Azərbaycanda peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin artırılması, pensiya sistemi ilə bağlı digər düzəlişləri özündə əks etdirən “Əmək pensiyaları haqqında” Qanuna əlavə və dəyişikliklər layihəsi Milli Məclisə daxil olub.
Məlumata görə, qanun layihəsinin bu ilin sonunda müzakirəyə çıxarılması nəzərdə tutulsa da, sənədin müzakirəsinin vaxtı dəyişdirilərək parlamentin 2017-ci il yaz sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır. (APA) Daxil olan layihədə hərbçilərlə bağlı əmək pensiyası üçün yaş həddinin artırılması məsələsi əks olunmayıb. Digər bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı isə müvafiq olaraq artırılır. Layihədə ümumilikdə pensiya yaşının artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılması nəzərdə tutulur.
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov da “Yeni Müsavat”a bildirdi ki, bu məsələ ilə bağlı fikirlər səsləndiriləndən sonra o, rəsmi qurumlara müraciət edib: “Bildiyim qədər o məsələ geri qaytarıldı. Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə məsələləri komitəsinin üzvü Zahid Oruc da bildirdi ki, bununla bağlı layihəyə dəyişiklik olunub. Bildiyimə görə, hərbçilərlə bağlı 20 illik müddət olduğu kimi qalır. Ancaq 20 ildən sonra hər ilə görə məvaciblərinin üstünə 3 faiz əlavə olunurdusa, bu qanunun qəbulundan sonra 2 faiz hesablanacaq. Bu da prinsip etibarilə hərbçiləri ciddi narahat etmir. Hər halda, 25 il məsələsi fonunda normal yanaşmadır”.
Ü.Cəfərovun sözlərinə görə, sovet dövründə hərbçilərin 20 il xidmətdən sonra təqaüdə çıxması hərtərəfli ölçülüb-biçilərək qərar verilmişdi: “20 il işlək qabiliyyəti ilə bağlıdır. Orqanizmin fiziki göstəriciləri var. Təbii ki, 20 ildən sonra orqanizmdə əvvəlki illərlə müqayisədə fərqlər yaranır. Bunlar vaxtilə hesablanıb. Hesab edirəm ki, pensiya islahatı güc strukturlarına çox böyük ziyan vura bilər. Ona görə də bu məsələdə ehtiyatlı olmaq lazımdır”.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu isə qəzetimizə bildirdi ki, dekabrın 30-dakı plenar iclasda bununla bağlı müzakirələr nəzərdə tutulmayıb. Xidmət rəhbəri qeyd etdi ki, Milli Məclisin payız sessiyasının sonuncu iclasının gündəliyində 23 məsələ var və əmək pensiyaları ilə bağlı məsələ onların arasında yoxdur.
cia.az
