|
İqtisadçılardan 2016-ya yekun qiymət - bağlanan 11 bank, ucuzlaşan manat...
İqtisadçı ekspertlər 2016-cı ildə ölkə iqtisadiyyatı ilə bağlı rəylərini açıqlayıb, gələn il üçün proqnozlarını verib. Ekspert Əkrəm Həsənov bildirib ki, bu il iqtisadi mənzərə daha çox milli valyuta olan manatla bağlı olub. 

“Dolların kursu 2016-cı ili 1,56 ilə başladı, indi 1,77-dir. Rəsmi olaraq manat 21 qəpik ucuzlaşıb. Amma qeyri-rəsmi olaraq isə 40 qəpik ucuzlaşma var. ”Qara bazar"da dolların kursu 1,95-1,96 manatdır. 
 
Ötən ilin fevralında manat 27 qəpik ucuzlaşmışdı, bu, ölkəmiz üçün çox böyük bir şok idi. Dekabrda isə 50 qəpik ucuzlaşmışdı. Bu baxımdan, artıq 2016-cı ildə üçüncü devalvasiya baş verib, bunu etiraf etmək lazımdır. Mərkəzi Bank bunu tam etiraf etmir. Çünki onun öz məzənnəsi faktiki məzənnədən 20 qəpik bahadır. Buna görə də Mərkəzi Bankın siyasəti bu il iflasa uğradı. Gələn ilə proqnozlar da ürəkaçan deyil. Manat tam üzən məzənnəyə keçəcək, bunu deyiblər. Tam üzən məzənnə deyəndə o ehtiva olunur ki, banklar məzənnəni özləri müəyyən edəcəklər. Bu da ilk dövrdə manatın yenidən ucuzlaşması deməkdir. Amma hər bir halda, əgər bu, baş verərsə, yenə də ən azı, manatın dəyərini banklar gələn ildən müəyyən etməyə başlayacaqlar. Bu da iqtisadiyyatımızı və pul siyasətimizi yavaş-yavaş sağlamlaşdıra bilər. Ən azı, milli ödəniş sistemi tam qaydada fəaliyyət göstərəcək. Bu gün milli ödəniş sistemi iflic olub. Heç kəs heç kəsə ödəniş etmir, hamı ödənişlərini saxlayıb, hamı gözləyir ki, manat devalvasiya etsin. Digər tərəfdən, sahibkarlar da sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir. Çünki öz mallarını ucuz manata satmaq istəmirlər, qiyməti dollara bağlamaq isə qanunsuzdur. Ona görə də belə iflic vəziyyət yaranıb. Ümid edək ki, gələn il bu sarıdan da heç olmasa, vəziyyət yavaş-yavaş düzələcək. Amma növbəti kəskin devalvasiya qaçılmazdır. Bu da ciddi qiymət artımlarına gətirib çıxaracaq. Çünki biz ən sadə malları belə idxal edirik, bunu da dollarla alırıq. Manatın dəyərdən düşməsi hər sahədə qiymətlərin qalxmasına səbəb olacaq. Bu baxımdan, gələn il üçün ürəkaçan bir proqnoz gözlənilmir".

Ölkənin bank sisteminə gəldikdə isə Ə.Həsənov qeyd edib ki, çöküş artıq baş verib: “Bank sistemi 2016-cı ildə artıq çökdü. 11 bank bağlanıb. Digər ortada qalanların əksəriyyətinin vəziyyəti də çox pisdir. Böyük ehtimalla, gələn ilə də bir o qədər bank bağlanacaq. Əmanətlərin banklardan çıxarılmasında da sürətlənmə olacaq. Faktiki olaraq, bank sistemində pul kütləsi xeyli azalacaq. Əsas problem də dollar kreditləri ilə bağlı olacaq. Bu problem daha da kəskinləşəcək. Gələn il ümumiyyətlə bank və borclu münasibətlərinin daha da şiddətlənəcəyini gözləyirəm. Məhkəmə prosesləri artacaq. Baş verənlər sosial gərginliyi artıracaq”.  
Qubad İbadoğlu qeyd edib ki, yola saldığımız 2016-cı ilin ən böyük özəlliyi son illər önə çıxmış və sürətlə baş verən müxtəlif iqtisadi hadisə və prosesləri daha da aktuallaşdırmasıdır: “İl ərzində iqtisadi məsələlər həm prezidentin, həm hökumətin, həm də vətəndaşın gündəliyində əsas məsələ olsa da təəssüf ki, bu sahədəki başlıca problemlər həll olunmadan növbəti ilə ötürüldü. İqtisadi proseslərlə zəngin olan cari il həm də rəsmi prizmadan ziddiyyətli və gecikən yanaşmalarla da yadda qalan il oldu. 2016-dan başlıca iqtisadi gözləntilər pozitiv müstəvidə özünü doğrultmadı. İl nəinki dönüş, heç keçid ili belə ola bilmədi. Səmərəsiz və uzun müzakirələr, eləcə də bu ilin yaratdığı imkanların vaxtında dəyərləndirilməməsi böhrandan çıxış şansının itirilməsini şərtləndirdi. İl ərzində iqtisadi böhran həm üfüqi, həm də şaquli istiqamətdə dərinləşdi. İlin sonunda böhrana məruz qalan sektorların siyahısına milli iqtisadiyyatın əsas və real bölməsi olan sənaye də qoşuldu, kənd təsərrüfatında artım tempi aşağı düşdü. Bu il son 5 ildə qeyri-neft ixracatının potensialından ən az istifadə olunan, son 10 ildə ən kiçik dövlət büdcəsi formalaşdırılan il kimi tarixdə qaldı”. 
 
Ekspertin sözlərinə görə, 2016-cı il xüsusilə istehlakçılar üçün gərgin olub: “İl ərzində müşahidə olunan davamlı devalvasiyaya görə, onsuz da çox olmayan gəlirləri dəyərsizləşən büdcə sferasında çalışan orta və aşağı ranqlı məmurlar, müəllimlər, həkimlər, mədəniyyət, idman, KİV işçiləri, cüzi gəlirlərə malik olan pensiyaçılar ikirəqəmli inflyasiyanın yaratdığı əlavə xərclərin əsirinə çevrildilər, onların qazancları ehtiyaclarını minimum səviyyədə ödəməyə güclə çatdı. 50 mindən çox iş yerinin ixtisarı nəticəsində yaranan tsiklik və struktur işsizliyi və istehlak xərclərinin çoxalması səbəbindən genişlənən borclanma 2016-cı il böhranının ən böyük sosial fəsadları sayıla bilər. Xüsusilə də iş yerini itirənlər yüksək inflyasiyanın yaratdığı əlavə xərclərin altında əzilərək qara günlər yaşadılar”. 
 
Q.İbadoğlu deyib ki, ilin ən böyük itkisi islahatların imitasiyası səbəbindən baş verdi və nəticədə 2016-cı il nəinki islahatlar, heç islahatlara start ili kimi də yadda qalmadı: “Sistemsiz və ziddiyyətli idarəetmə qərarları, fərman və sərəncamlar yalnız islahat göüntüsü yaratmağa xidmət etdi. İlin sonunda Tarif Şurasının elektrik enerjisinin və təbii qazın tariflərinin differensiallaşdırılması ilə bağlı əsaslandırılmayan, bazar tələblərini, alıcılıq qabliyyətini və sosial vəziyyəti nəzərə almadan verilən qərarı ilin ən uğursuz qərarı olub. Yola saldığımız ilin ən riskli qərarı Dövlət Neft Fondunun Beynəlxalq Bankda yerləşdirdiyi 1 milyard dollar depozitlə bağlı olub. 2016-cı ilin ən səmərəsiz iqtisadi siyasəti manatın məzənnəsinin inzibati tənzimlənməsinin davam edirilməsi sayıla bilər”. 
 
Ekspertin fikrincə, ilin ən mənasız iqtisadi siyasəti aqraq sahədə, xüsusilə də pambıqçılıqla bağlı olub. 

Image result for Bank standart
 
İlin fiaskosu da bu sahədə qeydə alınıb. İlin ən çox əzilən təbəqəsi sahibkarlardır. Onlar yalnız böhranın deyil, həm də haqsız müdaxilənin və əsassız cərimələrin məngənəsində sıxılıblar. Bu il ərzində dövlətin ən aciz siyasəti kapitala nəzarətlə bağlıdır. Ölkədən çıxan kapitalın qarşısını almağa yönələn məhdudlaşdırıcı tədbirlərə baxmayaraq Azərbaycandan xaricə külli miqdarda kapital çıxarılıb. Nəinki bu ilin, hətta ötən 5 ilin ən iri maliyyə fırıldağı Beynəlxalq Bankla bağlı olub. 
 
İlin ən radikal qərarı “Bank Standart”ın bağlanması sayıla bilər. İlin ən bahalı reklam kampaniyası “SOCAR-ın istiqrazları” ilə bağlı sayılsa da, gözlənildiyinin əksinə olaraq bu istiqrazların əsas alıcısı vətəndaşlar deyil, şirkətlər olub. İlin ən uzun müddətli müqaviləsi ARDNŞ və bp arasında 2050-ci ilə kimi “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi barədə saziş olub. İlin ən pozitiv iqtisadi qərarı gec də olsa, qeyri-neft sektorunun və ixracatın inkişaf modelinə önəm verilməsi hesab oluna bilər.