|
Romada 400-dən çox italyan nəşriyyatçısını əhatə edən milli kitab yarmarkası təşkil edilib

Romada kiçik və orta nəşriyyat evlərinin “Daha çox kitab, daha çox azadlıq” adlı milli kitab yarmarkası təşkil edilib.

On beşinci dəfə keçirilən bu tədbir hər il 400-dən çox italyan nəşriyyatçısını öz ətrafına toplayır. Məlumat lövhələrindən başqa, yarmarka zamanı oxucuların müəlliflərlə görüşlərinin keçirilməsi üçün 300-dən çox tədbir təşkil olunur. Gənc oxucular daxil olmaqla, müxtəlif yaş təbəqələri və ədəbiyyat zövqlərinə malik şəxslərin diqqətini cəlb etməyə nail olan yarmarka, eyni zamanda, kiçik həcmli tədris mərkəzləri yaradıb.

Tədbirdə uşaq ədəbiyyatından poeziya, fantastika janrlarınadək ədəbiyyatın bütün sahələri əhatə olunub.

Bu il “Onların hamısı hekayədir” adı ilə Azərbaycan da daxil olmaqla, keçmiş Sovet İttifaqı respublikalarına aid nəşrləri təqdim edən Sandro Tetsi Nəşriyyat Evinin stendində Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” və akademik Kamal Abdullanın yeni nəşr edilmiş “Cadugərlər vadisi” kitabları da yer alıb.

Radio Radicalenin jurnalisti Cuzeppe De Leo və İtaliyanın nüfuzlu Tg1 Rai telekanalının direktor müavini Cennaro Sanquiliano bu stendin qonaqları olublar. Nəşriyyatçı Sandro Tetsi qonaqlara Azərbaycan mədəniyyətinə və ədəbiyyatına aid nümunələri təqdim edib.

Cia.az