|
Rusiya və İranı niyə sevmirik...
Azərbaycan xalqında qonşu dövlətlərdən Rusiya və İrana qarşı daim oxşar münasibət mövcuddur. Baxmayaraq ki, Azərbaycanın ən yaxın əlaqələri olduğu dövlətlər sırasında Rusiya və İran ön sıralarda dayanır, vətəndaşlarımız müalicə üçün daha çox İran səhiyyəsinə, iş üçün isə şimal qonşumuza üz tuturlar.
 
Amma bu amillər xalqımızın bu ölkələrə olan münasibətini yaxşı mənada dəyişmir. Ekspertlər mövcud situasiyanı bir neçə istiqamətdə dəyərləndirirlər. Əsas fikirlərdən biri kimi Azərbaycan iki hissəyə, yəni cənub və şimala bölünməsində bu iki ölkənin baş rolda çıxış etmələri göstərilir. Bundan əlavə, iki əsr Rusiyanın əsarətində olmağımız və bu əsrlər ərzində başımıza gələn faciələr də bu ölkəyə qarşı mənfi münasibətdə  başlıca amil kimi dəyərləndirilir. Son olaraq da, Dağlıq Qarabağ problemi önə çəkilir. Belə ki, müstəqillik illəri ərzində Rusiya və müsəlman ölkəsi olmasına baxmayaraq İran Ermənistanın yanında daha çox olmağı üstün tutdu.
 
Politoloq Natiq Miri hesab edir ki, Rusiya və İrana qarşı münasibət xalqımızın tarixi yaddaşı ilə bağlıdır: “Azərbaycanın iki hissəyə parçalanmasının əsas səbəbkarlarından biri  Rusiyadır. Ayrıca bütün zamanlarda Rusiya ölkəmizə qarşı ədalətli mövqedən çıxış etməyib. Yalnız siyasəti Azərbaycanı əsarət altında saxlamaq, əzmək, yeraltı və yerüstü sərvətlərini talamaqdan ibarət olub. Bu da xalqımızın istismar olunması və qanının axıdılmasına səbəb olub. 71 il Azərbaycan Rusiyanın əsarəti altında olub. İkinci Dünya Müharibəsində Azərbaycanın yardımları olsa da, heç bir üstünlük qazanmadıq. Əksinə SSRİ dağılanda ölkəmizə süni sürətdə Dağlıq Qarabağ problemi yaradıldı. Problemin də əsas səbəbkarı Rusiyadır. Ayrıca SSRİ dağılmaq ərəfəsində olanda xalqımıza 20 Yanvar faciəsi yaşadıldı. Bunu bütün dünya bilir. Dağlıq Qarabağ problemi hələ də mövcuddur və yaxın 10 ildə bunun həlli müşkülə çevrilib. Bütün bu hadisələr xalqımızın yaddaşına birdəfəlik həkk olunub. Genetik olaraq, bu hadisələr yaddaşlarımıza elə həkk olunub ki, bunu yaddaşımızdan çıxarmaq mümkün deyil. Ona görə də hər bir Azərbaycan türkü Rusiya adını eşidəndə dağıdıcı bir ölkə olduğunu, Azərbaycana qarşı ədalətsiz mövqe tutduğunu düşünür. Bu da Rusiyanın özündən doğan ciddi səbəblərdir. Bu baxımdan Rusiya öz siyasətinə əl gəzdirməlidir. Dağıdıcılıqla, ədalətsizliklə bir xalqdan özünə qarşı müsbət heç nə ala bilməzsən”.
 
N.Miri eyni münasibətin İrana da sərgilənməsinə mövqe bildirdi: “Azərbaycanın parçalanmasına səbəb olan iki ölkədən biri də İrandır. Ərazimizin böyük hissəsi, 35 milyondan çox azərbaycanlı hazırda fars rejiminin əsarəti altındadır. Bütün bunlar yaddaşlara həkk olunduğundan bu ölkələrə münasibət birmənalıdır. Rusiya və İran siyasətini dəyişməyincə, Azərbaycan xalqından xoş münasibət görməyəcəklər. Ermənistan vazkeçilməz ölkə deyil. Sadəcə strateji, geo-siyasi mövqeyinə görə əhəmiyyətlidir. Bu dövlət ona görə yaradıldı ki, iki türk dövləti arasında əngəl olsun”.
 
Politoloq Qərb dövlətlərinə olan münasibətə də toxundu: “Bir millətin tarixi qan yaddaşı ona olan münasibətdən formalaşır. Bu gün Amerika və inkişaf etmiş digər demokratik Avropa ölkələri Azərbaycana yönəlik hər hansı bir plan hadisələri ilə mövcud deyillər. Bunu millət xatırlamır. Ona görə də bu ölkələr nifrət obyektinə çevrilə bilmirlər. Məsələ buradan qaynaqlanır. Bugünkü Rusiya və İranda olan idarəetmə rejimlərinə də diqqət yetirmək lazımdır. Hər iki ölkədə yaşayan xalqlar bu rejimlər tərəfindən ciddi istismara məruz qalırlar. Kimisi din pərdəsi adı altında, kimisi də avtoritar rejim tərəfindən inləyir. Bu millət Qərb dünyasında bunları müşahidə etmir. İnkişaf etmiş demokratik rejimlərdə əsas faktor insandır. Amma Rusiya və İranda belə deyil. Bu baxımdan Qərb dünyasına münasibət tamam fərqlidir”.
cia.az