|
Azərbaycanda illərdir boş qalan vəzifələr...

Azərbaycanda artıq 8-ci ildir ki, dövlət orqanlarını kadrlarla Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) təmin edir. Qayda belədir ki, kadra ehtiyacı olan qurum komissiyaya müraciət edir. Komissiya vakansiya elan edib, müraciət edən şəxsləri öncə test imtahanından, sonra isə müsahibədən keçirir. Lazımi balı yığan şəxslər müvafiq dövlət qurumuna göndərilir.

Amma zaman-zaman təcrübədə belə bir problem yaranır ki, komissiyanın göndərdiyi şəxsi dövlət qurumu işlə təmin etməkdən imtina edir. Həmin dövlət qurumu müqavilə ilə digər bir şəxsi o vəzifəyə götürür, vakansiya isə boş qalır. Komissiyanın müsabiqəsi və müsahibə mərhələsindən keçənlər isə ehtiyat kadr kimi qeydə alınır. Bəzən bu kadrlar oturub illərlə öz növbələrini gözləməli olurlar. Azərbaycanda bu sahədə bir qaydasızlıq, nəzarətslik, boşluq var. Və bu boşluq artıq illərdir ki, özünə yer aça-aça dərinləşməkdədir. Əslində, kadrlar işə götürülərkən şəffaflıq və rahatlıq təmin olunsun deyə yaradılan Komissiyanın fəaliyyəti qənaətbəxşdirmi? Komisisyanın dövlətin kadr ehtiyatına verdiyi tövhə nədən ibarətdir? Komissiyanın ehtiyat kadrları dövlət qulluğuna necə götürülür və ya niyə götürülmür?

Bütün bu suallaa aydınlıq gətirmək üçün “Qafqazinfo” kiçik bir araşdırma aparıb.

DQMK yarandığı vaxtdan bəri 16 müsabiqə keçirib. Keçirilən müsabiqələr nəticəsində uğur qazanan 5518 nəfər dövlət orqanlarında analoji vakant vəzifələrə təyin olunmaq üçün dövlət orqanlarına təqdim ediliblər. Həmin 5518 nəfərdən 4768-i dövlət orqanlarında vakant vəzifələrə təyin ediliblər”.