|
Konyak şəhərinin meri Tovuz-Konyak əməkdaşlığından danışıb

Azərbaycana dörd günlük səfər edən Fransanın Konyak şəhərinin meri Mişel Qurənşa ölkəsinə qayıtdıqdan sonra yerli “Charente Libre” qəzetinə müsahibə verib.

Mer Azərbaycanın Tovuz və Fransanın Konyak şəhərləri arasında imzalanan qardaşlaşma xartiyası çərçivəsində ikitərəfli münasibətlərin getdikcə genişləndiyini və möhkəmləndiyini vurğulayıb. Mişel Qurənşa Gəncədə keçirilən IV Beynəlxalq Şərab Festivalı haqqında məlumat verib. Eyni zamanda, Azərbaycanın strateji ölkə olduğunu diqqətə çatdırıb. Fransa və Azərbaycan arasında əməkdaşlığın inkişafından danışıb.

Mişel Qurənşa “Tovuz-Baltiya” şirkətinin Konyak şəhərində yerli “Meukov” şirkəti ilə əməkdaşlığına və onların birgə fəaliyyətinə toxunub. Azərbaycana səfəri çərçivəsində Tovuz şəhərində olduğunu və orada “Tovuz və Konyak arasında dostluq bağı” adlı parkın təməlinin qoyulduğunu diqqətə çatdırıb.

Jak Qogenin Konyak şəhəri ilə bağlı fotoları əsasında hazırlanmış sərginin 2017-ci ildə Tovuzda nümayiş olunacağını qeyd edən mer mədəniyyət sahəsində qarşılıqlı tədbirlər mübadiləsinin genişləndiriləcəyinə əminliyini bildirib.

Xatırladaq ki, Azərbaycanın Tovuz və Fransanın Konyak şəhərləri 2014-cü ildə qardaşlaşma protokolu imzalayıblar.

Cia.az