|
2017-ci il büdcəsi təsdiqləndi - ekspertlər “çətin olacaq” deyir
Dövlət başçısı İlham Əliyev 2017-ci il dövlət büdcəsi haqqında qanunu təsdiqləyib. Ölkə başçısı bununla bağlı müvafiq fərman imzalayıb. Sənədə əsasən, 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat, xərcləri 16 milyard 900 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 15 milyard 634 milyon 706 min manat, yerli gəlirləri 620 milyon 294 min manat, mərkəzləşdirilmiş xərcləri 16 milyard 211 milyon 286 min manat, yerli xərcləri 688 milyon 714 min manat) məbləğində təsdiq edilib. Ekspertlər musavat.com-a gələn ilin büdcəsini dəyərləndiriblər.
 
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, büdcənin ümumi təsnifatı inkişafa və iqtisadi artıma hesablanmış büdcə olmadığını göstərir: “Problemləri bacardıqca yola verməyə çalışan büdcədir. Sosial xərclərdən tutmuş iqtisadi layihələrə qədər hamısında azalmalar var. Bu azalmalar və ümumiyyətlə, büdcənin quruluşu onu göstərir ki, gələn ilin büdcəsi iqtisadi yüksəliş üçün nəzərdə tutulmuş büdcə deyil. İqtisadiyyatda yaranmış problemləri həll etmək, iqtisadiyyatın yavaşlamasının qarşısını almaq üçün nəzərdə tutulmuş büdcə deyil. Azərbaycanda uzun illərdir çox primitiv bir model qurulub. Büdcə xərcləri, əsasən də təmir-tikinti xərcləri iqtisadi aktivliyin lokomotivi idi. Büdcədən ayrılan vəsait hesabına iqtisadiyyatda sürətli inkişaf olurdu. Amma son iki ildə belə bir modelin dayanıqlı olmadığı ortaya çıxdı. Bir neçə il bundan öncə məşhur analoqu olmayan inkişaf modeli deyilən bir model buna görə formalaşmışdı. Büdcədən kifayət qədər böyük həcmdə investisiya xərcləri ayrılırdı. İnvestisiya xərcləri hesabına iqtisadiyyatda canlanma müşahidə olunurdu. İnvestisiya xərcləri də, təmir-tikinti xərcləri də gələn il azaldılıb. Bütün bu azalmalar iqtisadi aktivliyə mənfi təsir göstərir. Büdcənin özünün fəlsəfəsi, yanaşması, strukturu iqtisadi aktivliyin stimullaşdırılması üçün kifayət edəcək büdcə deyil”. 
Ekspertin sözlərinə görə, bu il baş verən proseslərin gələn il davamını görə bilərik: “Bu il çox çətin, ağır bir il oldu. Həm ümumi daxili məhsul azaldı, ikirəqəmli inflyasiya oldu, iş yerlərinin azalması, real gəlirlərin azalması müşahidə olundu. Gələn il də bu problemlərlə qarşılaşacağıq. 2017-ci il büdcəsi bu problemlərdə bir dönüş nöqtəsi yaratmaq üçün kifayət deyil. Büdcə ancaq yaranmış situasiyanı müəyyən dərəcədə idarə etmək üçün hesablanmış büdcədir. Həm xərclər hissəsinin kifayət qədər azalması, gəlirlər hissəsinin də azalması bunu göstərir. Büdcə kəsirində artım müşahidə olunur. Büdcəyə Azərbaycanın borclanmasının sürətlənməsini nəzərdə tutan bəzi parametrlər də daxil edilib. Gələn il Azərbaycan hökumətinə 10  milyard manata yaxın borc götürmək üçün bir koridor açılıb. Bu da indiki məzənnə ilə təxminən 7 milyard dollara yaxın vəsaitdir. Bu da gələn il borclanmanın daha da sürətlənməsi ehtimalını artırır. Əslində gələn ilin büdcəsinin təsnifatı onu deməyə əsas verir ki, 2017-ci il heç də 2016-cı ildən asan il olmayacaq”.
Qubad İbadoğlu isə qeyd edib ki, növbəti il üçün dövlət büdcəsi proqnozlarla kiçilsə də, onun reallığı da şübhə doğurur: “Hesablamalar göstərir ki, yeni təsdiq edilmiş dövlət büdcəsi 2008-ci il də daxil olmaqla, indiyə qədər formalaşan dövlət büdcələri arasında dollar ifadəsində ən kiçiyi olacaq. Eyni zamanda müqayisələr də göstərir ki, yeni büdcənin dollar ifadəsində adambaşına düşən xərcləri qonşu Qafqaz ölkələrindən belə aşağıdır. Növbəti il üçün dövlət büdcəsi hətta proqnozlarla kiçilsə də onun reallığı da şübhə doğurur. Çünki 2017-ci il büdcəsi 2005-ci ildən sonra ilk dəfə olaraq formalaşdırdığı büdcənin gəlirlərinin yarıdan çoxunu qeyri-neft sektorundan daxilolmalar hesabına təmin etməyi nəzərdə tutur. Bu isə xüsusilə də vergi orqanlarının qarşısında ciddi vəzifələr qoyur. Nəzərə alaq ki, artıq ilin sonudur. Yaxın günlərdə cari ilin büdcəsi tam xərclənərək boşalacaq, bundan əlavə, bu ilin sonuna büdcədə kəsir yaranacaq. Gözləntilərə görə, 2016-cı ilin büdcə kəsirinin məbləği 1 milyard manatdan çox olacaq ki, bu da Azərbaycanın büdcə tarixində ən böyük kəsiri hesab oluna bilər”. 
Ekspertin sözlərinə görə, beləliklə də Prezidentin Ehtiyat Fondu istisna olmaqla, yeni ilə sıfırlanan büdcənin mədaxilinin təminatı əsas yükü üzərinə götürən qeyri-neft bölməsinin durumundan asılı olacaq: “Milli iqtisadiyyatın da ən çox problemləri bu sektorda müşahidə olunur. Qeyri-neft ÜDM-nin tənəzzülü artıq 6 faizə yaxınlaşır, bu il ərzində qeyri-neft ixracat potensialı ötən ilin eyni dövrü ilə müqayisədə üçünü saxlaya bilib, idxal da ötən illə müqayisədə azalıb, mədaxilin 14 faizini təşkil edən hüquqi şəxslərin mənfəət vergisi 228 milyon manat azalıb, digər daxilolmalar üzrə azalma 1 milyard 960 milyon manat olub. Bununla yanaşı, növbəti il ərzində iş yerlərinin ixtisarının çoxalması, əmək haqlarının aşağı salınması hesabına fiziki şəxslərin gəlir vergisi, zərərlə işləyən müəssisələrin sayının artması və rentabelli müəssisələrin fəaliyyətində mənfəətin azalmasına görə hüquqi şəxslərin mənfəət vergisi, idxalın azalmasına görə ƏDV və gömrük rüsumları, neft hasilatının aşağı düşməsinə görə ARDNŞ-in və ABƏŞ-in ödənişlərində azalmaların qeydə alınması həmin mənbələrdən büdcə mədaxilinin formalaşmasında ciddi çətinlik yaradacaq. Bu, xüsusilə də gələn ilin 1-ci rübündə daha qabariq müşahidə olunacaq. Odur ki, yeganə ümid vergi amnistiyası adı ilə 2017-ci ilə qədər olan borcların 70 faizə qədərinin yığılmasınadır. Amma unutmayaq ki, mövcud vergi borclarının xeyli hissəsi dövlət şirkətlərinə məxsusdur, özəl şirkətlərə gəlincə, onlara məxsus olan borcları müxtəlif məhdudiyyətlərlə geri almaqda çətinlik çəkən Vergilər Nazirliyinə könüllü borc toplanması o qədər də asan başa gəlməyəcək”.