq, vaxtı yetişmiş kompromislərdən qaçmaq üçün bəhanə qismində gərəkdir.
***
Azərbaycan söz yox ki, Ermənistan rəhbərliyinin ən azı, önümüzdəki üç ayda Qarabağla bağlı radikal mövqe sərgiləyəcəyini, hətta cəbhə xəttində yeni təxribatlar törədə biləciyinin fərqindədir. Odur ki, özünün Silahlı Qüvvələrinin döyüş hazırlığı və müdafiə qabiliyyətini artırmaq üçün heç şübhəsiz ki, gərəkən bütün addımları atmaqda davam edəcək. Diqqətçəkicidir ki, il başlar-başlamaz bu yöndə çox xoş, düşmənin isə yuxusunu qaçıracaq bir xəbər gəlib. Belə ki, Bakının İsraildən “Dəmir Günbəz” raketdən müdafiə sisteminin ən yeni versiyasını almağa hazırlaşdığı dəqiqləşib.

Xəbərə görə, bir neçə illik cəhdlərdən sonra nəhayət, İsrail özünün “Dəmir Günbəz” (“İron Dome”) raketdən müdafiə sisteminin ixracı ilə bağlı ilk sifarişi alıb. Bu, müsəlman ölkəsi Azərbaycandır. ABŞ-ın “Strategy Page” saytında belə deyilir (Virtualorg.az). Sayt yazıb ki, sistemi ixrac etmək üçün müştərilər tapmaq çətin olub. Çünki az ölkə var ki, kütləvi şəkildə minomyot və raket atəşinə məruz qalsın.
“Daha doğrusu, belə ölkələr çoxdur, ancaq onların əksəriyyəti müsəlman ölkəsidir və İsraillə problemləri var. Əksər müsəlman ölkələri İsraillə ticarəti boykot edir. Lakin Azərbaycan neft sərvətlərinə malik çox az müsəlman ölkələrindən biridir ki, İsraillə sıx ticarət tərəfdaşlığına malikdir. Bundan əlavə, Azərbaycanın əhalisi əsasən türklərdən ibarətdir və ölkənin İranla münasibətləri çoxdandır ki, yaxşı deyil. Ancaq Azərbaycan üçün əsas hərbi təhdid xristian Ermənistandır. Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlara baxmayaraq onların arasındakı münaqişə qalmaqdadır. Təmas xətti boyu toqquşmalar davam edir. "Dəmir Günbəz" sistemi də məhz buna görə lazımdır" - sayt qeyd edib.
“Strategy Page” daha sonra yazıb ki, Azərbaycanın İsraildən “Dəmir Günbəz” alacağı təsdiqlənib, lakin satışa dair detallar - neçə batareya alınacağı, çatdırılma qrafiki və s. məlum deyil. Nəşrin bildirdiyinə görə, 2016-cı ildə “Dəmir Günbəz” uğurla yenilənib və sınaqdan çıxarılıb. Nəticədə bu sistem ən müxtəlif tip pilotsuz uçan aparatları da vura bilir. Sistemi istehsal edən “Rafael Advanced Systems” şirkəti onun proqram təminatını dəyişdirib və bunu Pentaqonun sifarişi ilə edib. O vaxta qədər “Dəmir Günbəz” vertolyotlardan tutmuş təyyarələrə, minomyot mərmilərindən tutmuş, müxtəlif tip raketlərə qədər hədəfləri vura bilirmiş. Birləşmiş Ştatlar “Dəmir Günbəz” sisteminin modernləşdirilməsi və satın alınması üçün İsrail şirkətinə 1 milyard dollar ayırıb. Sistemə yeni funksiyalar əlavə olunub və gözlənilir ki, bu, Azərbaycana satılacaq ixrac versiyasının istehsalına kömək edəcək. Çünki sistemin məhz bu yeni funksiyaları Azərbaycanın marağını cəlb edir.
“Strategy Page” qeyd edib ki, “Dəmir Günbəz” 2009-cu ildən istismardadır və özünü döyüşdə göstərə bilib. Sistem raketlərin trayektoriyasını tez müəyyən etmək üçün iki radardan istifadə edir, əgər raketin yaşayış olmayan əraziyə düşəcəyi məlum olursa onu vurmur. Lakin əgər kompüterlər göstərsə ki, raket yaşayış məntəqəsinə və digər vacib obyektə düşəcək, o zaman qiyməti 50 min dollar olan, idarəedilən “Tamir” raketi sistemdən strat götürür və hədəfi məhv edir. “Dəmir Günbəz” eyni vaxtda bir neçə yüz hədəfi izləyə bilir və bu da sistemi iqtisadi baxımdan effektli edir. Belə ki, “Hizbullah”la müharibədə “Dəmir Günbəz” yaşayış məntəqələrinə istiqamətlənən raketlərin 85 faizini tutmuşdu.

Sistem habelə 3 min metrdən 10 min metrə qədər yüksəklikdə uçan təyyarələri, vertolyotları da vura bilir. Raketlərinin diapazonu 70 kilometrdir. Lakin bu məsafənin 200 kilometrə qədər artırılması üzərində iş gedir. Bir batareya “Dəmir Günbəz” atəşin idarə edilməsi qurğusu, RLS və 3-4 buraxılış qurğusuna malikdir. Hər qurğuda 20 raket var. Bir batareyanın qiyməti raketlərin sayından asılı olaraq 37-50 milyon dollar arasındadır.
***
Azərbaycan öz hava məkanını təkcə İsraildən alınan sistemlər hesabına gücləndirməyi planlaşdırmır. Rəsmi Bakı dost-müttəfiq Pakistan və Türkiyə ilə, habelə Belarusla hərbi-texniki əməkdaşlığı dərinləşdirmək kursu götürüb. Yəqin ki, 2017-ci il ərzində biz bu əməkdaşlığın yeni və parlaq təzahürlərini görəcəyik. Söhbət həm də modern silah və sistemlərin ortaq istehsalından, yaxud Azərbaycanda istehsalının təşkilindən gedir. Öz hərbi sənayesini uğurlu inkişaf etdirən Azərbaycan artıq daha modern döyüş və müdafiə qurğularının istehsalı üçün kifayət qədər ciddi göstəricilərə malikdir.
