“Azərbaycan və Qazaxıstan müsəlman dünyasının vacib və böyük ölkələridir” deyən İsrailin baş naziri Benyamin Netanyahu Bakıya səfərindən sonra da ölkəmiz haqqında yüksək fikirlər səsləndirdi. 20 illik fasilədən sonra Azərbaycana ikinci dəfə səfər edən İsrail hökumətinin başçısının mövqeyindən bəlli oldu ki, Tel-Əviv Bakı ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaqda maraqlıdır.
İsrailin Azərbaycana verdiyi hərbi dəstəyin məntiqi nəticəsi elə bu ilin aprelində çoxlarını həyəcanlandırdı. Azərbaycan rəhbərliyi də İsraillə 5 milyardlıq hərbi əməkdaşlığın davam etdiriləcəyini dedi. Ancaq Azərbaycanın indiyə qədər İsraildə səfirlik açmaması suallar doğurur. Hansı ki, İsrailin Bakıdakı səfirliyi müstəqilliyimizin ilk illərindən fəaliyyətdədir.
Gələn il isə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olacaq. Bu mənada yəhudi və Azərbaycan xalqlarının dostluq və səmimi münasibətlərini daha da yüksək səviyyəyə qaldırmağa xidmət edəcək növbəti addımın atılması faydalı hesab olunur. Düzdür, bu məsələyə İranın təpkili reaksiya verə biləcəyi də nəzərə alınır. Ancaq İsrailin baş nazirinin Bakı səfərindən sonra İran prezidentinin İrəvanda ermənilərə “əbədi dostluq” vəd etməsi Azərbaycanı növbəti addımlar atmağa sövq edə bilər.
Xatırladaq ki, müsəlman ölkələrindən Türkiyə, Qazaxıstan, Misir və İordaniyanın İsraildə səfirlikləri fəaliyyət göstərir. İsrailin də Türkiyə, Misir və İordaniyada səfirliyi var. Müşahidəçilər hesab edir ki, Bakının Tel-Əvivdə səfirlik açması məsələsi İranın növbəti davranışlarından asılı ola bilər.

Politoloq Arzu Nağıyev təsdiqlədi ki, Azərbaycanın müstəqilliyini ilk tanıyanlardan biri məhz İsrail olub və 1993-cü ildən İsrailin bizim ölkədə səfirliyi fəaliyyət göstərir: “Azərbaycanın isə İsraildə səfirliyi yoxdur. Bu, o demək deyil ki, bizim diplomatik fəaliyyətimiz və ya iqtisadi əlaqələrimiz yoxdur. İsrail Azərbaycandan ən çox neft idxal edən ikinci dövlətdir. Bundan başqa, Bakı-Tel-Əviv marşrutu ilə 1993-cü ildən əlaqələr var. Silah və hərbi avadanlıqlarla bağlı müqavilələrimiz də milyard dollarla ölçülür. Yəni səfirliyin olmaması, göründüyü kimi, iki dövlət arasında nə siyasi, nə də iqtisadi problemlər yaratmır. Sadəcə olaraq, müsəlman və daha doğrusu, ərəb dünyası və İranla bir balans saxlanılır və bu da təbii ki, əsas səbəb deyil”.
A.Nağıyev əmindir ki, bu, vaxta bağlı bir məsələdir və öz həllini yəqin tapacaq: “Misal üçün, Türkiyə və İsrail 1991-ci ilə qədər səfirliklərlə təmsil edilməmişdilər - baxmayaraq ki, 1949-cu ildən hərtərəfli əlaqələri mövcud idi. Yəni Türkiyə də müsəlman dünyası ilə sıx əlaqəli dövlətdir və Azərbaycanla bir yerdə İsraillə ən yaxın əlaqələri olan azsaylı ölkələrdəndir. Mədəni əlaqələrə gəldikdə isə Azərbaycanda min illərlə yəhudi icması mövcuddur və onların da İsraildə yaşayan yaxın qohumları ilə əlaqələri yüksək səviyyədədir, Milli Məclisdə təmsil olunurlar. Yəni İsrailin də Azərbaycanda öz maraqlarını, lobbiçilik siyasətinı həyat keçirə biləcək imkanları var və əksinə. Təbii ki, Netanyahunun səfərindən sonra bu proses daha da genişlənəcək və İran və ya digər dövlətlər Azərbaycanın daxili və xarici siyasətini həyata keçirməkdə maneə ola bilməz”.
cia.az
