Son günlərdə Tarif Şurasının qaz və elektrik enerjisi ilə bağlı qərarının ləğv edilməsi ilə bağlı müxtəlif şayiələr yayılıb. Məlumatlarda bildirilir ki, xalqın narazılığına səbəb olan işıq və qazın bahalaşmaması ilə bağlı yuxarı səviyyədə tapşırıq verilib. Yayılan şayiələrin müşahidəsi onu göstərir ki, bu əsasən ölkənin ən informasiyasız təbəqəsinə hesablanmış texnologiyadır.
Ümumiyyətlə, hər gün dünya mətbuatında, ölkədə müxtəlif şayiələr peyda olur. Əvvəlcə gizlin xəbərlər şayiələr şəkilində ictimaiyyətdə, sosial şəbəkələrdə, daha sonra tez bir zamanda mətbuatda yayılmağa başlayır. Buna bəzən şayiələrin yayılma texnologiyası da deyirlər. Bəs bu texnologiyadan niyə və necə istifadə olunur?
Politoloq Natiq Miri mövzuya bu cür şərh verdi: “Əslində bu praktika bütün dünyada var və xüsusilə də Sovet İttifaqında xüsusi xidmət orqanlarının başında duran “KQB”-nin metodlarından biridir. Adətən bu cür şayiələr vasitəsi ilə ictimai rəyi, ictimai şüuru çox asanlıqla idarə edə bilirlər. Azərbaycanda da tətbiq olunan əslində bundan başqa bir şey deyil. Bilirsiz ki, insanlarda “yeməkdənsə ümid daha yaxşıdır” deyə bir anlam var. İnsanlar daha çox ümidlə yaşamağı sevirlər. Xüsusilə də ən sonda ümid öldüyü üçün də bu cür şayiələr yaymaqla müəyyən zaman qazanılır, ictimai rəydə “hər şey yaxşı olacaq” təəssüratı yaradılır. Əslində məqsəd budur. Bununla da ictimai rəyi idarə etdiklərini düşünürlər. Lakin bu da uzun müddətli ola bilmir. Çünki ortada konkret müsbət nəticələr olmadıqca və insanların rifah halı dəyişmədikcə, ictimai şüurda mənfi reaksiyaya çevrilir. Çünki insanlar düşünəndə ki, bu ümid də sona çatıb və hər hansı bir gələcəklə bağlı müsbət perspektiv yoxdur, öz içərilərində yığılıb qalmış mənfi enerjini zahirə çıxartmağa məcbur olurlar və bu da çox ciddi sosial etirazlarla müşahidə olunur. Bu gün Azərbaycanda da müşahidə olunan da budur. Hər zaman guya hansısa fövqal bir gücün müsbət mənada addımlar atacağı görüntüsünü və ümidini yaratmaqla cəmiyyətdə zaman qazanmağa çalışırlar”.
Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd etdi ki, şayiələrin yayılma psixologiya elmində çoxdan istifadə edilən metodlardan biridir:
“Yəni, bu mexanizmlər elmi olaraq əsaslandırılıb. Və keçən əsrin ortalarından başlayaraq Amerikada və digər ölkələrdə istifadə olunur. Hazırda bizim ölkədə də bu texnologiyaya yiyələndikcə çalışırlar ki, istifadə etsinlər. Burda bəli, bəzən insanlar arasındakı həyəcanı sakitləşdirmək üçün bu cür vasitələr müsbət rol oynayır. Ola bilsin ki, bununla bağlı kiminsə tövsiyəsi, istəyi əsasında belə bir texnologiya həyata keçirilib. Amma deyə bilmərik ki, hər dəfə bu kimi şayiələrin arxasında kimlərsə dayanır. Ola bilər ki, doğrudan da belə bir hadisə gözlənilir və şayiələrlə insanların reaksiyaları yoxlanılır. Bu işlərdə bir qədər incəliklər var və bu incəliklər müxtəlif zamanlarda müxtəlif şəkillərdə ola bilər. Əslində indiki vaxtda problemlərin həlli yollarını tapmaq lazımdır”.
cia.az
