|
Miqrantlar Avropanı viran qoymaq istəyir
Xəbər verildiyi kimi, Berlində təşkil olunan izdihamlı Milad bazarına yük maşınının girməsi nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb. Almaniya polisi hadisəni “mümkün terror hücumu” kimi araşdırır. 
 
Hüquq-mühafizə orqanları sürücünü saxlayıb. Onun sığınacaq axtarmaq üçün Almaniyaya Pakistan və yaxud da Əfqanıstandan fevral ayında gəldiyi bildirilir. Saxlanılan şəxsin xırda cinayətlərə görə polisə düşdüyü qeyd olunur. Hərçənd ki, onun terrorçuluqla bağlı əlaqələri barədə məlumat yoxdur.  Bundan bir neçə gün öncə isə İtaliyada daha bir mühacir Yeni il yolkasını dağıdıb. Son bir neçə gündə baş vermiş bu hadisələr göstərir ki, Avropaya axın edən mühacirlər terrorla bağlı əməllərinə start veriblər.
 
Dekabrın 20-də İsveçrənin Sürix şəhərindəki məscidlərdən birində naməlum şəxs ibadət edənlərə atəş açıb. Polisin məlumatına görə, hadisə nəticəsində 3 kişi ağır yaralanıb. Hazırda polis hadisə yerindən qaçan şəxsi axtarır. Bundan əlavə, hadisənin baş verdiyi İslam mərkəzi yaxınlığında bir kişi meyiti tapılıb. Hazırda bu məlumatın məsciddə baş verən hadisə ilə bağlılığı araşdırılır.
 
Amma bu, ilin əvvəlindən Avropada baş verən çoxlu saydakı terrorlardan bir neçəsidir. Bundan öncə baş verənlərdən bəzilərini yada salaq. 22 mart 2016-cı ildə Belçikanın paytaxtı Brüsseldə ard-arda bir neçə terror hadisəsi baş verib. Partlayışlar Zavengen Beynəlxalq Hava Limanında və metroda törədilib. Terror hadisəsi nəticəsində 34 nəfər ölüb, 250 nəfər isə yaralanıb. 
 
Eyni il iyunun 12-də ABŞ tarixində 11 sentyabr terror aktlarından sonra ən çox insanın öldürüldüyü terror hadisəsi baş verib. Florida ştatındakı Orlando şəhərində “Pulse” adlı gecə klubunda baş vermiş gülləbaran zamanı qatil də daxil olmaqla, 51 nəfər ölüb, 53 nəfərdən çox insan isə müxtəlif bədən xəsarəti alıb. 
 
İyul ayında Fransanın Nitsa şəhərində Bastiliya Günü şərəfinə keçirilən bayram şənliyi faciə ilə başa çatıb. İyulun 14-də bayram şənliyində iştirak edən izdihamın içinə yük avtomobilinin girməsi nəticəsində 84 nəfər həyatını itirib, 100-dən çoxu yaralanıb. Təxminən saatda 90 kilometr sürətlə hərəkət edən yük avtomobili fişənglərin havaya atılmasını izləyən insanların içinə daxil olaraq 2 kilometr irəliləyib və onların üzərinə atəş açıb. İnsanların çoxu yük avtomobilinin altında qalaraq həyatını itirib. Ölənlərin içində Avstraliya, Çin, Estoniya, Almaniya, İrlandiya, Mərakeş, Portuqaliya, Rusiya, İsveçrə, Ukrayna, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları vətəndaşları da olub.

Bu cür terror aktlarının qorxusundan martın 18-də Türkiyə ilə Avropa İttifaqı arasında əldə olunmuş razılaşmaya əsasən, Türkiyədən Yunanıstana gələn bütün qeyri-leqal miqrantlar geri qaytarıldı. Martın 22-də Brüsseldə törədilmiş və 31 nəfərin ölümü ilə nəticələnmiş terror aktından sonra isə bütün Avropa İttifaqı ölkələrində ciddi təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə başlanıldı.  
 
Əksər siyasətçilər və ekspertlərin rəylərinə əsasən, Parisdə və Brüsseldə törədilmiş terror aktları bir daha nümayiş etdirdi ki, terrorizm Avropa İttifaqı üçün sistem xarakterli təhlükədir. Bu problemi həll etmək üçün təkcə xüsusi xidmət orqanlarını silkələmək kifayət etmir. Hazırkı dövrə kimi liberal baxışları ilə vəziyyətin kəskinləşməsinə yol vermək istəməyən Avropa siyasətçiləri də artıq sərt tədbirlərin həyata keçirilməsi ilə bağlı səslərini ucaldırlar.
 
Bu sərt tədbirlər sırasında isə heç şübhəsiz ki, miqrantlara qarşı daha sərt münasibət yer alır. Çünki ötən il miqrantların hərəkətləri qadınlara, qızlara münasibətdə əxlaqsız hərəkətlər etmək idisə, artıq bu neqativliyin sərhədləri genişlənib. Ekspertlər isə deyirlər ki, artıq Avropada yeni miqrant terror dalğasının başlayacağı qaçılmazdır. Bununla paralel, baş vermiş neqativ halların qəsdən şişirdilməsi, miqrantlara qarşı aqressiyanın artırılması üçün məqsədli şəkildə bu olayların ictimailəşdirilməsi ilə bağlı rəylər də var.
 
Avropa isə terror olaylarına heç də mütəşəkkil şəkildə hazırlıqlı deyil. Belə ki, belə bir təhlükənin olması ehtimalı hər zaman üçün aktual görünsə də, qabaqlayıcı tədbirlər lazımi səviyyədə həyata keçirilmir. Son bir ildə bir neçə dəfə Avropa şəhərlərinin hava limanında olan həmvətənlərimiz danışır ki, təhlükəsizlik məqsədilə həyata keçirilən əməliyyatlar yetərli deyil. Terrorçunun hər hansı partlama törətməsi üçün şərait var. Yaxın keçmişdə baş vermiş terror aktlarından da lazımi dərs çıxarılmayıb. Buna paralel olaraq isə dəfələrlə Avropa ölkələri rəhbərləri təhlükəsizliklə bağlı tədbirlər keçirərək, terrorizmlə mübarizənin üsullarını müzakirə ediblər. 
cia.az