|
Netanyahunun Bakı səfəri Ruhaninin İrəvan ziyarətini tezləşdirə bilər?
Ötən həftə İsrailin baş naziri Benjamin Netanyahunun Bakı səfəri reallaşdı. 7 saatlıq səfər qonşu İranda ciddi etirazla qarşılandı. Rəsmi Tehran iddia etdi ki, son illərdə İran və Azərbaycan arasında əlaqələrin yüksək səviyyəyə çatması İsraili narahat etdiyindən, bu əlaqələrə zərbə vurmaq üçün Netanyahu Bakı səfərini reallaşdırıb. 
İsrailin baş nazirinin ölkəmizə səfərinin İran prezidenti Həsən Ruhaninin Ermənistan səfərini tezləşdirəcəyi deyilir. Aylar öncədən İran rəhbərinin düşmən ölkəyə ilin sonunadək səfər edəcəyi barədə xəbərlər yayılsa da, görünən odur ki, bu günə qədər bu səfər reallaşmayıb. 
Politoloq Qabil Hüseynli Netanyahunun Bakı səfərinin Ruhaninin Ermənistana səfərini tezləşdirəcəyi ilə bağlı deyilənlərlə razı deyil: “Əvvəla onu bildirim ki, İsrailin baş nazirinin ölkəmizə səfərindən İranın qıcıqlanmağının heç bir əsası yoxdur. Azərbaycan suveren dövlətdir. Öz xarici siyasətini müstəqil şəkildə qurur. Bu zaman öz dövlət maraqlarını qoruyur, problemlərinin, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasətini qurur. Bu səfər heç bir dövlətin əleyhinə deyil və ola da bilməz. Bizi İranla tarixi ənənələr, bir sıra əlaqələr birləşdirir. Bu baxımdan Netanyahunun Bakı səfərinin İranda etiraz doğurmasını əsassız sayıram. İranın Ermənistanla əlaqələri ən kritik dönəmlərdə belə səngiməyib.
Azərbaycan Ermənistana blokada tətbiq etdikdən sonra bizi yalnız Türkiyə dəstəklədi, sərhədlərini bağladı, digər məhdudlaşdırıcı addımlar atdı, hətta Gürcüstanın düşmən ölkə ilə əlaqələrini minimuma endirdi. Amma İranın Ermənistanla iqtisadi əlaqələrini daha da gücləndirməsi bir növ təcavüzkar ölkə üçün nəfəslik rolunu oynadı. Bu nəfəsliyin hesabına Ermənistan tam boğulmaqdan xilas oldu. İran əgər dostluğa sədaqətli idisə, müsəlman ölkəsi olan və torpaqları işğal olunan Azərbaycanı müdafiə etməli idi. Amma bunu nəinki etdi, hətta daha çox Ermənistanın tərəfində durdu. Belə demək mümkündür ki, İran Ermənistanın tərəfində durmaqla bir növ onun qələbə çalmasına yardım etmiş oldu. İndiyə qədər İran Azərbaycanla münasibətlərdə sona qədər səmimi olmayıb. Ölkəmizin inkişafından narahatlıq hissi keçirib. İranla Ermənistan əlaqələri yüksək səviyyədədir və bu şəkildə də davam etməkdədir. Güman edirəm ki, yaxın vaxtlarda Ruhaninin Ermənistana səfəri reallaşacaq. Onsuzda əvvəlcədən bu səfər nəzərdə tutulurdu”.
cia.az