|
Yeni il əfvinə sayılı günlər qaldı
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə 10 gün qalır. Hər ilin bu vaxtları əfv sərəncamı gündəmə gəlsə də, bu il az müddət qalmasına baxmayaraq, bu məsələ demək olar ki, gündəmdən çıxarılıb. Bu da Yeni ildə əfv sərəncamının imzalanacağına olan ümidləri azaldır.

Doğrudur, bu ayın əvvəllərində bu məsələ ciddi şəkildə gündəmə gəlmiş, hökumətin hər il olduğu kimi, bu ilin Yeni ilində də ənənəvi olaraq, əfv verəcəyi barədə söz-söhbətlər gəzirdi. Hətta Əfv Komissiyasının üzvləri və hüquq müdafiəçiləri də əminliklə əfvdən danışırdılar. Lakin birdən-birə bu müzakirələr dayandı. 
 
Amma bununla belə, ara-sıra bu ayın sonunda əfvin veriləcəyi barədə fikirlər səslənməkdədir. Xüsusilə bir sıra siyasi məhbusların, başda REAL sədri İlqar Məmmədov olmaqla, azadlığa buraxılacaqları bildirilir. İ.Məmmədovun ötən ay məhz əfvlə azadlığa buraxılması üçün Ali Məhkəmədə həbsdə saxlanıldığı deyilir. Son olaraq Avropa Şurası Nazirlər Kabinetinin onun barəsində növbəti qərarını qəbul etməsinin də proseslərə təsiri vurğulanır. 

REAL sədrinin  həyat yoldaşı Vəfa Məmmədova “Yeni Müsavat”a açıqlamasında bunları dedi: “Hər ilin bu vaxtları mətbuatda əfv olacağı barədə xəbərlər gedirdi. Amma indi Yeni ilə günlər qalıb, heç bir məlumat yoxdur. Bununla belə, əfv sərəncamı imzalanarsa, siyahıda İlqarın adının olub-olmaması ilə bağlı bir söz deyə bilərəm. Açığı, buna ümidim də yoxdur. Hər halda, Avropa Şurasının  Nazirlər Kabinetinin 46.4-cü maddə ilə qərarı var. Yaxın zamanlarda bu qərar qüvvəyə minə bilər, təbii ki, İlqar azad olunmasa. Avropa Məhkəməsində də İlqarın işi davam edir. Axırıncı dəfə İlqarla bazar günü danışmışıq. Hər şey qaydasındadır, özünün də vəziyyəti yaxşıdır”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı əfv məsələsi ilə bağlı cəmiyyətdə susqunluğun əmələ gəldiyini söylədi: “Yay aylarında vətəndaş cəmiyyəti daha aktiv idi, müxtəlif tədbirlər keçirilirdi. Amma indi QHT-lər sanki depressiyaya düşüblər. Bir qrup hüquq müdafiəçi kimi Əfv Komissiyasına müraciət etmişik. Bildiyimiz kimi, elə siyasilər var ki, ümumiyyətlə əfv müraciəti etmək fikrində deyillər. Biz yenidən məhkəmə proseslərinin keçirilməsini təklif edirik. Müvafiq dövlət qurumuna da bu barədə müraciət etmişik. Əlimizdən gələni edirik. Pessimist olmaq lazım deyil. Düşünürəm ki, prezident yenə də əfv sərəncamı verəcək”.
cia.az