“Orta məktəblərdə rus dilli bölmələrin 8-ci sinifində Azərbaycan tarixi və “Dağlıq Qarabağ tarixi” ayrı kitablar şəklində tədris olunur. Məgər Dağlıq Qarabağ Azərbaycan tarixi deyil?!” Bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Siyavuş Novruzov deyib.
“Təhsil haqqında” qanun layihəsinin müzairəsi zamanı çıxış edən deputat bildirib ki, bu anormallıqla bağlı tarix müəllimləri tərəfindən dəfələrlə ona müraciətlər olub. Özü də belə dərsliklərin rus dilində tədris olunmasına diqqət çəkən YAP-çı deputat aidiyati qurumlara müraciət edərək onlardan məsələyə aydınlıq gətirilməsini istəyib: “Belə çıxır ki, İrəvanın, Naxçıvanın tarixi də ayrı keçirilməlidir? Bu hansı formada və nəyə uyğun şəkildə tədris olunur? Xüsusilə də bunun rus dilində olması məni narahat edir. Çünki bundan istənilən an istifadə edib. Deyə bilərlər ki, Azərbaycanın özündə belə Dağlıq Qarabağın tarixi ayrı dərs kimi tədris olunur. O baxımdan xahiş edirəm ki, bununla bağlı araşdırma aparılsın”.
Spiker Oqtay Əsədova da deputatın fikirlərinə dəstək verib: “Çox düzgün məsələdir. Ona görə də araşdırmaq lazımdır ki, bu, necə olur? Bir regionun tarixini ayrıca keçirmək olmaz”.
AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov söz alaraq məsələ ilə bağlı narahatlığını ifadə edib: “Çox təəssüf ki, bir sıra dairələr yerli-yersiz tarix məsələlərinə girişirlər, bizim ideologiyamıza çox böyük zərbə vururlar. Bizim hazırladığımız dərsliklər arasında “Dağlıq Qarabağın tarixi” adlı dərslik yoxdur. Bu, Azərbaycan tarix elminə bir təxribatdır, bu aradan qaldırılmalıdır! Bizim bir tariximiz var, o da Azərbaycan tarixidir. İrəvan, Dərbənd, türkmənçay müqaviləsinə qədər olan dövr də Azərbaycan tarixi adı altında tədris olunmalıdır. Bu işlər hardan gəlir? Bunun qarşısı alınmalıdır. Bu dərslik ardan qaldırılmalı, yığışdırılmalıdır”.
Spiker Oqtay Əsədov məsələnin ciddiliyini nəzərə alıb konkret tapşırıq verib: “Xahiş edirəm, araşdırın görək, Dağlıq Qarabağ haqqında dərlikləri, kitabları yazan kimdir?”
Cia.az
