|
Bakı Avropa İttifaqı ilə birgə saziş hazırlayacaq
“Avropa İttifaqı Şurası artıq Azərbaycanla Avropa İttifaqı arasında saziş layihəsinə dair rəsmi danışıqlara başlamaq üçün mandat verib”. Xarici işlər naziri Elmar Məmmədyarov bu fikirləri AzərTAc-a müsahibəsində deyib. Nazirin sözlərinə görə, hazırda sazişin hazırlanması üzrə tərəflərin nümayəndə heyətlərinin tərkibi formalaşdırılır. 

“2017-ci ilin əvvəlindən etibarən intensiv danışıqlar başlanılacaq”-deyə, E. Məmmədyarov əlavə edib.

Qeyd edək ki, ötən ilin sentyabrında Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsindən sonra Milli Məclis qurumla əməkdaşlığın dayandırılması ilə bağlı qərar qəbul etmişdi. Qərarda Azərbaycan Nazirlər Kabinetinə Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramında iştirakın məqsədəuyğunluğu məsələsinə yenidən baxmaq tövsiyə olunmuşdu.
 
Həmçinin Nazirlər Kabinetinə tapşırılmışdı ki, “Azərbaycanın rəsmi şəxsləri barəsində hər hansı sanksiyaların tətbiq ediləcəyi təqdirdə qatı anti-Azərbaycan mövqeyi nümayiş etdirən Avropa Parlamenti üzvlərinin və Avropa İttifaqı qurumları rəsmilərinin Azərbaycana girişinin qadağan edilməsi məsələsini nəzərdən keçirsin”.
Lakin bu il Avropa Parlamentinin böyük bir nümayəndə heyəti Bakıya gəldi və körpülər yenidən bərpa olundu. Bununla yanaşı, Azərbaycan Ukrayna və Gürcüstan kimi Rusiyanın qəzəbinə gəlməməkdən ötrü Qərb təsisatları ilə əməkdaşlıqda ehtiyatlı davranır. Düzdür, artıq Tiflis və Kiyev Avropaya vizasız gediş-gəlişə də nail olmaq üzrədir. Ancaq istənilən halda bu əməkdaşlığın Rusiya tərəfindən sərt reaksiya, hətta sürprizlə qarşılanacağı da istisna olunmur. 
 
Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a bildirdi ki, şimaldan hər hansı sürpriz gözləmir: “Bu proyektlər hərbi və ya hansısa təhlükəsizliklə baglı deyil. Odur ki, Rusiya Federasiyası tərəfdən problem olmamalıdır”.  
Ekspertin sözlərinə görə, ola bilər ki, viza məsələsi müsbət həllini tapsın. Həmçinin neft - qaz sferasında iqtisadi layihələr gerçəkləşsin.
 
H.Hacızadə əlavə etdi ki, rəsmi Bakı ilə Qərb arasında gərginlik qalır: “O da insan haqlarının ölkəmizdəki vəziyyəti ilə bağlıdır. Lakin bununla bağlı məsələlər hələ ki həll olunmur. Siyasi məhbuslar da var. Avropa Məhkəməsi tərəfindən günahsiz həbs olunmuş tanınmış adamlarla bağlı qərarlar çıxarılıb. Hələ də onları azad etmirlər. Əsas problem budur. Amma görünür ki, bu problemlər Avropanı indiyə kimi bizdən qaz - neft almaqdan çəkindirməyib”.
Cia.az