|
Dilinin bəlasına düşən deputat üzr istədi, amma qalmaqal bitmədi
Milli Məclisin deputatı Astan Şahverdiyevin ötən həftə AzadlıqRadiosuna müsahibəsində Azərbaycandan Rusiyaya gedənləri “cəmiyyətin tullantıları” adlandırması kəskin etirazlara səbəb olub. Qeyd edək ki, Cəbrayıldan olan qaçqınların işıq probleminə görə keçirdikləri aksiyaya münasibət bildirərkən deputat etirazları təşkil edənləri “nəşəli”, “içkili” adlandırıb. Həmçinin iş dalınca Rusiyaya üz tutan azərbaycanlıların da ünvanına təhqiramiz ifadələr işlədib. Deputatın bu fikirləri sosial şəbəkələrdə və KİV-lərdə sərt reaksiyalara səbəb olub.  

Astan Şahverdiyev özü isə  KİV-lərə verdiyi açıqlamada ehtiyatsızlıq üzündən işlətdiyi ifadəyə görə insanları incitməsindən təəssüfləndiyini bildirib.  Deputat azvision.az-a açıqlamasında fikirlərini düzgün çatdırmadığını, niyyətinin kimisə təhqir etmək olmadığını deyib.
 
 “Dediyim sözlərdə Rusiyada və Avropada yaşayan bütün azərbaycanlıları nəzərdə tutmamışam. Həmçinin Rusiyada bazarda işləyənlərin hamısı elə deyil. Təəssüf edirəm ki, fikirlərim düzgün anlaşılmayıb. İstəməzdim belə olsun. Mən çıxışımda bütün azərbaycanlıları nəzərdə tutmamışam”. Astan Şahverdiyev lent.az-a açıqlamasında isə “sözlərimə görə üzr istəyirəm” deyib.   
 
“Report”a açıqlamasında A.Şahverdiyev deyib ki, Biləsuvarda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərin problemi “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə müzakirə edilib: “Məsələ Azərbaycan Prezident Administrasiyasına məruzə olunub. Artıq sakinlərin elektrik enerjisi bərpa edilib. Bu halların təkrar olunmaması üçün yollar axtarılır. Milli Məclisin dekabrın 30-da keçiriləcək plenar iclasında çıxış edəcəm, xahiş edəcəm ki, insanların problemi həll edilsin. Bilirsiz ki, qış sərt olacaq, camaatın da yeganə istilik mənbəyi elektrik enerjisidir. Camaatı başa düşürəm, onlar da gərək azğınlaşmasın”.
 
A.Şahverdiyev sonuncu fikirləri ilə yenə də etirazlara səbəb olub və sosial şəbəkələr vasitəsilə onun ünvanına kəskin fikirlər söylənilib. 
 
“Mən Astan Şahverdiyevin müsahibəsinin lent yazısını dinlədim. O, hətta cümlələri tamamlaya bilməyib. İçkili olduğu hiss olunur. Bu, olan vəziyyətdir”. 
 
Lent.az-ın məlumatına görə, bu sözləri A.Şahverdiyevin qardaşı oğlu Nemət Şahverdiyev özünün sosial şəbəkədəki hesabında yazıb. O deyib ki, insanların əmisinin sözlərinə görə narazılığını başa düşür: “Hətta atam onu tənbeh edib. Söhbət Rusiyada yaşayanlar haqda dediklərindən gedir. Təəssüf. Bir də onu deyim ki, özü haqda yazılanlara nəsə deyə bilmirəm. Ancaq onun dediklərinə görə Şahverdiyevlər məsuliyyət daşımır”.
 
Cəbrayıl rayonunun keçmiş icra başçısı Mahmud Quliyev isə deyib ki, insanların heysiyyəti ilə oynamaq olmaz: “Vəziyyət bu həddə gəlməməli idi. Bunun qarşısını vaxtında ala bilərdilər ki, insanlar etiraza qalxmasın. Astan Şahverdiyevin dediklərinə haqq qazandırmıram. Bu adam danışığını bilmir. Dediklərinə görə cəzasını alacaq”. (unikal.org) Xatırladaq ki, keçmiş icra başçısı da yerli əhaliyə qarşı həqarətlərə yol verdikdən sonra postundan uzaqlaşdırılmışdı. 

Bəs hakim partiya A.Şahverdiyevə dediklərinə görə xəbərdarlıq edibmi?

Image result for Siyavuş Novruzov
 
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a bildirdi ki, bu, partiya məsələsi deyil: “Hər bir deputat çıxışında sərbəstdir, öz sözünü partiya üzvü kimi deyil, deputat kimi bildirir. Həmkarımızın da hər hansı sözü və yaxud məsələyə reaksiyası özü ilə bağlı olan məsələdir. Digər tərəfdən, bununla da parlamentdəki intizam komissiyası məşğul olur. Əgər bir məsələ olsa, intizam komissiyası baxa bilər”. Şəxsi münasibətinə gəldikdə, S.Novruzov A.Şahverdiyevin dediklərini oxumadığını bildirdi: “Ordan-burdan mənə də jurnalistlər müraciət edib ki, bəs, belə bir çıxış edib. Çıxışının məğzini bilmirəm. Mən hesab edirəm ki, gərək hər kəs sözünün arxasında dursun, öz sözünə cavabdehlik daşısın. Nə deyib-deməyib, özünə müraciət edin, özü münasibət bildirsin”.
 
“Deputat Astan Şahverdiyevin etiraza səbəb olan sözlərinin həqiqətən onun tərəfindən deyilib-deyilməməsi hələ ki tərəfimizdən dəqiqləşdirilməyib”.
 
Bunu isə APA-ya açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev deyib. O bildirib ki, bu barədə eşidib, amma hələ əmin deyil: “Əgər təsdiqini tapsa ki, təhqir edib, əlbəttə, tədbir görüləcək. Hələ ki Milli Məclis rəhbərliyindən bununla bağlı komissiyanın iclasının çağırılması barədə mənə bir söz deyilməyib. Dekabrın 30-da plenar iclas olacaq və yəqin ki, o iclasda bu məsələ ilə bağlı qərar veriləcək. Amma indiki halda hansısa tədbirin görülməsi ilə bağlı bir qərar yoxdur”.
 
A.Abıyevin sözlərinə görə, A. Şahverdiyev həqiqətən təhqirə yol veribsə, bu, deputat üçün ciddi səhvdir.
 
Image result for Deputat Fazil Mustafa
 
Deputat Fazil Mustafa da facebook səhifəsində məsələyə aşağıdakı kimi münasibət bildirib: “Rusiyaya köçüb getmiş azərbaycanlılara qarşı ”otxod" sözünün işlədilməsinə münasibətim birmənalı mənfidir. Azərbaycandan xaricə getməyə məhkum olmuş insanlara bu cür yanaşma yolverilməzdir".
 
Image result for QAT sədri Akif Nağı
 
QAT sədri Akif Nağı isə A.Şahverdiyevin onun rəhbərlik etdiyi təşkilatın üzvü olması barədə məlumatları təkzib edib: “Astan Şahverdiyev adlı deputatın QAT üzvü olması ilə bağlı fikirlər səsləndirilir. Məlumat üçün bildirirəm ki, Astan Şahverdiyev 1993-cü ildə Qarabağ Azadlıq Hərəkatının yaradılmasında iştirak edib, bir müddət sonra rəhmətlik Xəqani Hüseynov və mənimlə birlikdə Qarabağ Azadlıq Hərəkatının həmsədri olub. 2003-cü ilə qədər bizimlə bir sırada olub, həmin ildən siyasi fəaliyyətini YAP-da davam etdirib və bizdən uzaqlaşıb. Deputat seçiləndən sonra əlaqəmiz tamamilə kəsilib. Aramızda salam-kəlam olub, duz-çörək kəsmişik, ona görə də artıq söz demək istəmirəm. Astan çox böyük qəbahət işlədib. Özündə cəsarət tapıb, səhvini etiraf etməli, təhqir etdiyi insanlardan üzr istəməlidir”.
cia.az