|
Bakı-Sumqayıt qatarının sərnişinləri çoxalıb

Elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləndən sonra sərnişin sıxlığı artıb. Bu haqda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

Onun sözlərinə görə, Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişin sıxlığı günbəgün artmaqdadır.

“Noyabrın 19-dan etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləndən sonra sərnişin sıxlığı artan istiqamətdə davam edir. Aparılan araşdırmalar göstərir ki, əgər əvvəllər gün ərzində 2500-3000 sərnişin daşınırdısa, noyabr ayının 19-dan etibarən gün ərzində daşınan sərnişinlərin sayı 5000-ni keçib”.

S.Qədirova deyib ki, hər iki stansiyada yüksək səviyyədə yenidənqurma işləri aparılıb:

“Biləcəri stansiyasında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda platforma, 7 ədəd oturacaq, 12 ədəd turniket, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr uzunluğunda platforma, 1 ədəd turniket, 4 ədəd oturacaq quraşdırılıb.

Xırdalan stansiyasiyasında isə 450 metr uzunluğunda platforma, 2 ədəd turniket, 10 ədəd ikitərəfli oturacaq tikilib istifadəyə verilib”.

Cia.az