Donald Trampın ABŞ prezidenti kimi rəsmi fəaliyyətə başlamasına bir aydan az vaxt qaldı. Yanvarın 20-də inauqurasiya mərasimi olacaq, yanvarın 21-dən isə Tramp prezident vəzifəsinin icrasına başlayacaq. Tramp seçki kampaniyası zamanı bəyan edib ki, onun prezidentliyi dövründə ABŞ kənar ölkələrin daxili işlərinə qarışmayacaq, inqilablara dəstək verməyəcək.
Bəs Donald Trampın prezident kimi fəaliyyətə başlaması ABŞ-ın basqısı altında olan ölkələrin, rejimlərin rahat nəfəs almasına gətirib çıxaracaq, yoxsa əksinə olacaq?
Yeni AXCP-nin sədri Razi Nurullayev bildirdi ki, ABŞ-ın basqısı altında olan ölkələrin Tramp dönəmində sərbəst nəfəs alması təbii ki, asanlaşacaq. Ümumiyyətlə, Trampın xarici siyasəti Amerika maraqlarına aid hissələrdə kəskinliyi ilə fərqlənəcək.
Digər hallarda-demokratiya, azad cəmiyyətlər, insan hüquqları kimi məsələlərdə ciddi basqı olacağı gözlənilən deyil: “ABŞ daha da güclənməyə çalışacaq və bu sahədə ona maneçilik törədən ölkələrə qarşı aqressiv olacaq. Bir də Tramp ABŞ sərmayələrini digər ölkələrdən çəkməyə çalışacaq və təbii ki, bu da ABŞ-la həmin ölkələr arasında narazılıqlara gətirib çıxaracaq. Müsəlman ölkələri ilə problemləri davam edəcək və yəqin ki, ABŞ-ın ənənəvi müttəfiqi olan varlı ərəb ölkələri ilə münasibətlərini iqtisadiyyat üzərində quracaq. Siyasi dəstək isə maddiyyatla ölçüləcək. İnanmıram ki, yeni seçilmiş prezident Tramp müəyyən geopolitik məsələləri ABŞ-ın iqtisadi çıxarlarından üstün tutsun. Əgər ərəb ölkələrinin, o cümlədən ABŞ-ın siyasi və geopolitik anlamda dəstəklədiyi digər ölkələrin siyasi dəstəyə ehtiyacı olacaqsa, bunun əvəzini ödəməli olacaqlar”.
AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev isə bildirdi ki, Tramp komandasının xarici siyasətinin açıq konturlarını görmək üçün prezidentin 100 gününü gözləməyə ehtiyac olmayacaq. Gələn aydan prezident kimi fəaliyyətə başlayacaq Tramp ilk günlərdən bu istiqamətdə ABŞ-ın maraqlarının nədən ibarət olacağını ortaya qoyacaq. Komandada mühüm vəzifələrin bir hissəsinin döyüşkən reputasiyaya malik olan generallara, bir hissəsinin isə milyarderlərə həvalə olunması ABŞ-ın dünyanın hərbi və iqtisadi cəhətdən qubernatoru qalmaq və bunu möhkəmlətmək iddialarını bir daha irəli çəkir: “Əslində dövlət üçün belə iddialarda bulunmaq ölkəsinin milli maraqlarına və milli təhlükəsizliyinə xidmət deməkdir.
Baxmayaraq ki, digər dövlətlər bunu fərqli qiymətləndirə bilər. ABŞ-ın xarici siyasətində dövlətlərə və ya rejimlərə basqı ifadəsinə heç vaxt rast gəlməzsiniz. Ölkələrdə insan haqları, demokratik dəyərlərin müdafiəsinə önəm vermək və ya terror təşkilatlarına dəstək vermək ittihamı ilə bir sıra dövətləri suçlamaq keçmişdə də var idi, gələcəkdə də olacaq. Kimlərsə hesab edir ki, ABŞ Tramp dönəmində daha çox daxili problemlərlə məşğul olacaq, nəinki xarici problemlərlə, ciddi yanılırlar.
ABŞ -ı güclü super dövlət edən ilk növbədə onun dünya dövlətlərinə nüfuzetmə imkanlarına malik olmasıdır. İqtisadiyyatını və dünya liderliyini sabit saxlamaq üçün bu, vacib amildir. Bu şəkildə siyasətini quracağı halda daxildəki böyük güclər, o cümlədən senat, konqres ona mane olmayacaq. Əks halda isə Tramp üçün çətin olacaq”.
ciaaz
