İran prezidenti Həsən Ruhaninin Ermənistan səfəri ötən həftə Azərbaycan mətbuatının gündəmini zəbt etdi. Hökumət və ictimaiyyət səviyyəsində rəsmi Tehranın mövqeyi sərt şəkildə tənqid olundu. Ölkənin bütün təbəqələri İranın ermənipərəst sevgisinə öz etirazını bildirdi.
Ruhaninin İrəvan səfərinə olan etirazın fonunda diqqətçəkən bir məqam oldu. Belə ki, fars rejiminin əsarəti altında Cənubi Azərbaycanda yaşayan 35 milyonluq azərbaycanlı İran rəhbərinin bu addımına qarşı etiraz səsini ucaltmadı. Bu da şimalda məyusluqla qarşılandı. Milyonlarla soydaşımızın susqunluğu bəzi müzakirələrə yol açdı.
Bu mövzuda söhbət etdiyimiz Dünya Azərbaycanlıları Konqresinin həmsədri, VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı hesab edir ki, Cənubi Azərbaycandakı insanların qəlblərində qorxu var: “Səslərini çıxaranları asırlar, həbsxanalara atırlar. İkinci bir tərəfdən də, burada olduğu kimi, orada da millətin hamısı eyni şüura malik deyil. Məsələnin incəliyini düşünmürlər. Azərbaycan-Ermənistan və Dağlıq Qarabağ məsələsini dərin düşünmək sanki istəmirlər. Amma əhalinin böyük əksəriyyəti Azərbaycan və Ermənistanın müharibə şəraitində yaşadığını yaxşı bilir, torpaqlarımızın işğal olduğunu bilməmiş deyillər. Sadəcə, etiraz etməyə imkanları yoxdur. Eyni zamanda təşkilatçılıq da sıfıra bərabərdir. Kütlənin bu işləri görməyə imkanları da yoxdur. Bu işlər təşkil olunmalıdır. Müəyyən qurumlar olmalıdır ki, bunların da yaranmasına imkan verilmir. Milli müqavimətin zəifliyi, milli maraqlardan uzaqlıq burada mühüm rol oynayır. Təəssüflər olsun ki, özünü Azərbaycan türkü kimi duymaq hissi də çox zəifdir. Günahın kökündə bu dayanır. Amma nəzərə alaq ki, bu etirazlar olsa belə, heç nə dəyişməyəcəkdi. Çünki İranın xarici işlər nazirinin dediyi kimi, farslar özlərini xaçlarla əqrəba hesab edirlər. Ermənilərlə yaxınlıqlarının bir ucunda bu dayanırsa, digər tərəfdə Rusiya amili və Rusiya-Ermənistan-İran üçlüyüdür. Bunun bir çox səbəbləri, kökləri var. Onların Azərbaycan düşmənçilikləri azalmır”.
S. Rüstəmxanlının sözlərinə görə, İran açıq şəkildə saxtakarlıq, bütün islam dünyasına xəyanət edir: “Bir yandan şiə qardaşlığından dəm vurur, digər tərəfdən xristianlara yardım edir. Digər tərəfdən də, bizim İsraillə əməkdaşlığımıza min cür maneə göstərməyə çalışır. Halbuki, dünyada yəhudi lobbisi bizim yaxın müttəfiqlərimizdən biridir. Bu lobbi ölkəmizi daim dəstəkləyib. Bizim dövlət olaraq, öz maraqlarımız var. Düşünürəm ki, xalq olaraq da, öz maraqlarımızı düşünməyə borcluyuq. Azərbaycan əslində 35 milyonun fikirlərini də burada ifadə etdi”.
DAK-ın həmsədri İranla münasibətlərin tam aydın olmasına böyük ehtiyacın olduğu qənaətindədir: “İran ölkəmizə hansı şəkildə yanaşırsa, biz də o şəkildə yanaşmalıyıq. İranda az qala Azərbaycanın adını çəkməyə can çəkirlər. Bizim torpaqlara açıq şəkildə iddia edirlər. Halbuki, İran fars dövləti olmayıb. Türklərin dövləti olub. Bu gün fars şovinizmin təsiri ilə Azərbaycan əleyhinə siyasət aparılırsa, onların oyunlarına dözməli deyilik. Bu gün onlar ölkəmizin hər yerinə şaxələniblər. Burada türk düşmənçiliyini təbliğ edən, şiə-sünni qarşıdurması yaradan mədəniyyət mərkəzləri açıblar, dini kitablarını satırlar. Hara əl atırsan, orada İranın düşmənçilik siyasəti görünür. Dövlətçilik siyasəti baxımından münasibətlərin qurulması vacibdir, amma bunu İran tərəf də düşünməlidir. Sonda qeyd edim ki, güneylilər Dağlıq Qarabağı problemini yaxşı anlayırlar. Buna görə onları ittiham etmək düzgün deyil. Müharibə illərində bura gələnlər, yardım edənlər olub. Bütün bunlardan ötrü müəyyən iş getməlidir. İran dövlətinin etirazlara ciddi əngəl göstərməsi faktorunu qətiyyən unutmaq olmaz. Əlimizdə olan imkanlardan istifadə edib, güneydə eyni millət olduğumuzu, daim bir-birimizə dəstək verməyin vacibliyini təbliğ etməliyik. İranın telekanalları ölkəmizin hər yerində göstərir. Bunların hamısı nəzərə alınmalı və buna qarşı adekvat tədbirlər görülməlidir”.
Cia.az
