|
Təlimatı Azərbaycan dilində olmayan dərmanların ölkəyə idxalına icazə verilməyəcək
Bu gündən etibarən istifadə təlimatı Azərbaycan dilində olmayan və Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən təsdiqlənməmiş formada olan dərman vasitələrinin ölkəyə idxalına icazə verilməyəcək.
“Report” xəbər verir ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası qanunu və Nazirlər Kabinetinin 13 iyul 2007-ci il tarixli 108 nömrəli qərarı ilə təsdiq olunmuş “Dərman vasitələrinin dövlət qeydiyyatı və reyestrinin aparılması Qaydaları”na əsasən dərman vasitələrinin istifadəsinə aid təlimat Azərbaycan dilində olmalıdır.
Bununla əlaqədar, istifadə təlimatının Azərbaycan dilində olması haqqında aidiyyəti müəssisələrə xəbərdarlıq edilib.
Analitik Ekspertiza Mərkəzinin əsas vəzifələrindən biri əhalinin keyfiyyətli, effektiv və səmərəli dərman vasitələri ilə təminatına nəzarət etməkdir. Bu məqsədə nail olmaq üçün Analitik Ekspertiza Mərkəzi bütün səylərini bərqərar edir və yalnız təminatını deyil əhalinin dərman vasitələrindən düzgün istifadəsini də təşkil etmək üçünbir sıra addımlar atır. Bu mühüm addımlar sırasında respublikamızın ərazisinə idxal olunan dərman vasitələrinin istifadə təlimatının (içlik vərəqəsi) Azərbaycan dilində olması tələbi təqdirə layiqdir. Analitik Ekspertiza Mərkəzi dərman vasitələri ilə davranışın hüquqi və təşkilati əsaslarının müəyyən edilməsi və bu sahədə münasibətlərin tənzimlənməsində Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” 22 dekabr 2006-cı il tarixli, 208-IIIQ nömrəli Qanuna əsaslanır. Həmin qanunda istifadə təlimatının (içlik) azərbaycan dilində olması zəruriliyi öz əksini tapır.
Cia.az