ABŞ ATƏT-in Minsk Qrupuna yeni həmsədr təyin edib. Bu ildən etibarən səfir Riçard E. Hoqland müvəqqəti olaraq bu vəzifəsini icra edəcək. Bu barədə xəbəri ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb. O, dekabrın 31-də səlahiyyət müddəti başa çatdığına görə həmsədr vəzifəsindən istefa verən səfir Ceyms B. Uorliki əvəz edəcək.
Səfirliyin təyinatla bağlı məlumatında bu sözlər yer alır: “Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin dinc həllinin tapılması üçün tərəflərlə işlədiyi bir vaxtda səfir Hoqlandın diplomatik sahədə topladığı geniş təcrübə mühüm əhəmiyyət daşıyacaq. Birləşmiş Ştatlar tərəfləri atəşkəsə dair öhdəliklərə sadiq qalmağa, Vyana və Sanki Peterburqda əldə olunan razılıqları icra etməyə və həmçinin bütün tərəflərə fayda gətirən danışıqlar prosesinə dönməyə çağırır. Səfir Uorliki daimi əvəz edən şəxsin adı sonra açıqlanacaq”.
Riçard Hoqland 30 illik diplomatik təcrübəyə malikdir. O, ABŞ-ın Tacikistan və Qazaxıstanda səfiri, Pakistanda isə səfirin müavini vəzifələrində çalışıb.
Səfir Hoqland bu yaxında Suriyada zorakılığın dayandırılması sahəsində ABŞ-Rusiya əlaqələndirmə fəaliyyətlərinə rəhbərlik edib, Dövlət Departamentində Cənub və Mərkəzi Afrika məsələləri üzrə dövlət katibinin köməkçisinin müavini kimi çalışıb.
Hoqland bundan öncə Departamentin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunda Qafqaz və Mərkəzi Asiya Ofisinə rəhbərlik edib. O, həmçinin ABŞ-in Moskvadakı səfirliyinin sözçüsü də olub.
Yeni həmsədrdən gözləntilərlə bağlı Azərbaycan daxilində fikir ayrılıqları var. Əvvəlki həmsədrlərin fəaliyyətini nəzərə alan əksər ekspertlər bu düşüncədədir ki, Hoqlandın da sələfləri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət fəaliyyəti olmayacaq. Bununla belə, ona ümid edənlər də var.
Politoloq Elxan Şahinoğlu indiyə qədər Minsk Qrupuna həmsədrlik edən ölkələrin onlarla diplomat dəyişdiyini qeyd etdi: “Ümumilikdə, üç ölkənin toplasaq, 20-dən çox həmsədri olub. Edilən dəyişikliklərdən sonra heç bir irəliləyiş olmayıb. Azərbaycanın mövqeyinə yaxın olan həmsədrlər belə bir iş görə bilmədilər. Daha çox bu istiqamətdə müsbət həmsədr Metyu Brayza sayılırdı. O, bölgəni, Azərbaycanı yaxşı tanıyırdı, Dağlıq Qarabağ ətrafındakı torpaqların boşaldılmasının vacibliyini anlayırdı. Amma onun əlindən də bir iş gəlmədi. Əsas olan odur ki, həmin dövlətlərin başçıları bu istiqamətdə ciddi addımlar atsınlar. Çünki həmsədrlər, diplomatlar icraçıdırlar. Hətta iş o yerə çatmışdı ki, Brayza Azərbaycana səfir göndəriləndə erməni lobbisi onun bir ildən artıq işləməsinə imkan vermədi. Burada ABŞ-da olan erməni lobbisinin ciddi təsir imkanları var. Bundan əvvəlki həmsədr də qollarını çırmalamışdı ki, münaqişənin həllini sürətləndirsin. O da deyirdi ki, Dağlıq Qarabağ ətrafındakı torpaqların boşaldılması çox vacibdir. Bu fikirləri çox xoşumuza gəldi, çünki ədalətli mövqe idi. Amma sonradan fikirlərinə korrektə edərək bildirdi ki, eyni zamanda status məsələsi də həll olunmalıdır. Heç bir həmsədrin Qarabağla bağlı ortaya diqqətçəkən fəaliyyət qoyduğunu xatırlamıram”.
Politoloq yeni həmsədrdən gözləntilərinin olmadığını da qeyd etdi: “Düzdür, yeni həmsədr kifayət qədər tanınmış diplomatdır, müxtəlif ölkələrin səfirliklərində işləyib, müxtəlif problemlərin həllinə cəlb olunub. Onun erməni lobbisinə yaxın və ya uzaq olması barədə bir söz söyləyə bilmərəm. Amma bu da elə bir rol oynamır. Çünki təyin edilən həmsədrlər Dövlət Departamentinin tapşırıqlarını yerinə yetirirlər. Bundan kənara çıxa bilməzlər. Onlar bu vəzifəyə təyin olunanda konkret tapşırıqlar alırlar. Tapşırıqlardan biri odur ki, balansı qoruyun. Hansı ki, torpaqları işğal olunan biz, təzyiqlərə məruz qalmalı olan Ermənistandır. Həmsədrlər mümkün deyil ki, öz düşündüklərini ortaya qoysunlar. Hətta olub ki, həmsədrlərdən erməni lobbisinə yaxın olanlar Azərbaycanla Ermənistan arasında balansı qorumağa məcbur olublar. Barak Obama hakimiyyəti dövründə Qarabağ probleminin həllinə ümumiyyətlə maraq göstərmədi. Donald Trampın dövründə də ABŞ rəhbərliyinin buna maraq göstərəcəyini düşünmürəm. Əksinə, hətta təhlükəli vəziyyət də yarana bilər.
Çünki Tramp Putin hakimiyyəti ilə dostlaşmaq istəyir. Rusiya rəhbərliyinin isə əsas istəyi odur ki, Amerika Rusiya ətrafında olan məsələlərə qarışmasın, o cümlədən Cənubi Qafqazda fəallıq nümayiş etdirməsin. Bunun əvəzində Rusiya Trampla bəzi məsələlərdə əməkdaşlıq edəcək. Hətta düşünürəm ki, yeni həmsədr Trampın dövründə, ümumiyyətlə, fəallıq nümayiş etdirməsin”.
Cia.az
