|
“22 yaşlı gəncin təkbaşına belə qərar verməsi mümkün deyil”
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsi dünyanın bütün digər müzakirə mövzularını kölgədə qoyan dəhşətli hadisə oldu. Azərbaycanın iki nəhəng qonşusunun üz-üzə qoyulmasına hesablanan bu olayla bağlı Türkiyədə yaşayan və işləyən politoloq Toğrul İsmayılla danışdıq: 


- Toğrul bəy, facebook statusunuzdan da aydın oldu ki, səfirlə davamlı kontaktlarınız olub. Hadisə barədə nə deyə bilərsiniz?
 
- Çox təəssüf... Olmaması lazım idi, amma oldu.  Özü də 2-3 gün əvvəl səfirlə bir konfransdaydıq. Bir də çox qəribədir, Türkiyədə səfir kimi çalışdığı illərdə qatıldığı ilk və son toplantılar mənim təşkilatçılığımla keçirilmişdi. Təbii ki, mən sərgini nəzərə almıram. Məcazi anlamda adamı qarşıladıq, yola saldıq.
 
- Terror olayı ilə bağlı çoxsaylı versiyalar var. Sizcə, rus səfirin Türkiyədə qətli kimə, hansı qüvvələrə lazım idi?
 
- Hər iki ölkənin prezidenti də açıqlama verdi. Bu hadisə Türkiyə-Rusiya münasibətlərinin düzəlməsini istəməyən güclərə lazımdır. Bu nöqteyi-nəzərdən əlbəttə ki, ikili münasibətlərə zərər gətirəcək bir addımdır. Bəzi ipucları verirlər, amma bunun arxasında kimlərin olduğunu deyə bilmərəm, çox çətin məsələdir. Bunu deyə bilərəm ki, çox ciddi şəkildə hazırlanmış, hesablanmış, öncədən planlaşdırılmış bir terror əməliyyatıdır. 
 
- Olduqca həssas bir dövrdə, addımbaşı terror riskinin yaşandığı ölkədə münasibətləri yenicə normallaşan bir ölkənin səfirinin mühafizəsiz hərəkətinə imkan verilməsi nə dərəcədə normaldır?

 
 
- Protokollar var da. Bir diplomatın qorunması diplomatik korpusun istədiyi şəkildə gerçəkləşər. Əgər Rusiya səfirliyi bununla bağlı tələb irəli sürməyibsə, Türkiyə tərəfi səfirə mühafizə ayıra bilməz. Amma Rusiyanın özü də əslində Türkiyədəki hadisələri, Suriya ilə həmsərhəd olmasını, dünyanın hər yerində özünün diplomatlarının və vətəndaşlarının təhlükə altında olduğunu nəzərə almalı idi. Dolayısı ilə Rusiyanın da diplomatik korpuslarının təhlükəsizliyini gücləndirməsi lazım idi. Mən Karlovu şəxsən tanıyırdım. O, mühafizəni sevməyən, özünə əmin olan bir şəxs idi. Bütün bunları nəzərə alsaq, terrorun reallaşması üçün çox rahat zəmin hazırlanıb. Amma səfirlik binası mühafizə altındadır. 
 
- Terrorçunun zərərsizləşdirilməsi yalnız 40 dəqiqəyə mümkün olub. Niyə belə gec? Yaxud onu yaralı halda ələ keçirmək olmazdımı? 
 
- Daxili işlər nazirinin özü əməliyyata rəhbərlik edib.   Təbii ki, o, sağ ələ keçə, sonradan ifadə verə, məqsəd-məramını açıqlaya, Hələbdə öldürülənlərlə əlaqədar bu addımı atdığını deyə, bununla da özünü qəhrəman kimi təqdim edə bilərdi. Amma görünür, terrorçu özünün də ölümünə gedibmiş. Kamikadze kimi... Məlumat verməsin deyə ölməyə üstünlük verib.
 
- Terrorçunun Türkiyə polisində işlədiyi aydın oldu. Bu da suallar doğurur...
 
- Demək, sadəcə, FETÖ deyil, digər sızıntılar da var. Bu da Türkiyənin nə qədər çətin bir mərhələni yaşadığını, vəziyyətin nə qədər həssas olduğunu bir daha göstərir. Türkiyəni bu dəfə içindən vurdular. 

- Qatilin “əl-Nüsra” cəbhəsi ilə əlaqələrinin olduğu iddiası doğrudurmu? 
 
- Yox. Onu ərəbcə söylədiyi şüarlara görə əlaqələndirirlər. Bu, fikri yayındırmaq üçün də ola bilər. Səfiri vurduqdan sonra “əl-Nüsra” cəbhəsinə yaxın olan şüarlar səsləndirib. Ardınca “Hələbi düşünün” deyib. Məncə, bu, bir növ fikri yayındırmaq üçündür, bunun arxasında daha ciddi mətləblər dayanır. 
 

“Müxtəlif terrorçu qrupların əli ilə Türkiyəyə qarşı müharibə başladılıb”

 
- Bu terror aktını bir insanın Hələbdəki qətliamlarla əlaqədar duyğusal anlarının məntiqi nəticəsi, yoxsa bir gəncin beyninin “yuyulması” və ora hansısa mətnin, tapşırığın yazılması kimi qiymətləndirmək olar?
 
- Təkrar edirəm: bu, ani bir çılğınlığın nəticəsi deyil, öncədən planlaşdırılmış bu hərəkətə gedən adam ölümünü də bilirdi. Hədəf də dəqiq idi. O qədər ciddi planlaşdırılır ki, tədbir keçiriləcək yerin yanındakı hoteldə qalır, çox şux geyinərək, xüsusi mühafizəçi kimi, vəsiqəsindən istifadə edərək gəlir. Davranışları sakit, səfirin yanında mühafizəçi kimi dayanır. Diqqət edirsinizsə, səfiri arxasından vurur. Putinin “kürəyimizdən bıçaqlandıq” fikrinə də sanki mesaj verir. Bunlar hamısı düşünülmüş, planlaşdırılmış addımlardır. 22 yaşlı gəncin təkbaşına belə soyuqqanlı bir qərar verməsi mümkün deyil. Hələbdəki hadisələrdən duyğulanmasına gəldikdə, bu şəxs polis təhsili alıb. Ona görə də, məncə, onun belə hadisələrdən həyəcanlanması istisnadır. Çünki əməliyyatlara gedən bir polisdir. 

- Qatilin 15 iyuldan sonrakı fəaliyyəti ilə bağlı şübhələr var. Elə isə dosyesi tam araşdırılmayan şəxs necə olub səfirin mühafizəsini həyata keçirib və rəsmi qurumlar da buna normal yanaşıb?
 
- Bu adam mühafizəçi təyin olunmayıb, özünü mühafizə kimi göstərib. Geyim tərzi və polis kimliyi ilə bundan faydalanıb.  Yenə deyirəm, bu, olduqca ciddi düşünülmüş, soyuqqanlı bir plandır. Sadəcə, səfirin haraya gələcəyini, nəyin necə olacağını bilib və soyuqqanlı bir şəkildə davranıb.

- Belə bir xəbər yayıldı ki, 6 gün əvvəldən rus səfirin mühafizəsinə cəlb olunub...
 
- Bilmirəm, onu deyə bilmərəm. Bunlar hamısı iddialardır. Rəsmi açıqlamalara diqqət etməyimiz lazımdır. Onun polis vəsiqəsinin saxta olduğu barədə də fikirlər var idi, ancaq təsdiqlənmədi. Rəsmi açıqlamalar olmadan nəsə  söyləmək doğru deyil. 

- Rusiya mətbuatı FETÖ - nun əlinin olduğu barədə versiyalara yer ayırdı. Nə dərəcədə ciddi ehtimaldır? 
 
- Vallah, FETÖ üzvü də ola bilər... Ancaq ondan başqa birisi də istifadə edə bilər. Çox açıq şəkildə belə bir terror aktının həyata keçirilməsi ondan xəbər verir ki, bu planın arxasında iki ölkənin münasibətlərini pozmağa yönəlik bir addım var. Hətta pozmaqdan da irəlidə ağır bir xəbərdarlıq var. 
 
- Bu hadisə rus qırıcısının vurulmasının ildönümündən az sonraya təsadüf etdi. O zaman təyyarənin vurulmasında üçüncü qüvvənin əlinin olduğu iddiaları da var idi. Hər iki hadisənin Türkiyə-Rusiya münasibətlərini pozmağa yönəldiyini nəzərə alsaq, olayların arasında hansısa əlaqə axtarmağa dəyərmi?

 
 
- Təyyarə olayı ilə səfirin öldürülməsi arasında böyük fərq var, bunlar ayrı-ayrı məsələlərdir. Birində Rusiyanın Türkiyənin hava məkanına daxil olması, burada isə ikili münasibətlərin yaxşılaşdığı dönəmində açıq-aşkar rus səfirin öldürülməsindən söhbət gedir. 

- Özü də Türkiyə tarixində bir ilkdir...
 
- Bəli, ilk dəfədir ki, Türkiyədə bir səfir öldürülür.  Baxmayaraq ki, tarixən türk diplomatlar terrora məruz qalıb və ən çox zərər görüblər. 

- Bu vaxta qədər Türkiyənin ən sabit guşələrində terror aktları oldu və indi də diplomatlar hədəfə alındı. Demək olarmı ki, bu terror aktı  Türkiyənin güvənsiz bir ölkə olaraq təqdimatı və iqtisadiyyatının tam çökdürülməsinə hesablanıb?
 
- Terror hadisələri əsasən bir ölkəni silkələmək və qorxutmaq üçündür. Amma bu gerçəklik var ki, terror Türkiyəni və türkləri qorxutmur, əksinə, daha da gücləndirir. Mən səfirin öldürülməsinin təbii ki, Türkiyənin imicinə böyük bir zərbə olduğunu düşünürəm. Amma o qədər bəsit hadisə deyil ki, qarşıdakı dönəmdə bütün münasibətləri korlasın. Bu, səfirin öldürülməsindən daha çox, ölkənin terrora münasibət məsələsində zəifliyini göstərir. Bu cür hadisələrin arxasında kənar güclərin olduğu aşkar görünür. Nə qədər Suriya və İraqda barış yoxdur, bu cür hadisələr təəssüf ki, davam edəcək. Həm daxildən, həm xaricdən qaynaqlanan terror mərkəzləri var. Bu bataqlıq qurudulmadıqca, onların terroru ilə üz-üzə qalacağıq. 

- Görünən budur ki, üçüncü qüvvələrin gözləntilərinin əksinə olaraq Rusiyadan soyuqqanlı və anlayışlı reaksiyalar verildi. Bu mənada ümid etmək olarmı ki, terror olayı Rusiya-Türkiyə əməkdaşlığını daha da gücləndirəcək? 
 
- Təyyarə hadisəsi ölkənin prestiji ilə bağlı məsələ idi. Amma səfirə qarşı terror hadisəsi artıq başqa məsələdir. Xüsusilə Suriya məsələsində birgə hərəkət edən iki böyük gücün anlaşmasını önləmək məqsədi güdür. Amma zənn etmirəm ki, buna nail ola biləcəklər. Hər iki ölkə təcrübəlidir, terrorun nə olduğunu yaxşı bilir. Belə hadisələrlə nə Rusiyanı, nə Türkiyəni qorxutmaq olmaz. 
 
- Moskvada Türkiyə, İran və Rusiya XİN başçılarının Suriya müzakirələrindən hansı nəticəni gözləyirsiniz? 
 

“Azərbaycanın da buna hazırlıqlı olması lazımdır”

 
- Mən ilk görüşdə ciddi bir anlaşmanın əldə olunacağını düşünmürəm. Amma  ən azı terror məsələsində daha geniş müzakirələrin aparılacağını, ortaq fikrilərin olacağını düşünürəm. 
- Rusiya və Türkiyə İraq və Suriyadakı terrorçulara qarşı birgə əməliyyatlara başlaya bilərmi?
 
- Mümkündür. Amma burada bir məsələ var. Rusiya Əsəd rejimini, ona bağlı şiələrdən olan qrupları dəstəkləyir, Türkiyə isə sağlam müxalifət deyilən qrupları müdafiə edir. Bu anlaşmadan sonra kimlərsə özlərinin satılmış və əzilmiş olduğunu söyləyə bilər. O baxımdan görək nələr olacaq.

- Dekabrın ilk həftəsində rəsmən elan olundu ki, Rusiya təbii qazının Türkiyəyə nəqlini nəzərdə tutan “Türk axını” qaz boru kəmərinin Qara dənizdən keçəcək hissəsinin tikintisinə 2017-ci ilin ikinci yarısında başlanılacaq. Elə bunun ardınca qardaş ölkədə üç dəhşətli terror olayı baş verdi...
 
- Mən bu hadisələrin qaz kəməri ilə əlaqəsinin olduğunu zənn etmirəm. Amma təbii ki, tam istisna da deyil. Məncə, bu işin arxasında Suriya məsələsindəki barış və anlaşma, xüsusilə də Hələb məsələsi dayanır. Çünki bu anlaşma nəticəsində ordakı bütün qüvvələr sıradan çıxmış olur. Rusiya və Türkiyə anlaşırsa, İran da başqa çarəsi olmadığı üçün prosesə qatılırsa, bölgədə fərqli durum yaranacaq. Rusiya və Türkiyənin səyləri nəticəsində Hələbdən çoxsaylı insanları xilas etmək mümkün oldu. Türkiyə Suriyada çox böyük işlər gördü. Xüsusilə də Hələb məsələsində. Burada bir məsələni də unutmamaq lazım. Hələbdəki bəzi güclər Türkiyənin onları satdığını düşünə bilər. Onların Türkiyəyə qarşı istifadə olunması məsələsi də gündəmə gələ bilər. Bu da sadə məsələ deyil. Almaniya kimi bir ölkədə yük maşını ilə Berlinin ən təhlükəsiz yerində terror aktı həyata keçirdilər. Dünya artıq güvənli halından çıxıb, tək Türkiyə deyil. Bir məsələni də bilmək lazımdır.  
 
Bu terrorun növləri də dəyişir, libası da. Yəni gözləmədiyimiz şəkillərdə, daha incə, düşünülmüş şəkildə ortaya çıxır. 15 iyul hadisəsini unutmayaq. Kim deyə bilərdi ki, türk ordusu öz xalqını vuracaq, təyyarələr Milli Məclisi bombalayacaq? 
 
Amma gördünüz nə baş verdi, bu da bir terror hadisəsidir. Yəni sima, qoyulan bombaların texnologiyası dəyişir. Terrorçuların da çalışması üçün geniş imkanlar var. Suriyadakı olaylar bitərsə, oradakı bir çox terrorçuların geri dönüşü nəticəsində həmin ölkələrin daxilində də təhlükələr ortaya çıxacaq. Artıq terror internet üzərindən idarə edilir, bir növ beynəlxalq idarəçilik halına gəlir. Yəni adam Avropada, yaxud Orta Şərqdə oturub, Allah qorusun, Azərbaycandakı əməliyyatı idarə edə bilir. 
 
Yaxud Rusiyadan kimlərinsə terror təşkilatına qatılmasını təşviq edir. O mənada bu və ya digər ölkə terrorla mücadilədə zəifdir, müzakirə yerinə, bütün ölkələrin terrorla mübarizədə güclərini birləşdirməsi zəruridir. Odur ki, Azərbaycanın da diqqətli olması və buna hazırlıqlı olması lazımdır. Bunlar çox ciddi məsələlərdir. Reallıq budur ki, müxtəlif terrorçu qrupların əli ilə Türkiyəyə qarşı müharibə başladılıb. Açıq şəkildə müharibə gedir. PKK-nı kim müdafiə edir? Avropa. Bizə deyirlər terrorçularla bağlı qanuna düzəliş edin. İndi görək özləri nə edəcək? Necə olur ki, Avropa Parlamentində terrorçu olaraq tanınmış bir təşkilatın sərgisi təşkil edilir?'
YM