|
“Azərbaycanın xüsusi xidmət orqanları Türkiyəyə yardım etməlidir”
"Zənnimcə, Türkiyə təhlükəsizlik məsələsində xarici yardıma ehtiyac duyur və Azərbaycanın gizli xidmət orqanları Türkiyənin daxili təhlükəsizlik məsələsinə yardım üçün kadrlarla köməklik göstərməlidir".
 
Yeni Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun sui-qəsd nəticəsində öldürülməsinə münasibət bildirib. AXCP sədri səfirin öldürülməsinin ard-arda baş verən terror aksiyalarının fonunda baş verməsinə diqqət çəkib: 
“Qardaş ölkədə yüzlərlə insan həyatını xaincəsinə düzənlənən terror partlamaları ucbatından itirir. Bir daha şəhid olan ailələrə başsağlığı verir və Türkiyəyə əmin-amanlıq arzulayıram. Kaş əlimizdən nəsə gələ və terrorun qarşısını ala bilək.
 
Rusiya səfirinin öldürülməsi də böyük faciədir və qardaş ölkənin başını yeni bəlaya soxmaq cəhdidir. Bu həm də planlaşdırılan Türkiyə, Rusiya və İran danışıqlarını dayandırmaq cəhdidir.
Səfir Andrey Karlovun da yaxınlarına başsağlığı verir və Rusiya dövlətinə də terrora qarşı mübarizədə dəstək olduğumuzu bildirmək istəyirəm. Ümid edirəm ki, Rusiya dövləti bu faciəni atlayacaq və Türkiyə ilə münasibətlərinə xələl gətirməyəcək”.
 
Bu məsələ vacib bir nüansı da ortaya gətirir, deyən Razi Nurullayev əlavə edib ki, qardaş ölkədə təhlükəsizlik orqanları çox zəif işləyir və bacarıqsızlıq nümayiş etdirirlər:
“Türkiyə kimi həssas bir ölkədə güclü şəkildə daxili agentura şəbəkəsi olmalıdır. Bu isə yoxdur. Bu qurum o qədər güclü və çevik olmalıdır ki, gözdən tük çəkməlidir.
 
Zənnimcə, Türkiyə təhlükəsizlik məsələsində xarici yardıma ehtiyac duyur və Azərbaycanın gizli xidmət orqanları Türkiyənin daxili təhlükəsizlik məsələsinə yardım üçün kadrlarla köməklik göstərməlidir. Bir ölkədə dalbadal terror baş verirsə, ciddi yardım göstərilməsi vacibdir”.
cia.az