|
Yol xəritəsindəki 27 milyardı hökumət haradan tapacaq?
Hökumətin bir neçə gün əvvəl açıqladığı iqtisadi yol xəritəsində islahatların həyata keçirilməsi üçün 27 milyard manat vəsaitin lazım olduğu vurğulanıb. Maraqlıdır, hökumət bu qədər vəsaiti haradan tapacağına əmindir? Ekspertlər musavat.com-a bu məsələ ilə bağlı danışıblar.
 
Ekspert Vüqar Bayramov bildirib ki, 27 milyard olduqca böyük rəqəmdir və hökumət tapacağı mənbələri açıqlamalıdır: “Nəzərə almaq lazımdır ki, bu, qısa müddətdə, bir ildə həyata keçiriləcək investisiya deyil. Yol xəritəsindəki hər bir fəaliyyət, ona ayrılan maliyyə müəyyənləşib. Sonda bu vəsaitdən istifadə səmərəli oldu, yoxsa yox, bunu araşdırmaq, səmərəli olmadısa, səbəblərini araşdırmaq, nəticələri qiymətləndirmək mümkün olacaq. Amma 27 milyard böyük rəqəmdir. Xərc qoymadan islahat aparmaq mümkün deyil. Bu vəsaitin tapılması asan deyil. İndiki dövrdə hökumətin ”Cənub Qaz Dəhlizi"ndə öhdəlikləri var, son dövrlərdə hökumət beynəlxalq maliyyə qurumlarından vəsaitlərin cəlb edilməsinə çalışır. Bu istiqamətdə də müəyyən addımlar atılır. Həm də CQD-nin reallaşması üçün belə maliyyə qurumlarından kredit cəlb edir. 
Düşünürəm ki, mənbələrin dəqiqləşdirişməsinə ehtiyac var. Elə istiqamətlər var ki, həmin istiqamətləri hətta hökumət real sektorun canlandırılması üçün rezerv ehtiyatlarından belə istifadə edə bilər. Xüsusən də kiçik və orta sahibkarlığın dəstəklənməsi, onlara güzəştli kreditlərin verilməsi üçün rezervlərin bir hissəsinin gətirilməsi və banklarda konversasiya edilərək kiçik və orta sahibkarlara güzəştli şərtlərin təklif edilməsinin tərəfdarıyam. Bununla bağlı təkliflərimi 2015-ci ildə hökumətə təqdim etmişəm. Kiçik və orta sahibkarlığın canlandırılması vacibdir. Amma onların imkanları məhduddur. Güzəştli kredit almalıdır ki, maliyyə imkanlarını genişləndirə bilsin. O baxımdan da birmənalı şəkildə real sektor vəsait tələb edir. Kiçik və orta sahibkarlıqla bağlı strategiyada nəzərdə tutulan fəaliyyətlərin reallaşması üçün dövlət mənbələrindən istifadə edilə bilər. Dövlətdənkənar mənbələrdən istifadə imkanlarına da baxılmalıdır. İndiki məqamda ölkənin nisbətən yüngül şərtlərlə kredit almaq imkanları məhduddur. Çünki Azərbaycanın kredit reytinqi aşağı düşüb. Əvvəlki dövrlərdə əgər aşağı faizlə borclanma mümkün idisə, indiki halda bu, praktik olaraq mümkün deyil. Ona görə də borclanmaya gediləcəyi halda da faizlər yüksək olacaq. Ona görə də dövlət çalışmalıdır ki, maliyyə mənbəyi iqtisadiyyatın özündə yaransın. Bu gün bir sıra fəaliyyətlərin reallaşması üçün investorların cəlb edilməsi mümkündür. Ən faydalı və ən uyğun yoldur. İqtisadiyyatı inkişaf etdirəcək sektor sahibkarlardır. Bundan başqa, ciddi struktur islahatları, kadr islahatları aparılmalıdır“.
Ekspert Natiq Cəfərli də musavat.com-a deyib ki, 27 milyard manatın tapılması asan məsələ deyil: “Əslində hökumət bir suala cavab verməlidir ki, son illər ölkəyə daxil olmuş 136 milyard dollarlarla belə vəziyyətə düşmüşüksə, vəziyyətdən çıxmaq üçün 27 milyard bəs edəcəkmi? Bu, necə xərclənəcək, hansı layihələrə xərclənəcək? Bu sualın cavabı çox vacibdir. Çünki yanaşma dəyişməsə, idarəetmə fəlsəfəsi dəyişməsə, düşünürəm ki, bununla bağlı problemlər yaşanacaq. Borcun, 27 milyardın tapılmasına gəldikdə isə, hətta görünən odur ki, hökumətin hədəfi böyük maliyyə institutları ilə danışıqlar aparıb, ciddi borclanmaya getməkdir. Artıq bir neçə belə iri borc layihələri ilə bağlı danışıqlar gedir. Bəziləri yekunlaşıb. Məsələn, Asiya İnkişaf Bankından 1,5 milyard, Avropa Yenidənqurma və İnkişaf Bankından 1,7 milyard dollar borcun alınması yaxın zamanlarda mümkün olacaq. Bütün maliyyə institutları ilə, o cümlədən Dünya Banklı ilə də, Beynəlxalq Valyuta Fondu ilə də danışıqlar gedir. Düşünürəm ki, əsas hədəf məhz elə bu danışıqlar yolu ilə, borlcanma yolu ilə əldə olunan vəsaitin yol xəritəsində olan hədəflərə xərclənməsidir, bu, nəzərdə tutulub. Amma idarəetmə fəlsəfəsi dəyişmədən, ciddi problemlər olacaq. Vəsait tapılsa belə, effekt verəcəyi haqqında indən fikir söyləmək çox çətindir”.
Cia.az