|
Qalmaqallı məhkəmələr gələn il də bitməyə bilər
Hazırda ölkədə bir neçə qalmaqallı məhkəmə prosesləri keçirilir. Söhbət “MTN çetesi”, “Rabitə işi” məhkəmələrindən gedir. “MTN-işi” ilə əlaqəsi olan bəzi məmurlara artıq hökm oxunsa da, böyük bir qisminin işi hələ məhkəmədədir. 

Keçmiş MTN-in yüksək rütbəli zabitləri ilə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də dövlətə külli miqdarda zərər vurmaqda təqsirləndirilən əməkdaşlarının məhkəmə prosesi davam edir.  Onlar arasında nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin keçmiş rəhbəri Beytulla Hüseynov, “Optik Qurğular” İdarəsinin sabiq rəisi Namazəli Məmmədov, “Rabitə Mülki Tikinti” MMC-lərinin keçmiş direktoru Emin Məmmədov və “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov da var. Hansı ki, bu şəxslərin birlikdə dövlətə milyonlarla zərər vurduğu bildirilir. Rəsmi ittihamda saxlanılan 11 nəfərin ümumilikdə dövlətə 143 milyon ziyan vurması qeyd edilir.
 
Həmçinin, keçmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, həmin Baş İdarənin 1-ci İdarəsinin rəisi, polkovnik Səlim Məmmədov, 2-ci idarənin rəisi, mayor Akif Əliyev və 3-cü idarənin rəisi Orxan Osmanovun da məhkəmə prosesi davam etdirilir.  Bu şəxslər də dövlətə külli miqdarda ziyan vurmaqla yanaşı, digər ağır maddələrlə də ittiham olunurlar. 
 
Onu da qeyd edək ki, ötən il noyabrın 25-də Baş Prokurorluğun yaydığı məlumatda keçmiş MTN-in 21 sabiq əməkdaşının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyi bildirilib. 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib. MTN əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.
 
Hüquqşünas Müzəffər Baxış “Yeni Müsavat”a bildirib ki, “MTN işi” ilə bağlı cinayət məsuliyyətinə cəlb edilənlərin bir qismi məhkəmə məsuliyyətinə verilib, digərlərinin isə üzərində istintaq gedir:

“Yalnız həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Eldar Mahmudov və digər şəxslər isə cinayət məsuliyyətinə cəlb olunmayacaq. Mən sizə tam məsuliyyətimlə deyirəm ki, ”MTN işi" ilə bağlı digərləri cinayət məsuliyyətinə cəlb olunmayacaqlar. Məhkəmə proseslərinin nə zaman yekunlaşmasına gəlincə, Cinayət Prosessual Məcəlləsində məhkəmənin yekunlaşması üçün konkret müddətlər nəzərdə tutulmayıb. Ola bilər ki, heç gələn il də bu məhkəmə prosesləri yekunlaşmasın. Müəyyən yeni xüsusatlar ortaya çıxa, kiminsə səhhətində problem yarana, yaxud da məhkəmənin özündə yeni ekspertlərin təyin edilməsi ilə bağlı vəsatətlər qaldırıla bilər. Həmin vəsatətlər də təmin edilə bilər. Belə olduğu halda konkret demək çətindir ki, 2017-ci ildə bəhs etdiyimiz bu məhkəmə prosesləri yekunlaşacaq. Ancaq ehtimal olunur ki, gələn il bu proseslər başa çatsın".