|
Avropa dövlətləri hərəkətə keçir-miqrantlar qovula bilər
Son günlərdə Avropadakı miqrantlar məsələsi yenidən müzakirə obyekti olub. Buna səbəb Berlində təşkil olunan Milad bazarında törədilən dəhşətli faciə və İtaliyada bir mühacirin Yeni il yolkasını dağıtmasıdır. 

Ümumilikdə son bir ildə Avropada baş verən əksər faciələr mühacir müsəlmanlar tərəfindən törədilib. Bu da xristian dünyasının əlinə müsəlmanlara qarşı siyasət yürütmək üçün əsaslar verib. Artıq miqrantların Avropadan qovulacağı ilə bağlı fikirlər səslənməkdədir. Təsadüfi deyil ki, xristian ölkələrində keçirilən seçkilərdə hakimiyyətə gəlmək istəyən qüvvələr daha çox bu faktordan istifadə edirlər, yəni təmsilçiləri olduqları ölkələrdən miqrantları çıxaracaqları ilə bağlı təbliğatlar aparırlar, bu da sonucda onların qələbələrini reallaşdıran səbəblərdən biri olur. Çünki yerli əhali bu cür fikirləri daha çox dəstəkləyir. Amerikada ötən ay keçirilən seçkilərdə Donald Trampın müsəlmanlar, miqrantlarla bağlı çıxışları da onun prezident seçilməsində mühüm faktor oldu. 

Xüsusilə miqrant ərəblərə qarşı Avropada antipatiya yaranıb. Onların davranış tərzləri, Avropa mədəniyyətinə uyğunlaşa bilməmələri bu cür fikirlərin formalaşmasına səbəb olur. 
 
Politoloq Qabil Hüseynli son vaxtlar Avropada miqrantlara qarşı münasibətin daha da pisləşdiyini qeyd etdi: “Sağ təmayüllü partiyalar miqrantların əleyhinə şüarlar səsləndirə-səsləndirə, xalqı antimiqrant əhval-ruhiyyəsinə kökləyə-kökləyə həm səslər yığırlar, həm də əhali ilə miqrantlar arasında qarşıdurma yaradırlar. Hökumətlər də çıxılmaz vəziyyətdə qalıblar. Bir tərəfdən öz xalqlarının təzyiqi, o biri tərəfdən isə miqrantların qanunları əllərində tutaraq, Avropada yerləşməyə çalışmaları və onların yaratdıqları problemlər çətin vəziyyət yaradıb. Berlindəki hücum, digər terrorlar heç bir dinə sığışmayan hərəkətdir. Yenə də Almaniyada əfqanıstanlının qatara girərək, insanları baltalaması, suriyalıların ilin əvvəlində Köln şəhərində qadınlara hücum etmələri və onlara qarşı namussuz hərəkətlərə yol vermələri onu göstərir ki, şüur və mədəniyyət etibarı ilə Avropaya gələnlər ora nə uyğunlaşa, nə də inteqrasiya edə bilirlər. Yerli qayda-qanunlara adaptasiya oluna da bilmirlər. Miqrantlar həm dili öyrənməkdə tənbəllik edirlər, həm də işləməyə, cəmiyyətdə yer tutmağa meylli olmurlar. Avropanın öz mədəniyyətini, ölkəsindəki qayda-qanunları qorumağa haqqı var. Qoca qitənin öz miqrantlarını başqa ölkəyə, eləcə də başqa ölkənin miqrantını öz ərazisinə buraxmamasında məntiq tapmaq mümkündür. Hökumətlər artıq miqrantlarla bağlı qanunları sərtləşdirirlər. Yalnız dili bilən, Avropa mədəniyyətinə uyğunlaşan insanların orada qalmalarına icazə verirlər. Yerdə qalanlar isə dələduzluq edərək, dələduzların yardımı ilə Avropada rahat həyat axtarışına çıxırlar. Onları təmənnasız vizalarla təmin edirlər, müavinətlər verirlər. Nəticədə bu miqrantlar bir neçə il Avropada yaşaya bilirlər. Sonra isə cızıqlarından çıxaraq, olduqları ölkələrdə İslamın zəif olması, yaxud olmaması kimi məntiqə sığmayan etirazlar edirlər”.
 
Politoloq miqrant probleminin yaranmasında Avropanın özünün də günahı olduğunu vurğuladı: “Avropanın müstəmləkə siyasətinin izlərinin qalmasının da miqrantlarda bu cür əhval-ruhiyyənin yaranmasına səbəb olan amillərdən biri olduğunu söyləmək mümkündür. Yerli əhaliyə qarşı belə münasibət sərgiləmək, qayda-qanunlara əməl etməmək sonda miqrantların ya həmin ölkələrdən çıxarılmasına səbəb olur, ya da gələcəkdə buna səbəb olacaq. Hazırda Avropada miqrant problemini terrordan sonra ən təhlükəli problem sayırlar. Belə hesab edirlər ki, terror sayının artmasına səbəb miqrant axını, onların Avropa ölkələrində yerləşmələridir. Onlar ya miqrantların ölkədən çıxarılması yollarını arayırlar, ya da hökumət səviyyəsində bunu edirlər. Avropa belə hesab edir ki, ona İslam şüurunu daşıyan, özündə Avropa mədəniyyəti ilə qarşıdurma yaradan baxışların daşıyıcıları lazım deyil. Miqrantların özlərinin qanunazidd hərəkətləri, ölkənin qayda-qanunlarına uyğunlaşa bilməmələri, cəmiyyətə demək olar ki, inteqrasiya etməkdə çətinlik çəkmələri, cəmiyyətlə qarışıb-qaynaya bilməmələri, yerli əhalidə ikrah hissi oyadan hərəkətlərə yol vermələri bu problemləri yaradır. Bu da antimiqrant əhval-ruhiyyəsinin formalaşmasına səbəb olur”.
cia.az