Dünya dövlətlərinin Rusiya ilə münasibətdə onun yanında, yaxud qarşısında olmaqla bağlı daim apardıqları tərəddüdlü siyasətin şahidi oluruq. Şimal qonşumuzun son illərdə apardığı məlum siyasət ölkə başçılarını Kremllə bağlı ehtiyatlı davranmağa vadar edir.
Görünən odur ki, dövlət rəhbərləri Rusiya prezidenti Vladimir Putinlə nə müttəfiq, nə də düşmən olmaq istəyirlər. Çünki istənilən halda təhlükə yaşaya biləcəklərini yaxşı anlayırlar. Belə ki, müttəfiq olacaqları təqdirdə Amerika başda olmaqla, Qərbi qarşılarında görəcəklərini yaxşı anlayırlar, eyni zamanda düşmən olacaqları halda isə Putinin qisas alacağından ehtiyat edirlər. “Forbes” jurnalının keçirdiyi sorğuda 2016-cı il üzrə dünyada Putinin “İlin adamı” seçilməsi də təsadüf deyil. Onun bu sırada yer alması heç şübhəsiz ki, həm güclü, həm də təhlükəli siyasətçi olmasından irəli gəlir.
Siyasi şərhçi Elxan Şahinoğlu Rusiya rəhbərinin qisas almağın yollarını bildiyini qeyd etdi: “Vladimir Putinlə düşmən olmağı kimsəyə arzulamıram. Putin Amerikanın Suriyadakı planlarını ona görə pozdu ki, Vaşinqton onunla hesablaşmırdı. Trampın prezident seçilməsində də Putinin rolunun olduğuna dair müxtəlif iddialar var. Bunu təsadüf də saymaq olar, ancaq Putin Tramp-Klinton mübarizəsində ikincinin məğlubiyyətini istəyirdi və Kreml sahibinin arzuladığı və bəlkə də planlaşdırdığı nəticə alındı.
Və ya Putin 2008-ci ildə ölkəsinin baş naziri olarkən belə prezident Dmitri Medvedyevə təzyiq etdi ki, Rusiya ordusu Gürcüstana müdaxilə etsin. Ukrayna fərqli yol seçdiyinə görə Putin qardaş adlandırdığı ölkəni də parçaladı, fürsətçi kimi Krımı Rusiyaya qatdı. Türkiyə sərhədini keçən Rusiyanın hərbi təyyarəsinin vurulmasından sonra Putinin növbəti hədəfi qardaş ölkə oldu. Putin Türkiyə ilə bütün əlaqələri kəsməklə yanaşı, ordusuna əmr verdi ki, əgər Türkiyənin hər hansı hərbi təyyarəsi Suriya sərhədini keçərsə, həmin təyyarə anında vurulmalıdır. Bunu bilən Ankara Moskva ilə küsülü qaldığı dövrdə bir dəfə də Suriya sərhədini keçmədi.
Türkiyə hakimiyyəti Qərbin də tənqidləri ilə üzləşdiyindən yenidən üzünü Kremlə çevirdi, bu gün iki ölkə strateji tərəfdaşlıq əlaqələrini bərpa ediblər. Rusiya təhlükəli ölkədir, ona görə bu ətrafdakı dövlətlərin bir qismi Rusiya ilə münasibətlərdə problem yaşamaq istəmirlər. Hətta Avropa İttifaqına daxil olan dövlətlərin tamamı Krımın işğalına görə Rusiyaya sanksiya tətbiq etsələr də, bəziləri Putinlə yenidən dostlaşmağın yollarını arayırlar.
Ancaq Putinlə dostluq da rahat həyat vəd etmir. Putinin yanında olmaq onun bütün istəklərinin yerinə yetirilməsindən keçir. Bu isə hətta Rusiyaya müttəfiq olan ölkələrin işinə yaramır. Məsələn, Rusiyanın əsas strateji müttəfiqi Belarusdur. Ancaq Belarus prezidenti Aleksandr Lukaşenko belə Rusiya hakimiyyətinin siyasətindən narazıdır. O biri müttəfiqi Qazaxıstan da Ukrayna hadisələrindən sonra Putindən ehtiyat edir. Yəni Putinlə yaxınlıq da təhlükəsiz həyatın təminatı demək deyil”.
Siyasi şərhçi rəsmi Ankaranın Bakının yolunu seçdiyini də qeyd etdi: “Biz bilirik ki, Rusiya işğalçı Ermənistana dəstək verir. Buna rəğmən, biz Rusiya ilə münasibətləri gərginləşdirə bilmərik. Çünki qarşımızda Gürcüstan və Ukrayna nümunələri var. Digər tərəfdən, Rusiyada yüzminlərlə azərbaycanlı yaşayır ki, bu amili də kənara ata bilmərik. Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirməklə yanaşı, siyasi təmasları üst səviyyədə saxlamaq doğru taktikadır. Buna baxmayaraq, zaman-zaman narahatlıqlarımızı da Rusiya hakimiyyətinə bildirməliyik ki, heç də bütün proseslərin onlar istədikləri kimi getmədiyini anlasınlar. Bu deyilənlər Türkiyəyə də aiddir. Ankara Putinin Əsəd rejiminə verdiyi dəstəkdən narahatdır, zaman-zaman sərt açıqlamalar da səsləndirdi. Ancaq bu tənqidlərin bir xeyri olmadı, tam əksinə, Moskva Əsədi gücləndirdi və Türkiyə Rusiya ilə münasibətlərinin gərginliyindən iqtisadi baxımdan zərər gördü. Ona görə də Ankara Bakının taktikasını seçdi. Yəni Rusiyanı strateji tərəfdaş adlandırmaqla yanaşı, narahatlıqlarını da Kremlin diqqətinə çatdırmağa başladı”.
