|
Rusiyadan Şarli Hebdoya cavab: Yalnız ruhi xəstələr insanların faciəsinə istehza ilə yanaşa bilər
Yalnız ruhi xəstələr insanların faciəsinə istehza ilə yanaşa bilər.
 
Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının İnformasiya siyasəti üzrə Komitəsinin sədr müavini Vladimir Krupennikov “Şarli Hebdo” (Сharlie Hebdo) jurnalının Tu-154 təyyarəsinin qəzaya düşməsi ilə bağlı dərc etdiyi karikaturalara münasibət bildirərkən deyib.
 
“Bunu edən insanların sadəcə ruhi xəstə olduğunu düşünürəm. Ona görə ki, siyasi mövqeyindən, hər hansı partiya və ya icmaya mənsubluğundan asılı olmayaraq, istənilən normal insan belə faciəyə istehza ilə yanaşmaz. Ümumi insani dəyərlər var. Karikaturanı yayımlayan insanlara mənim yazığım gəlir. Onlar xəstə ruhlu, psixi pozğunluqları olan şəxslərdir”, - Krupennikov bildirib.
 
Qeyd edək ki, dərc edilən karikaturalarda təyyarə qəzasında həlak olanlarla bağlı istehzalı ifadələr yer alıb. Rusiyada şok effekti doğuran bu karikaturalara bir-birinin ardınca çoxsaylı münasibət bildirilir və "Şarli Hebdo"nun insanlığa yaraşmayan bu addımı kəskin tənqid edilir.
cia.az