25 gündən sonra Donald Tramp ABŞ-ın yeni prezidenti kimi and içərək vəzifəsinin icrasına başlayacaq. İndi hər kəs ABŞ-ın yeni prezidentinin vəzifəsinin icrasına başlamasının dünyadakı siyasi proseslərə, o cümlədən ölkəsinə mümkün təsirlərini öyrənməyə çalışır.
Məlum olduğu kimi, Tramp hələ seçilməmişdən öncə sələfi Obamadan fərqli olaraq Rusiya ilə münaqişə xəttini tutmayıb. Rusiya ilə münasibətlərin yumşalacağı mesajları verəcəyini deyən Tramp buna görə tənqid olunsa da, dəstək də görüb. Bu səbəbdən indi Qərb mediasında, əsasən də Trampa müxalif olan dairələr Trampın seçildikdən sonra Rusiya ilə yaxınlaşmasını fəlakət olaraq qiymətləndirirlər.
Məsələ ondadır ki, Amerikanın gələcək prezidenti Rusiya ilə münaqişə vəziyyətindən imtina edəcəyini, dünya ölkələrində çevrilişləri dəstəkləmək siyasətindən imtina edəcəyini, terrora qarşı mübarizə aparacağını bəyan edib. Bəs “Tramp erasını” Azərbaycan maraqları baxımından necə oxumaq lazımdır? Onun Putinə, Rusiyaya yaxınlaşması Azərbaycanın xeyrinə işləyəcək, yoxsa ziyanına? Bu yaxınlaşma Qarabağ münaqişəsinin həlli üçün nə vəd edir?
Doğrudur, buna qədər də ABŞ prezidentlərinin seçilməsi zamanı Azərbaycana, xüsusən də Dağlıq Qarabağ və Ermənistan-Azərbaycan münaqiçəsinə necə yanaşacaqları, münaqişənin həllinə necə münasibət göstərəcəkləri hər zmaan diqqətimizdə olub. Onu da xüsusi qeyd eləmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsi Rusiya-ABŞ münasibətlərindən müəyyən mənada asılıdır. İki nəhəng dövlətin razılaşmadığı hər hansı həll variantının baş tutması inandırıcı deyil. Bu mənada Rusiya ilə düşmənçiliyə son qoymaq istəyən Trampın hakimiyyəti dövründə Qarabağın taleyində dəyişikliklərin olması ilə bağlı ümidlər yaranır.
Avrasiya üzrə mütəxəssis, politoloq Orxan Qafarlı deyir ki, ABŞ və Rusiya arasında yaxınlaşmanın Azərbaycan üçün həm müsbət, həm də mənfi tərəfləri ola bilər. Onun fikrincə, enerji məsələlərində böyük ehtimalla Azərbaycanın Avropanın enerji təhlükəsizliyində iştirakı, Avropa üçün alternativ mənbə rolunu oynaması ABŞ tərəfindən dəstəklənəcək.

Ancaq bununla yanaşı O.Qafarlıya görə, regional məsələlərdə ABŞ-ın Cənubi Qafqaza çox müdaxilə edəcəyi inandırıcı görünmür: “Bu məsələdə bir az gözləmək lazımdır. Amma əgər İranla ABŞ arasında münasibətlər yenidən qırılarsa, o zaman Bakının önəmi Vaşinqton üçün yenidən artacaq. Belə olduğu halda hər şey Azərbaycandan aslı olacaq. Geopolitik seçimini kimə görə edəcək və ya belə bir seçim etmək məcburiyyətində qalacaq. Bakının İran-Rusya, yoxsa ABŞ və İsrail orbitini seçəcəyi regional siyasi vəziyyətdən və şərtlərin diktəsindən asılı olacaq. Yəni əgər İran məsələsi Vaşinqton üçün əsas gündəm olacaqsa, o zaman Gürcüstan və Azərbaycanın önəmi artacaq. Azərbaycan istiqamətində xarici siyasətini aktivləşdirəcək. Əks təqdirdə Rusiyanın bölgədə qısa müddətdə təsirini artırması mümkündür”.
Dağlıq Qarabağ münaqişəsinə gəlincə, O.Qafarlı deyir ki, münaqişənin taleyi də böyük ölçüdə ABŞ-ın İran siyasəti ilə bağlı olacaq: “Qarabağ regionda strateji əhəmiyyəti yüksək olan bir coğrafiyada yerləşir. Vaşinqtonun İranla bağlı qərarı münasibətlərin davamı və ya dayandırılması ilə bağlı olacaq. Vaşinqtonun İranla bağlı siyasi qərarı Qarabağ münaqişəsinin həllinə təsir edə bilər. ABŞ-ın sülh danışıqlarında aktivləşməsini yalnız bu zaman gözləyə bilərik. Əks təqdirdə, ABŞ üçün Qarabağ münaqişəsi bu gün Rusiyanın təsirinə verilmiş bir məsələdir”.
cia.az
