|
Filippin prezidenti BMT-nin ali komissarını “axmaq” adlandırdı
Filippin prezidenti Rodriqo Duterte BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Raad əl Hüseyni axmaq adlandırıb.

Virtualaz.org Reuters-ə istinadən bildirir ki, buna səbəb ali komissarın Filippin hökümətinə ölkə liderinin hərəkətlərini araşdırmağı təklif etməsi olub.
 
“Bu oğlan, ya zarafat etməyi sevir, ya da axmaqdır. Siz, BMT məmurları, oturmusunuz, biz isə sizə maaş ödəyirik. Sən, axmaq, mənə nə edəcəyim barədə götəriş vermə... Sənə bu hüququ kim verib?” - Duterte canlı yayımda bəyan edib.
 
Qeyd edək ki, bu ilin mayında prezident seçilən Duterte narkomanlarla, həmçinin narkotik alverçilərinə qarşı yürütdüyü kəskin siyasəti ilə seçilir. Polisin məlumatına görə, son aylar ölkədə narkotik ticarəti ilə bağlı 3 minə yaxın insan öldürülüb.
 
“Davaoda mən bunu şəxsən edirdim. Sadəcə bunu uşaqlara (polislərə-red.) göstərmək üçün etmişəm. Əgər mən bunu edirəmsə, onlar niyə də etməsinlər”, - deyə Duterte o vaxt bildirmişdi.
 
“Mən motosikletlə Davaoda gəzirdim və küçələrə nəzarət edirdim. Əslində mən qarşıdurma axtarırdım ki, kimisə öldürüm”, - deyə Filipin lideri daha sonra vurğulamış və əlavə etmişdi ki, başladığı kampaniyanı dayandırmaq fikrində deyil. Yeri gəlmişkən,Rodriqo Duterte 22 ildən çox Davaoda mer olub.
 
Zeyd Raad əl Hüseyn Filippin hökümətinə ölkə liderinin hərəkətlərini araşdırmağı məhz həmin etirafı nəzərə alaraq təklif etmişdi.