ABŞ-ın yeni prezidenti Donald Trampın təşkilatı Azərbaycan və Braziliyada bağladığı lisenziya müqavilələrini bitirdiyini elan edib. Tramp təşkilatının icraçı vitse-prezidenti Alan Garten CNN-ə müsahibəsində müqavilələrin kəsilməsini “ev təmizliyi” adlandırıb. Ümumilikdə Tramp təşkilatı üç lisenziya müqaviləsini - Bakıda bir otel və Rio de Janeyroda bir otel və 5 binalı ofis kompleksini dayandırır.
Qeyd edək ki, düz bir ay sonra Donald Trampın inauqurasiya mərasimi olacaq və o, ABŞ prezidenti kimi vəzifəsinin icrasına başlayacaq. Bəs Azərbaycan iqtidarı Trampla necə anlaşacaq? Trampla anlaşmaq və işləmək Bakı üçün asan olacaqmı?
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bildirdi ki, Donald Trampın Azərbaycanla münasibətlərə həssas yanaşacağını, yeni formalaşacaq adminstrasiyanın Azərbaycan hökuməti ilə işgüzar münasibətlərdə olacağını düşünür: “Trampın seçki kampaniyası dövründə verdiyi bəyanatlar, Azərbaycan prezidenti ilə telefon danışığında səsləndirdiyi fikirlər belə düşünməyə əsas verir. Trampın komandasında təmsil olunan şəxslər postsovet məkanını və Cənubi Qafqaz regionunu yaxşı tanıyır, proseslərə praqmatik maraqlar müstəvisindən yanaşırlar. Obama və Hillari cütlüyünün yürütdüyü siyasət ”Amerika demokratiyası"nı tamamilə gözdən salıb və bu populist nəzəriyyə nəinki Şərqdə, hətta əksər Qərb dövlətlərində ikrah hissi doğurur. Çox güman ki, Tramp adminstasiyası “demokratiya hakimi” funksiyasını yerinə yetirmək kimi boş və perspektivsiz fəaliyyətlə məşğul olmayacaq. Respublikaçılar öz ənənəvi siyasətlərini davam etdirəcəklər. Bu isə sırf işgüzar münasibətlər və maraqlar üzərində qurulan siyasətdir. Tramp iş adamıdır və qarşısına Amerika iqtisadiyyatını dirçəltmək, Birləşmiş Ştatların iqtisadi gücünü ən yüksək həddə çatdırmaq məqsədi qoyub. Bu isə öz növbəsində imkan yaradır ki, Vaşinqton ənənəvi tərəfdaşları ilə əlaqələrini gücləndirsin, rəqiblərini neytrallaşdıra biləcək iqtisadi prosesləri stimullaşdırsın. Qənaətimə görə, Tramp adminstrasiyası bunun üçün artıq sınaqdan keçmiş Cənubi Koreya modelinin daha geniş miqyasda tətbiqinə səy göstərəcək. Bu isə şübhəsiz ki, Azərbaycan üçün də əlverişlidir.
Bu baxımdan da Tramp və onun komandasının üzvləri ilə anlaşmaq çətin olmayacaq. Praqmatik maraqlardan çıxış edən tərəflər adətən çox asanlıqla dil tapır və ortaq məxrəcə gələ bilirlər".
Yeni AXCP-nin sədri Razi Nurullayev bildirdi ki, Azərbaycan iqtidarı üçün əvvəlki dönəmlərdə də respublikaçılarla işləmək demokratlarla işləməkdən daha rahat olub: “Yeni seçilmiş prezident Trampla da işləmək ən azından Obama administrasiyası ilə işləməkdən daha asan olacaq. Donald Trampın xarici siyasətini ”Exxon Mobil" neft şirkətinin artıq sabiq sədri Reks Tillerson dövlət katibi olaraq yürüdəcək və təbii ki, onun da Azərbaycanla əlaqəsi olub, ölkəmizdə bir çox insanları şəxsən tanıyır. Bu şəxsi tanışlıq da münasibətlərin qurulmasında müəyyən rol oynayacaq. Trampın özü də Azərbaycanla tanışdır və burada biznes maraqları olub. Prezident seçiləndən sonra da Azərbaycan prezidenti ilə telefonla danışıb. Bu da Azərbaycanın müstəqillik tarixində bir ilkdir".
R.Nurullayevin fikrincə, bütün bunlara rəğmən demək olmaz ki, Tramp və onun iqtidarı bütün məsələlərdə Azərbaycan iqtidarının yanında olacaqlar və tənqid səsləndirməyəcəklər: “ABŞ-da hökumət idarəçiliyi əsrlərin ənənəsinə əsaslanır və hər qurumun öz işi var. Heç kim də onlara fərdi və kollektiv təzyiq göstərmək iqtidarında deyil. Bu baxımdan ABŞ-ın demokratik təsisatları, o cümlədən ABŞ Dövlət Departamenti əvvəlki qaydada Azərbaycanda monitorinqlərini davam etdirəcək və hesabatlarını açıqlayacaq. Ümid etmirəm ki, bu hesabatlar da Azərbaycan iqtidarının ürəyindən xəbər verəcək. Lakin Azərbaycan iqtidarı və digər ölkələr xətircam ola bilərlər ki, Tramp dönəmində ABŞ rəngli və rəngsiz inqilablar etmək niyyətinə düşməyəcək”.
Cia.az
